Abbas Hüseynovun anası: 'Bilmirəm, oğlumun başına nə gətiriblər'

Abbas Hüseynovun anası: 'Bilmirəm, oğlumun başına nə gətiriblər'

Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun yaxınları onun həyatının təhlükə altında olduğunu iddia edir.
 
Anası Rəhimə Hüseynova AzadlıqRadiosuna bildirib ki, 28 gündür övladından heç bir xəbər yoxdur. Onun sözlərinə görə, mayın əvvəlində Abbas məhbuslara sovqat qadağasına və cəzaçəkmə müəssisəsinin daxilindəki ticarət köşklərində qiymətlərin bahalığına etiraz olaraq aclıq aksiyasına başlamışdı. Buna görə də saxlandığı 8 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin göstərişiylə cərimə kamerasına (kars) salınmışdı.
 
"Təxminən 10 gün əvvəl eşitdik ki, karsdan çıxarılıb. Həbs yerlərinə sovqat qadağası aradan qaldırılandan sonra – keçən həftə bir tanışımız onun yanına getmişdi. Amma onu nə görüşə buraxıblar, nə də sovqatı götürüblər. Deyiblər ki, Abbas yenə karsdadır. Bu müqəddəs ayı mənim övladım karsda keçirdi. Bayramda da zəng eləmədi. Ona görə çox nigaranam. Bilmirəm ki, başına nə gətiriblər. Abbas deyirdi ki, adamlar acdır, koronavirusdan ölməsələr də, acından öləcəklər", – R.Hüseynova belə deyib.
 
Anası deyir ki, Abbasın aclıq etməsi, cəzalandırılması barədə xəbərləri eşidəndən sonra stressdən onun da səhhətində ciddi problemlər yaranıb. Bir aya yaxındır oğlunun səsini eşitmədiyini vurğulayan R.Hüseynovanın sözlərinə görə, sonuncu dəfə telefonla danışanda da durumunun yaxşı olmadığını hiss etmişdi: "Dəstəyin o biri başından səs-küy gəlirdi, hiss eləyirdim ki, nəsə qaydasında deyil, onu danışmağa da qoymurdular, yarımçıq qaldı".
 
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, cəzaçəkmə müəssisələrində məhbuslara qarşı tənbeh tədbirləri, daxili intizam qaydalarının pozulmasına görə cəzalar şərh olunmur. /azadliq.org
 

Google+ WhatsApp ok.ru