ABŞ generalı: 'Rusiya və Çin bizim peykləri hədəfə ala biləcək silah düzəldir'

ABŞ generalı: 'Rusiya və Çin bizim peykləri hədəfə ala biləcək silah düzəldir'

-- Biz imkan verə bilmərik ki,...

Amerikalı general bildirib ki, Rusiya, Çin kimi ölkələr ABŞ-ın fəzadakı hərbi avadanlıqlarını, məsələn peyklərini hədəfə ala biləcək silahların yaradılması üzərində çalışırlar.
 
"Onlar belə silahlar düzəldib sınaqdan keçirirlər. Bunlar yerdən idarə olunan silahlardır, elektromaqnit dalğalarına maneə yaradan silahlar, lazer silahlarıdır. Özü də onlar belə silah yaratdıqlarını sirr kimi saxlamırlar" - deyə ABŞ Strateji Qüvvələrinin komandanı, general John Hyten Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda bildirib.
 
Generalın fikrincə, belə silah düzəltmək ABŞ və müttəfiqlərinə meydan oxumaq, dünyada qüvvələr nisbətini dəyişməyə cəhd etmək deməkdir
 
"Biz buna imkan verməyəcəyik".
 
Hyten bildirib ki, Rusiya və Çin ABŞ-ın 1991-ci ildəki Körfəz əməliyyatı zamanı peyklərdən necə uğurla istfadə etdiyini görəndən sonra hərəkətə keçiblər və ABŞ-ın gələcəkdəki münaqişələr zamanı bundan istifadə etməsinə imkan vermək istəmirlər.
 
Peyklər ABŞ-ın hərbi planlarının həyata keçirilməsində böyük əhəmiyyətə malikdir. Düşmən raketlərinin buraxılması haqda ilk xəbərdarlıq peyklərdən gəlir.
 
"Planetin istənilən nöqtəsindən buraxılan raket haqda ilk məlumatı peyklər vasitəsilə əldə edirik" - deyən general bununla belə etiraf edib ki, peyklərin müdafiəsi asan iş deyil.
 
ABŞ Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin üzvü, respublikaçı senator Mike Rogers isə deyib ki, peyklər ABŞ-ı Şimali Koreya kimi ölkələrin mümkün nüvə zərbəsindən qorumaq üçün vacibdir.
 
Buna görə də o hesab edir ki, ABŞ ordusunun tərkibində ayrıca kosmik qüvvələr yaradılmalıdır.
 
"Biz imkan verə bilmərik ki, bizim peyklər hansısa silahların təsiri ilə məsələn, 10-15 dəqiqə müddətində problem yaşasın. Bu böyük vaxt itkisi olacaq".
 
General Hyten də hesab edir ki, hərbi peyklərin müdafiəsini gücləndirmək lazımdır. Amma o bildirir ki, bu sahəni nizamlayacaq beynəlxalq konvensiyalar yoxdur, bu səbədən yeni beynəlxalq normalar müəyyən edilib razılaşdırılmalıdır.
 
ABŞ Hava Qüvvələrinin katibi Heather Wilson isə deyib ki, Amerika yeni siyasət işləyib hazırlamalıdır, hamıya bəyan etməlidir ki, əgər kimsə onun peyklərinə problem yaradarsa, bu, düşməncəsinə hərəkət hesab olunacaq və həmin hərəkətə cavab veriləcək.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru