'Quranda islami təfəkkür tezisi' kitabı - 24-cü məclis

'Quranda islami təfəkkür tezisi' kitabı - 24-cü məclis

24-cü məclis: DÖRDÜNCÜ BÖLMƏ: VİLAYƏT

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 
 

DÖRDÜNCÜ BÖLMƏ: VİLAYƏT

 

İYİRMİ DÖRDÜNCÜ MƏCLİS

 

İSLAM ÜMMƏTİNİN ƏLAQƏLƏRİ

 

 

Cümə günü – 1974-10-12

Ramazan ayının 25-i.

 

 

بسم الله الرحمن الرحيم

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاء بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ. فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ فَعَسَى اللّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُواْ عَلَى مَا أَسَرُّواْ فِي أَنْفُسِهِمْ نَادِمِينَ

Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) həmrəy və dost tutmayın! Onlar bir-birilə həmrəy və dostdurlar. Sizdən kim onlarla əlaqə qursa, şübhəsiz, o da onlardandır. Həqiqətən, Allah zalım tayfanı hidayət etməz! Qəlblərində mərəz (və xəstəlik) olanların onlara (din düşmənlərinin cəbhəsinə) tərəf tələsdiyini görərsən. Onlar (Bəhanə gitirib) deyəcəklər: “Bizə bir fəlakət üz verməsindən qorxuruq! Ümid var ki, Allah (möminlərə) bir zəfər gətirsin və yaxud Öz tərəfindən elə bir iş qursun ki, onlar qəlblərində gizlətdiklərindən peşman olsunlar!

“Maidə” surəsi, ayə 51-52.

 

 

Bəhsə başlamazdan öncə Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisi möhtərəm dostlar və qardaşların diqqətinə çatdırmaq istəyirəm. Bu hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurur:

رَحِمَ اللهُ امرَءً عَمِلَ عَمَلاً فَاَتقَنَه

“İşini möhkəm görən şəxsə Allah rəhmət etsin.”[1]

Yəni, insan hansısa bir işə başladıqda, ehtimal və təhlükələri də nəzərə almalıdır. Nə yaxşı olar ki, insan işə başlamazdan öncə ehtimal verdiyi təhlükələr haqqında da düşünsün. Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin bir xütbəsində elə bu mətləbə işarə edərək buyurur: “Mən ovçunun ovuna tuş gələn yatmış heyvan (kaftar) kimi deyiləm.”[2] Əksinə, gələcəkdə baş verə biləcək hadisələri anlayıb analiz etmək üçün keçmişdə baş vermiş hadisələrdən təcrübə olaraq istifadə edirəm.

Bu hədis həyatımızın bütün sahələrində keçərli ola biləcək bir dərsdir. Odur ki, gələcək üçün keçmişin təcrübəsindən bəhrələnməli, qarşıya çıxacaq hadisələrin hesabını da aparmalıyıq.

İndi isə ötən məclisimizin xülasəsinə bir nəzər yetirək. Bəhs olduqca genişdir. Mən lazım bildikcə, bəzi məsələləri şərh edəcək və bu mövzunu da bir-iki məclisə aydınlaşdırıb yekunlaşdıracağam. Bir sözlə, vilayət bəhsinin davamında qeyd etməliyik ki, “İslam” adı ilə təşkil olunan ümmət və cəmiyyət ilahi qanunlar, ilahi təfəkkür tərzi və ilahi qüdrət vasitəsi ilə idarə olunan bir ümmət və cəmiyyətdir. Biz buna “İslam ümməti” deyirik. İslam ümməti Qurani-Kərimin buyurduğu mənada vilayətə sahib olmaq və onu təmin etmək istəyirsə, iki konsepsiyaya mütləq riayət etməlidir: Biri İslam cəmiyyətinin daxili, digəri isə xarici əlaqələri, yəni İslam ümməti və cəmiyyətinin digər cəmiyyətlərlə münasibətlərindən ibarətdir.

Daxili əlaqələr konsepsiyasında İslam ümməti bütün qövmlər və tayfalar arasında vəhdət, birlik, həmrəylik və sıx bağlılığı təmin etdiyi, böyük İslam ümməti arasında ixtilaf olmadığı və onun daxilində müxtəlif cərgələrin yaranmadığı zaman vilayətə sahib olur.

Əgər İslam ümmətinin daxilində iki zümrə bir-birilə döyüşə qalxarsa, fərz edin ki, İslam məmləkətinin şərqindən bir dəstə şimal-şərqindən başqa bir dəstə ilə müharibəyə başlayarsa, Quranın əmrinə əsasən, digər müsəlmanların vəzifəsi onların arasında sülh və barışıq yaratmaq, döyüşə son qoymaqdır. Əgər bir-birilə döyüşən bu iki dəstədən birinin sülhə razılıq verdiyini, digərinin isə razılıq vermədiyini, yaxud bir tərəfin zor tətbiq etdiyini və haqqa təslim olmadığını, o biri tərəfin isə haqlı olduğunu gördükdə, bütün İslam dünyası əl-ələ verib zor tətbiq edən tərəfi susdurmalı, onunla döyüşüb onu təslim olmağa vadar etməlidir.

Qurani-Kərimdə buyurulur:

وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri digərinə təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana (Onun əmrini qəbul edənə) qədər vuruşun.[3]

İslam cəmiyyətinin daxilində birlik və həmrəyliyin qorunması ilə bağlı Allahın əmri budur!

Xarici əlaqələrə gəldikdə isə İslam dünyası və İslam ümməti qeyri-müsəlman dünyası ilə əlaqələrini elə tənzimləməlidir ki, azacıq belə onların əmrinə təslim olmamalı, düşüncələrindən təsirlənməməli və özünün müstəqil xarici siyasəti olmalıdır. İslam ümmətinin onlarla birlik və həmrəyliyi müsəlmanların təsir altına düşməsi ilə nəticələnərsə, bu, qəti qadağandır.

Bu məsələ ilə bağlı mötəbər şiə kitablarında nəql olunan məşhur bir rəvayətdə belə buyurulur: İmam Baqir (ə), yaxud İmam Sadiqin (ə) zamanında İslam məmləkətinin sikkə pulları Rum ölkəsindən gətirilirdi. Bir gün Rum imperiyası İslam məmləkətini təhdid etdi və onlar da çıxılmaz vəziyyətdə qaldılar. İmam (ə) ölkə rəhbərliyinə yol göstərdi. Çox qəribədir. Burada bir incə məqam var. Bir-iki yerdə məsum imamlarımız (ə) xilafət aparatı ilə bir qədər mülayim rəftar etmişlər ki, biri də bu məsələdədir. İmam (ə) xilafət aparatına sikkə pulların necə istehsal olunmasını öyrətdi. Onlar pul düzəldə bilmirdilər və sikkə pulların (bir dirhəm, yarım dirhəmin) necə təmin olunacağı və hansı yolla hazırlanıb düzələcəyində sərgərdan qalmışdılar. İmam (ə) bunun yolunu öyrətdi.

Beləliklə, xarici münasibətlərdə azacıq belə qeyri-islami, xüsusən də, İslama zidd cərəyanlar və qüvvələrin təsirinə düşmək qadağandır. İslam ümməti və cəmiyyəti İslamdan xaric dünya ilə əlaqələrində öz izzət və əzəmətini qoruyub-saxlamalıdır. Əgər İslam ümməti ilə qeyri-müsəlman cəmiyyəti əlaqə qurmağı qərara alsa belə, izzət mövqeyindən çıxış etməlidir. Fərz edin ki, “Tənbəki” və “Rijiy şirkəti”[4] kimi macərada İslam dünyasının belə əlaqələri qırmağa haqqı yoxdur. Yaxud da, Hindistanın Moğol hökmdarları xarici dövlətlərə İslam məmləkətinin vilayət prinsipinə zidd olaraq şirkət təsis etmək üçün icazə verdi. Onlar buna icazə verməməliydi. Çünki bilirdilər (bilmirdilərsə, öyrənməli idilər) ki, Şərqi Hindistan Şirkəti[5] Hindistana daxil olduqdan sonra Hindistan əhalisinin başına hansı bəlaları gətirəcək, müstəmləkə xərçəngi Böyük Hindistan Yarımadasına qədər yayılacaq. Onlar bunu anlamalı idilər, lakin anlaya bilmədilər. İslam ümməti və cəmiyyəti isə belə əlaqələrə əsla icazə vermir.

Qeyd etmək lazımdır ki, biz, qeyri-müsəlman dövlətlər və cəmiyyətlərlə əlaqələrin qırılması dedikdə, İslam ümməti və İslam dünyasının özünü siyasi baxımdan təcrid etməsini nəzərdə tutmuruq. Xeyr! Siyasi təcrid və İslam dünyasının ticari-iqtisadi, siyasi və diplomatik sahədə heç kimlə əlaqə qurmaması, nə səfir göndərmək, nə də səfir qəbul etmək məsələsi müzakirə mövzusu deyil, adi əlaqələrin heç bir eybi yoxdur, lakin onlarla bir və həmrəy olmaq qadağandır. Onların öz istədikləri kimi, İslamı öz təsir dairələrinin altına salmalarına icazə verilməməlidir. Demək, Quranın buyurduğu vilayətin iki tərəfi vardır: Biri odur ki, İslam cəmiyyətinin daxilində bütün qüvvələr mütləq bir hədəf, bir yol və bir istiqamət üzrə hərəkət etməli, İslam cəmiyyətinin xaricində isə İslama zidd bütün blok və cinahlarla öz əlaqələrini qırmalıdır.

Burada bir incə məqam vardır; belə ki, Quranda bu mənanı aşılayan vilayət elə biz şiələrin etiqad bəslədiyi vilayət mənasındadır. Diqqətlə qulaq asın ki, bu məqamı sizə çatdıra bilim. Şiənin etiqad bəslədiyi vilayətin Quranın buyurduğu vilayətlə eyni olduğunu necə anlayaq? Ola bilsin ki, dörd nəfər və yaxud keçmiş nəsil vilayətlə bağlı məsələləri (dəlil-sübutsuz) qəbul etsin, lakin Qurana istinadən anlamaq istəyən (müasir) gənc şiənin qəbul etdiyi vilayəti Qurana istinadən isbat etmək istəyirsə, onu haradan əldə etməlidir? Biz imamla rabitənin bu qədər önəmli və imamın əmrinin cəmiyyətin bütün sahələrində keçərli olduğunu deyiriksə, bunu nəyə istinadən deyirik?

Quranın buyurduğu vilayətin mənasını qəbul etmək, yəni bütün daxili qüvvələrini İslama zidd xarici qüdrətlərin əleyhinə səfərbər etmək istəyən islami ümmət və cəmiyyətin mütəşəkkil qüdrət mərkəzinə ehtiyacı vardır ki, bütün daxili qüvvələr həmin mərkəzdə birləşməli, ondan ilhamlanmalı, onu dinləməli və onun əmrini qəbul etməlidir. Bu mərkəz cəmiyyətin bütün xeyir və zərərlərini bilməli, güclü qollara və iti gözlərə sahib keşikçi tək bütün hadisələri öz nəzarətində saxlamağı bacarmalı, cəmiyyətin üzvlərinin ayrı-ayrılıqda hansı potensiallara sahib olduğunu müəyyənləşdirməlidir ki, onlardan düzgün şəkildə bəhrələnsin, hər kəsə bacardığı işi və vəzifəni həvalə etsin.

Təşbeh məqamında bir misala diqqət yetirək: Toxuculuq emalatxanası görübsünüzmü? Bir qrup adam – böyük-kiçik əyləşib gün batana qədər toxuculuqla, öz işi ilə məşğul olub gündəlik bir neçə manat məvacib alır. Mərkəzi rəhbərliyin xüsusi nəzarəti altında bütün işçilər bir-birilə əlaqədə olmalı, xüsusi təlimatlara uyğun olaraq hansı ipdən necə və harada istifadə etmə qaydalarını, iplərin və ilmələrin necə döyülüb bərkidilməsini bir-bir bilməlidirlər. Onlara nəzarət edən mərkəzi rəhbərlik olmasa, toxuculuq emalatxanasının və orada toxulan xalçaların hansı vəziyyətə düşəcəyi aydındır; biri şərq, biri qərb, biri kürd, biri də türkmən ilmələrindən istifadə edərək, xalçaları uyğunsuz və qarmaqarışıq hala salacaqlar.

Toxuculuq emalatxasına hakim nizam-intizamın səbəbi nədir? Səbəbi odur ki, bütün təlimatlar mərkəzi rəhbərlik tərəfindən verilir və bütün işçilər həmin rəhbərliyin əmrinə tabedir.

Əgər cəmiyyətdə hamının fəal qüvvəyə çevrilməsini, eyni istiqamətdə fəaliyyət göstərməsini, qüvvələrin boş yerə sərf olunmamasını, cəmiyyətin bütün qüvvələrinin sıx şəkildə kollektiv maraqların təmini istiqamətində çalışması üçün bir yumruq kimi birləşməsini istəyiriksə, mərkəzi qüdrət və rəhbərliyə (bir ürəyə) ehtiyac vardır. Əlbəttə, belə qüdrət və rəhbərlik bir sıra şərtlərə də sahib olmalıdır; agah, diqqətli, iradəli və qətiyyətli olmalı, Allah yolunda heç nədən qorxmamalı və lazım gəldikdə, özünü belə fəda etməlidir. Biz belə varlığa “İmam” deyirik.

Allah tərəfindən cəmiyyət üçün təyin olunan hakim və rəhbərə “İmam” deyilir. Allahın təyin etməsi nə deməkdir? Bəzən, Allah-Taala rəhbəri adı və əlaməti ilə təyin edir; buna Əmirəlmöminin Əlini (ə), İmam Həsəni (ə), İmam Hüseyni (ə) və digər imamları misal göstərə bilərik. Peyğəmbərin özü də imamdır. Allah-Taala İbrahim peyğəmbərə buyurur:

إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا

“Mən səni insanlara imam təyin etdim.”[6]

Bəzən bu imamı Allah-Taala adı və əlaməti ilə tanıtdırır və buyurur ki, Peyğəmbərdən (s) sonra imam Əlin ibn Əbitalibdir (ə). Bəzən də İmam Həsən Əskərinin (ə) kəlamında buyurulduğu kimi, ad və əlamət göstərilmir:

فَأَمَّا مَنْ كَانَ مِنَ الفُقَهَآءِ صَآئِنًا لِنَفْسِهِ، حَافِظًا لِدِينِهِ، مُخَالِفًا عَلَي‌ هَوَاهُ، مُطِيعًا لاِمْرِ مَوْلَاهُ؛ فَلِلْعَوآمِّ أَنْ يُقَلِّدُوهُ

Fəqihlərdən hər kəs öz nəfsinə hakim olsa, dinini qorusa, nəfsinin istəklərinə müxalif olsa və mövlasının əmrlərinə itaət etsə, avamların vəzifəsi ona təqlid etməkdir.[7]

Bu xüsusiyyətlərə sahib şəxsin imam (rəhbər) olmasını elə İmam (ə) özü buyurmuşdur. Ayə və rəvayətlər vasitəsilə təyin olunan imamın canişini də imamdır, lakin bu fərqlə ki, o, ad və əlamətlərlə təyin edilməmişdir. Qeyd edilən xüsusiyyətlərə sahib olan hər kəs imamdır. Mən burada “imam” sözünü aydınlaşdırmaq istədim. İmam rəhbər və hakim mənasını ifadə edir. İnsanların müti olduğu həmin şəxs mütləq Allah tərəfindən təyin edilməli, ədalətli, insaflı, dindar və iradəli olmalıdır. Digər xüsusiyyətlər də vardır ki, imamət bəhsinə aiddir və bəhsimizdən xaricdir.

Beləliklə, Quranın buyurduğu vilayət prinsipinin tələbi nədir? İmamın varlığıdır. “İslam ümməti” adlı bu böyük bədənin yaşamasını, uğur qazanmasını, daim sabit qalmasını istəyən cəmiyyət nə etməlidir? Bu mərkəzə, bu döyünən ürəyə bağlı, möhkəm və güclü olmalıdır. Bəs, “vilayət” nə deməkdir? Hamı diqqətlə qulaq assın! Vilayətin digər konsepsiyası nədən ibarətdir? İslam ümmətinin bütün üzvlərinin hər zaman ümmətin döyünən ürəyi ilə möhkəm və güclü əlaqəsi onun digər konsepsiyasını təşkil edir. Hansı sahədə əlaqə saxlamalıdır? İntellektual və əməli sahədə; yəni, ondan düzgün bəhrələnməli, elmi və etiqadi sahədə onun ardınca getməli, əməlləri, rəftarları, hərəkətləri və fəaliyyətlərində ona itaət etməlidir.

Bəs, Əli ibn Əbitalibin (ə) vilayəti nə deməkdir? O deməkdir ki, düşüncələrinizdə, əməl və rəftarlarınızda Əli ibn Əbitalibə (ə) itaət etməli, onunla güclü, möhkəm və qırılmaz əlaqə yaratmalı, ondan ayrılmamalıyıq. Vilayətin mənası budur. Vilayətin mənasını yaxşı başa düşdünüzmü? Elə buradan, bu hədisin – Allah-Taalanın kəlamının mənasını da anlayırıq:

وَلَایَةُ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ حِصْنِی فَمَنْ دَخَلَ حِصْنِی أَمِنَ مِنْ عَذَابِی

“Əli ibn Əbitalibin vilayəti Mənim qalamdır, hər kim Mənim qalama daxil olsa, əzabımdan amanda qalar.”[8]

Maraqlı bir sözdür. Bu, nə deməkdir? Yəni, müsəlmanlar və Quran ardıcılları həm etiqadi, həm də əməli baxımdan Əli ibn Əbitalibə bağlı olduqları təqdirdə, Allahın əzabından amanda qalacaqlar. Bəlkə, belə deyil? Bəlkə, məsələ bundan başqa bir şeydir? Əgər bu gün Əli ibn Əbitalibi tanısaq, hamımız onun kimi rəftar edərik, o zaman vilayətə sahaib olacağıq. Vilayətin mənası budur.

Kim Quranı başa düşülən hesab etmirsə, necə deyə bilər ki, mən Əli ibn Əbitalibin vilayətindəyəm, etiqadi və əməli baxımdan ona bağlıyam?! Halbuki, Əli ibn Əbitalib (ə) “Nəhcül-bəlağə”də belə buyurur:

وَ اعْلَمُوا أَنَّ هَذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِي لَا يَغُشُّ وَ الْهَادِي الَّذِي‏ لَا يُضِلُّ وَ الْمُحَدِّثُ الَّذِي لَا يَكْذِبُ وَ مَا جَالَسَ هَذَا الْقُرْآنَ أَحَدٌ إِلَّا قَامَ عَنْهُ بِزِيَادَةٍ أَوْ نُقْصَانٍ زِيَادَةٍ فِي هُدًى وَ ُقْصَانٍ مِنْ عَمًى

Bilin ki, bu Quran xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi yalan deməyən natiqdir. Bu Quranla oturan elə bir kəs yoxdur ki, onun yanından duranda, ya ona bir şey artırmasın, ya da ondan bir şey azaltmasın; hidayəti artırar, korluğu (azğınlığı) isə azaldar.[9]

Əmirəlmöminin Əli (ə) insanları bu şəkildə Qurana yönəldir və sövq edir. Quranın başa düşülə bilməyəcəyini söyləyən o Allah bəndəsi, görəsən, Əli ibn Əbitalibin (ə) vilayətinə sahibdirmi? Heç vax! Əli ibn Əbitalib (ə) Allaha xatir bütün varlığını qurban verməyə hazırdır. Əli ibn Əbitalibin (ə) əməli budur! O, isə Allah yolunda bir qəpik pulundan, canından, ictimai ləyaqətindən, rahatlığından və ağalığından keçmək istəmir. O, heç Əli ibn Əbitalibin (ə) vilayətinə sahibdirmi? Əli ibn Əbitalibin (ə) vilayətinə daim onunla birgə olan, etiqad və əməldə onunla qırılmaz əlaqə quran sahibdir.

Qardaşlar, yaxşı qulaq asın, mənim vilayətlə bağlı qeyd etdiyim məna və şərh ən dəqiq və ən incədir. Bunu Qurani-Kərimdən də əldə etmək olur. İndi isə ayələri sizin üçün oxuyuram, qulaq asın. Qurani-Kərimin “Maidə” surəsində olan bu ayələrdə vilayətin həm müsbət tərəfi, yəni daxili münasibətələrin möhkəmlənməsi, həm mənfi tərəfi, yəni xarici münasibətlərin qırılması, həm də vilayətin üçüncü tərəfi, yəni mərkəzi rəhbərlik (imam və rəhbər) ilə sıx əlaqəyə işarə olunur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاء

Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) vəli tutmayın!

“Övliya” sözü “vilayət” sözündən götürülmüş və “vəli” sözünün cəm formasıdır. “Vilayət” sözü də “bağlılıq”, “müttəfiqlik” və “həmrəylik” mənasını ifadə edir. Ayədə buyurulur ki, yəhudiləri və xaçpərəstləri özünüzə yaxın bilməyin, özünüzə bağlamayın, özünüzə həmrəy və müttəfiq seçməyin.

بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

Onlar bir-birilə müttəfiqdirlər.

Onlara baxsanız, görəcəksiniz onların blokları bir-birindən ayrı olsa da, həqiqətdə, siz müsəlmanlara qarşı müttəfiq və eyni cəbhədədirlər.

وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ

Sizdən kim onlarla müttəfiq olsa (onların vilayət və rəhbərlik vadisinə qədəm qoysa, onlarla əlaqə yaratsa), şübhəsiz, o da onlardandır.

إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

“Həqiqətən, Allah zalım tayfanı hidayət etməz!

فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ

Qəlblərində mərəz (xəstəlik) olanların onlara (din düşmənlərinin cəbhəsinə) tərəf tələsdiyini görərsən.

Onlara tərəf getməklə kifayətlənməzlər, əksinə sürətlə onlara tərəf tələsərlər. Əgər ondan: “Nə üçün din düşmənləri və dinə müxalif olanlarla bu qədər əlaqə yaradırsan? Onunla müxalifətçilik etmirsənsə, heç olmsa, dostluq etmə!” – deyə soruşsanız, cavabında belə deyəcək:

يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ

“Deyəcəklər: Bizə bir fəlakət üz verməsindən qorxuruq!” Əgər onlarla dostluq etməsək, qorxuruq ki, bizə bir zərər yetirsinlər. Bu sözlər insan qulağına nə qədər tanışdır! Qorxuruq bizə başağrı olsunlar! Qorxuruq bizi çətinlikdə saxlasınlar! Görün, bu sözlər nə qədər tanışdır! Bizə bir fəlakət üz verməsindən qorxuruq!

Görəsən, Allah-Taalanın onlara cavabı nədir? Allah-Taala buyurur:

فَعَسَى اللّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ

Ümid var ki, Allah (möminlərə) bir zəfər gətirsin!

أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُواْ عَلَى مَا أَسَرُّواْ فِي أَنْفُسِهِمْ نَادِمِينَ

Öz tərəfindən elə bir iş qursun ki, onlar qəlblərində gizlətdiklərindən peşman olsunlar və bir-birinə desinlər ki, gördün, nə böyük səhvə yol verdik? Əgər möminlərin belə güclü olacaqlarını və zəfər qazanacaqlarını bilsəydik, heç Allahın və dinin düşmənləri ilə əlaqə qurmaz və öz abrımızı aparmazdıq!

Onlar düşmənlərlə münasibət qurub öz abırlarını apardıqdan sonra, möminlər nə dedilər?

وَيَقُولُ الَّذِينَ آمَنُواْ أَهَـؤُلاء الَّذِينَ أَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ إِنَّهُمْ لَمَعَكُمْ

İman gətirənlər dedilər: “Sizinlə birlikdə olacaqları barədə Allaha möhkəm andlar içən kəslər bunlarmıdır?””

Biz onlara hər dəfə bir söz deyirdiksə, onlar “Bəli!” deyib bizimlə eyni əqidədə olduqlarını, sizinlə müxalif olmadıqlarını etiraf edir, elə onların sözlərini deyirdilər. Onlar bu sayaq danışırdılar. Amma sonradan məlum oldu ki, onların qəlblərində xəstəlik var, zahirləri gözəl görünsə də çirkin, qara və nifaq dolu qəlbə sahibdirlər. O dövrün möminləri də onların bu rəftarlarına təəccüblənir və deyirdilər: Baxın, necə də and içirdilər?! Bunlar elə həmin adamlar idilər? “Sizinlə birlikdə (sizinlə eyni əqidə və düşüncədə) olacaqları barədə Allaha möhkəm andlar içən kəslər bunlardırmı?”

حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُواْ خَاسِرِينَ

“Onların əməlləri puça çıxdı və (həqiqi) zərərçəkənlərdən oldular.”

Bu qeyd etdiklərimiz xarici əlaqələrə aid idi. İndi isə daxili əlaqələrə nəzər yetirək:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ

“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə (mürtəd olsa), (bilsin ki,) Allah (onun yerinə) başqa bir cəmiyyət gətirər.”

Allah-Taalanın gətirmək istədiyi cəmiyyət islami, daxili və xarici münasibətlərdə idealdır, belə ki;

يُحِبُّهُمْ وَيُحِبُّونَهُ

“(Allah) onları, onlar da (Allahı) sevərlər.”

Görəsən, biz Allahı sevirikmi? Bəzən Allaha olan azacıq sevgi etirafımızda belə sadiq deyilik. “İlahi, Sənə qurban olum” – ifadəsini deməyə haqqımız yoxdur. Çünki yalan danışmış oluruq. Axı, Ona qurban olmağa hazır deyilik! Buna sevgi və dostluq deməzlər. Allaha sevgi budur:

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ

“(Ey Peyğəmbər!) De: “Əgər siz Allahı sevirsinizsə, Mənə tabe olun ki, Allah da sizi sevsin...””[10]

Bu, Quranın sözüdür. Demək, həmin ideal və Allaha təslim olan cəmiyyəti Allah da sevir. Onlarla Allahın arasındakı sevgi xüsusiyyəti qarşılıqlıdır: “Həm Allah onları, həm də onlar Allahı sevirlər.”

أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ

“Onlar möminlərə qarşı mehriban” və təvazökardırlar. Bu xüsusiyyət möminlər qarşısında səmimi münasibətin zirvəsidir. İslam cəmiyyətini təşkil edən bu müsəlman kütlədə xudbinlik, məğrurluq, təkəbbürçülük, yersiz gözlənti və puç iddia olmaz. Yəni, onlarla üzləşdikdə, onların xalqdan olduğunu, xalqla bir olduğunu, xalq uğrunda çalışdığını görürsən, özlərini heç vaxt xalqdan ayrı bilmir və sehrli göydələndə gizlənmirlər ki, xalqa uzaqdan tamaşa etsin və xalqa ürək yandırmasınlar. Onlar möminlərə qarşı mehribandır, özlərini Allaha iman gətirənlər qarşısında kiçik sanır, təvazökarlıq edirlər.

أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ

“Kafirlərə (dinin düşmənləri və Quranın müxaliflərinə) qarşı isə güclüdürlər.”

“Əizzə” sözü “yenilməz” və “başıuca” mənasını ifadə edir; yəni, onlar öz ətrafını islami düşüncələrlə hasara almışlar ki, heç kim onlara nüfuz edə bilməsin.

يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ

“Allah yolunda mübarizə apararlar.”

Onların başqa bir xüsusiyyəti də Allah yolunda amansız, qeyd-şərtsiz cihad etmək və mübarizə aparmaqdır. Ayənin davamında buyurulduğu kimi:

وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ

“Heç kəsin tənəsindən qorxmazlar.”

ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

“Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (Öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!”

Növbəti ayədə İslam cəmiyyətinin qəlb rolunu ifa edən mərkəzi qüdrətlə – imam və rəhbərlə əlaqəsindən söz açılır. Baxın, necə də mütənasib və gözəldir. Quranın buyurduğu bu məsələlər üzərində düşünmək insanı necə də aydınladır! Bəziləri elə təsəvvür edirlər ki, bu cür məsələlər Quranda yoxdur. Quran necə də aydın danışır; xarici və daxili münasibətlərdən danışdığı kimi, daxili münasibətlərin qəlbi və mərkəzindən – imam, rəhbər və öndərdən də söz açır və buyurur:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ

“Sizin vəliniz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir.”

Vəli (qəyyum və rəhbər) o kəsdir ki, İslam cəmiyyətinin bütün təlaş və fəaliyyətləri ona qayıtmalı və ondan ilhamlanmalıdır, o da Allahdır. Cisim olmayan Allah əmr etmək və qadağa qoymaq üçün insanlarla cismani əlaqə saxlamaqdan uzaq olduğu üçün bəs kimdən ilham almalıdır? Onun Peyğəmbərindən. Aydındır ki, Allahla Peyğəmbər arasında heç vaxt rəqabət, qarşıdurma və nifrət olmaz. Peyğəmbər Onun tərəfindən göndərilib. Sizin qəyyum və rəhbəriniz Allah və Onun Peyğəmbəridir. Axı, Peyğəmbər də insanlar arasında həmişə yaşamayacaq, hamı kimi, Peyğəmbər (s) də dünyadan gedəcək.إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ  – (Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər![11] Peyğəmbərdən (s) sonra necə olacaq? Ondan sonra da rəhbər olmalıdırmı? Bəli! وَالَّذِينَ آمَنُواْ“Möminlər.” Hansı möminlər? İman gətirən hər kəsmi? Xeyr! Həmin möminlərin bir sıra xüsusiyyətləri olmalıdır:

الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“O kəslər ki, namaz qılır və rükuda olduqları halda, zəkat verirlər.”

Təfsir alimləri وَهُمْ رَاكِعُونَ – “və hum rakiun” ifadəsindəki “vav” (və) bağlayıcısının “halbuki” bağlayıcısı mənasında olduğunu qeyd etmişlər: “Zəkat verirlər, halbuki, rükudadırlar.” Rüku halnda zəkat verən kimdir? Əmirəlmöminin Əli (ə). O, bu ayədə vəli, qəyyum və rəhbər olaraq tanıtdırılır.

Biz bu mətləbi bu ayədən başa düşür və “vav” (və) bağlayıcısının “halbuki” mənasında olduğunu deyirik. Fərz edin ki, kimsə buna irad bildirib onun uyğun xüsusiyyətlərə sahib olan bütün möminlərə aid olduğunu da deyə bilər. Sizdən soruşuram: “İslam cəmiyyətində belə ümumi ifadələrə simvol olaraq kimi göstərmək olar?” Əli ibn Əbitalibdən başqa, hansısa birini tanımırıq. O dövrün İslam cəmiyyətində möhkəm və yenilməz imanın simvolu yalnız Əli ibn Əbitalib ola bilərdi, hətta ayənin o Həzrətə aid olmadığını fərz etsək belə, yenə onun həqiqi nümunəsi o Həzrətdir və nəql olunmuş tarixi həqiqətə əsasən, ayə elə o Həzrətin məqamı haqqında nazil olmuşdur.

Dünənki və bugünkü bəhsimizlə bağlı bir mətləbi məclis iştirakçılarının diqqətinə çatdırmağı lazım biliriəm. İmamət və vilayət bəhsini şiə nöqteyi-nəzərindən araşdırsaq da məsələnin mənfi tərəfini deyil, müsbət tərəfini nəzərdə tuturuq. Dəfələrlə qeyd etmişik, indi də qeyd etməyi lazım bilirəm ki, şiə özünü tanımalı və öz əqidəsi ilə tanış olmalıdır ki, imanı daha da artsın, daha da möhkəmlənsin!

Bəhs əsnasında şiəni isbat etmək istəyiriksə, bu, başqalarını inkar etmək anlamında deyildir. Boş yerə fikirayrılığı yaratmaq istəmirəm. Xeyr! Lakin siz şiənin kimliyini başa düşməlisiniz. “Şiə” dedikdə, öz-özünə: “Hələ birinci İslamı isbat edin, sonra şiəlikdən də danışarıq!” – demə! Mənin dediyim şiə İslamdan, İslam da şiəçilikdən başqa bir şey deyil. İslama (misal üçün) on cür baxış var və bəziləri onu şiə görür. Həqiqi İslam da elə budur! Şiənin İslam və Qurandan anlayışı düzgündür, məntiqə, ədalətə və ağıla söykənir. Diqqət yetirdinizmi? Beləliklə, biz öz təsəvvürümüz və nəzər nöqtəmizdən deyil, əksinə İslamın ideoloji əsaslarından danışırıq. Güman etmirəm ki, siz də bu nəzərin əksinə bir söz deyəsiniz. Bu baxımdan biz burada yalnız məsələlərin müsbət yönünü nəzərdə tuturuq.

Biz İslamı şiə məktəbində oxuyub tanıdığımız kimi bəyan edirik. Digər cinahların başqa cür tanımaları və anlayışları ilə də işimiz yoxdur. Hal-hazırda onlarla müzakirə və mübahisə etmək fikrində də deyilik, bir-birimizlə qardaşıq və dostluq əlimizi də onlara tərəf uzadırıq. Nə üçün? Çünki düşmənimiz var, kənarda düşmən pusquda dayanıb. Biz iki qardaşın bir-birimizlə dalaşmağa haqqımız yoxdur. Bu, bizim yolumuzdur ki, diqqətinizə çatdırmaq istədim. Bir sözlə, uyğun mövzunu şiə kontekstindən araşdırırıq və etiqadımız da budur. Elə buna görə də İslama şiə prizmasından baxırıq. Yoxsa, şiə ilə sünni arasında ixtilaf salmaq istəmirik və hətta onu haram bilirik.

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Sizin vəliniz (və rəhbəriniz) ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda, zəkat verirlər.”

Vilayətə sahib olmağın bizə faydası və təsiri varmı? Bura qədər vilayətin üç konsepsiyası haqqında söz açdıq: Biri daxili əlaqələrin qorunması və möhkəmlənməsi, biri İslama zidd xarici qüvvələrlə əlaqələrin qırılması, biri də İslam ümmətinin qəlbi və mərkəzi rəhbərliyi ilə, yəni imam və rəhbərlə əlaqələrin davamlılığı və dərinləşməsi. Sual budur: Əgər bu üç konsepsiyaya riayət etsək, nə baş verəcək? Quran ayəsinin bizə cavabı budur:

وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ

Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli (rəhbər, qəyyum, köməkçi, dost) tutarsa (onlarla əlaqə və münasibətləri qoruyub-saxlayarsa), şübhəsiz ki, (qələbə çalacaq və) qələbə çalanlar, məhz, Allahın dəstəsidir.Belələri bütün dəstələrə qələbə çalacaqlar.

Xülasə

Cümə günü – Ramazan ayının 25-i

İSLAM ÜMMƏTİNİN ƏLAQƏLƏRİ

İslam ümmətinin əlaqələri, həqiqətdə, İslam əxlaqı və sivilzasiyasının banisi olan vahid bir cəbhədir. Bu, möminlər və dinə inananlardan ibarət böyük vahid ümmətin təşkilindən sonra genişlənir və “vilayət” prinsipi İslam ümmətinin daxili və xarici əlaqələri və mövqelərində təcəlli edir.

Daxili əlaqələr konsepsiyasında cəmiyyətin bütün üzvləri və dəstələri tam diqqət və ehtiyatla qüvvələri bir istiqamət və hədəfə doğru səfərbər etməli, qüvvələrin bir qisminin sıradan çıxmasına səbəb olan ixtilaf və təfriqədən şiddətlə çəkinməlidirlər.

Aydındır ki, “vilayət”in hər iki konsepsiyasının qorunması (daxili əlaqələrin möhkəmlənməsi, İslama zidd xarici əlaqələrin qırılması) İslamın bütün müsbət və qurucu qüvvələrinin parlaq nümunəsi olan mərkəzi qüdrətin (İmam və İslam hakiminin) varlığını tələb edir. Həmçinin, ümmətin bütün üzvləri imam və İslam hakimi ilə, yəni cəmiyyətin əmək və fəaliyyətinin əsas mərkəzi ilə möhkəm və dərin rabitədə olması da zərurətdir. Elə buradan “vilayət”in digər bir konsepsiyası da aydın olur, o da İslam dünyasının imamı və öndərinin vilayətidir. Aşağıdakı ayələrdə Qurani-Kərimin qeyd edilən incə və dəqiq həqiqətlərə işarələrini mülahizə etmək olar:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاءEy iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) həmrəy və dost tutmayın!

بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍOnlar bir-birilə həmrəy və dostdurlar.

وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْSizdən kim onlarla əlaqə qursa, şübhəsiz, o da onlardandır.

إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَHəqiqətən, Allah zalım tayfanı hidayət etməz!

فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْQəlblərində mərəz (xəstəlik) olanların onlara (din düşmənlərinin cəbhəsinə) tərəf tələsdiyini görərsən.

يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ(Bəhanə gətirib) deyəcəklər: Bizə bir fəlakət üz verməsindən qorxuruq!

فَعَسَى اللّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ ِÜmid var ki, Allah (möminlərə) bir zəfər gətirsin!

فَيُصْبِحُواْ عَلَى مَا أَسَرُّواْ فِي أَنْفُسِهِمْ نَادِمِينَ أَوْ أَمْرٍ مِّنْ عِندِهÖz tərəfindən elə bir iş qursun ki, onlar qəlblərində gizlətdiklərindən peşman olsunlar.

وَيَقُولُ الَّذِينَ آمَنُواْ أَهَـؤُلاء الَّذِينَ أَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ إِنَّهُمْ لَمَعَكُمْİman gətirənlər dedilər: “Sizinlə birlikdə olacaqları barədə Allaha möhkəm andlar içən kəslər bunlardırmı?”

حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُواْ خَاسِرِينَOnların əməlləri puça çıxdı və (həqiqi) zərər çəkənlərdən oldular.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍEy iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə (mürtəd olsa), (bilsin ki,) Allah (onun yerinə) başqa bir cəmiyyət gətirər.

يُحِبُّهُمْ وَيُحِبُّونَهُ(Allah) onları, onlar da (Allahı) sevərlər.

أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَOnlar möminlərə qarşı mehriban və təvazökar olarlar.

أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ  – Kafirlərə qarşı isə güclü və yenilməz olarlar.

يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ  – Allah yolunda mübarizə aparar və heç kəsin tənəsindən qorxmazlar.

ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌBu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (Öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْSizin vəliniz (və ictimai əlaqələr mərkəziniz) ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir.”

الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَO kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.

وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَHər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli tutarsa (onlarla əlaqə və münasibətləri qoruyub-saxlayarsa), şübhəsiz ki, (qələbə çalacaq və) qələbə çalanlar, məhz, Allahın dəstəsidir.

“Maidə” surəsi, ayə 51-56.

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِEy iman gətirənlər! Allahdan layiqincə qorxun (təqvalı olun).

 وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَYalnız müsəlman (Allaha həqiqi mənada təslim) olduğunuz halda ölün!

وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْHamılıqla Allahın ipindən möhkəm yapışın və pərakəndə olmayın!

“Ali-İmran” surəsi, ayə 102-103.

 

 



[1]. “Şəvahidut-tənzil”, Müqəddimə.

[2]. “Nəhcül-bəlağə”, xütbə 6.

[3]. “Hucurat” surəsi, ayə 9.

[4]. Nəsrəddin şahın Avropaya üçüncü səfərində İran dövləti ilə Rijiy şirkətinin təsisçisi Cerald F. Talbot arasında tütün və tənbəki ticarəti ilə bağlı əlli illik müqavilə imzalandı. Bu müqaviləyə əsasən, Cerald F. Talbotun illik ödənişinin müqabilində tütün və tənbəki onun inhisarı və istismarına keçdi. Bu şirkət ticari fəaliyyət bəhanəsi ilə İrana bir çox əcnəbi vətəndaşlar gətirirdi ki, onların əksəriyyətini də xaçpərəst təbliğatçıları təşkil edirdi. Ayətullah əl-üzma Mirza Şirazi tütün və tənbəkinin istehsalı, istifadəsi və ticarətinin haram olması ilə bağlı fətvasından sonra bu müqavilə (və imtiyaz) ləğv edildi.

[5]. Şərqi Hindistan Şirkəti İngiltərəyə məxsus ictimai səhmdar şirkət idi. Bu şirkət İngiltərənin kraliçası və Hindistan hökmdarından aldığı inhisari imitiyazlarla çoxlu qazanc əldə etdi, yavaş-yavaş öz əmlakını müdafiə etmək bəhanəsi ilə Hindistana hərbi qüvvə yerləşdirdi və bu böyük ölkəni Britaniyanın müstəmləkəsinə çevirdi.

[6]. “Bəqərə” surəsi, ayə 124.

[7]. “İmam Həsən Əskəriyə (ə) mənsub təfsir kitabı”, “Bəqərə” surəsinin 78-79-cu ayələrinin təfsiri.

[8]. “Üyunu əxbarir-Riza (ə)”, “İmam Rzadan (ə) nadir hədislər” bölməsi, hədis 1.

[9]. “Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə 175.

[10]. “Ali-İmran” surəsi, ayə 31.

[11]. “Zumər” surəsi, ayə 30.

 

Google+ WhatsApp ok.ru