ABŞ-da ölümcül virus yaya bilən yeni gənələr aşkar edilib

ABŞ-da ölümcül virus yaya bilən yeni gənələr aşkar edilib

ABŞ-da Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi “Haemaphуsalis longicornis” adı ilə də məşhur olan Şərqi Asiya gənəsinin sürətlə artması ilə əlaqədar hesabat dərc edib. Hörümçəyə oxşayan bu gənələr ölümcül təhlükəli virus və bakteriyaların mənbəyidir. Mütəxəssislər bildirilər ki, artıq 9 ştatda gənələrin bu növü qeydə alınıb.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin ekspertləri bu ekzotik paraziti ilk dəfə keçən il Nyu-Cersi ştatının ərazisində aşkar ediblər. O vaxt bir nəfər fermer 12 yaşlı qoyunu qırxarkən heyvanın bədənində yüzlərlə gənə görüb və bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin regional bölməsinə məlumat verib. Ekspertlər müəyyən ediblər ki, gənələrin bu növü adətən Şərqi Asiya, Yeni Zelandiya və Avstraliyada yayılır.
 
Keçənilki hadisədən sonra Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi gənələrin bu növünün ABŞ-da yayılması yerlərini aşkar etməyə çalışıblar. Tədqiqat nəticəsində məlum olub ki, uzunquyruq gənə artıq 9 ştatda – Nyu-Cersi, Nyu-York, Pensilvaniya, Virciniya, Şimali Karolina, Qərbi Virciniya, Konnektikut, Merilend və Arkanzas ştatlarında yayılıb. Yoluxmuş heyvanların və insanların ən yüksək faizi Nyu-Cersi (33 faiz), Qərbi Virciniya (20 faiz) və Virciniya (12 faiz) ştatlarında, habelə Vaşinqton yaxınlığındakı Feyrfaks dairəsində qeydə alınıb.
 
Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin mütəxəssisləri problemin lokallaşdırılması üzərində çalışır və potensial təhlükənin miqyasını qiymətləndirirlər. Onların sözlərinə görə, Şərqi Asiya paraziti gənə ensefaliti, SFTS virusu, babezioz və digər infeksiyaları yayır. Ekspertlər bildirirlər ki, dişi Şərqi Asiya gənəsi bir dəfəyə 2 minə yaxın yumurta qoya bilir. Bu gənələrin sürətlə yayılması qlobal iqlim dəyişiklikləri və istiləşmə ilə bağlıdır, çünki bu şərait gənələrin həyat qabiliyyətini artırır və onların çoxalmasına kömək edir.
 

Google+ WhatsApp ok.ru