ABŞ-da Qarabağ müzakirəsi: nazirlər görüşür

ABŞ-da Qarabağ müzakirəsi: nazirlər görüşür

ABŞ-ın New York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
 
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter" hesabında yazıb.
 
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri- Rusiyadan səfir İqor Popov, Fransadan səfir Stephane Visconti və ABŞ-dan səfir Andrew Schofer, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Andrzej Kasprzyk də iştirak edir.
 
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu ilin iyun ayında Washington-da görüş keçiriblər.
 
Üç saatdan artıq çəkən görüşdə hər hansı ciddi razılaşma əldə edilməyib. Yalnız Mnatsakanyan və Məmmədyarov tərəfləri "sülhə kömək edən atmosferin yaranması üçün addımlar atmağa" səsləyiblər.
 
Bu ilin dekabrında Azərbaycan və Ermənistan Xİ nazirlərinin Parisdə keçirilən görüşündən sonra hər iki tərəf "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını" bəyan etmiş, "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə" razılığa gəlmişdilər.
 
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin Azərbaycandan ayrılmaq istəməsi Qarabağ münaqişəsinə yol açmış, tərəflər arasında silahlı döyüşlər başlamışdı. Nəticədə Azərbaycan ərazisinin 20 faizini itirib, bir milyondan çox qaçqın və köçkünlə üzləşib.
 
1994-cü ildə tərəflər arasında atəşkəs imzalanıb. Münsaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir. /bbc
 

Google+ WhatsApp ok.ru