Abituriyentlərin az bal toplamasının başlıca səbəbi müəllimlərin az maaş alması və mobil telefondur- Ekspert

Ali təhsil müəssisələrinə əvvəlki illərin məzunlarının 2-ci və 3-cü ixtisas qrupları üzrə mayın 15-də keçirilən qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, qəbul imtahanlarında abituriyentlərdən cəmi 8 nəfər 600-700 bal toplaya bilib.

Göstəricilərin ildən ilə ürəkaçan olmaması, səbəblər və çıxış yolunu müəyyən etmək üçün təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı ilə həmsöhbət olduq. Ekspert Maide.Az-a açıqlamasında problemin başlıca səbəbini müəllimlərin maaşlarının azlığında gördü.

"Əvvəllər müəllimlərin maddi sıxıntıları, probleləri az idi deyə, dərslərini də normal şəkildə keçirdilər. Bütün fikirlərini dərsə, təhsilə yönəldirdilər. Lakin indi müəllim 150-200 manat maaş alır. Bu maaşla hansı müəllim həvəslə normal dərs keçər? Təbii, belə olan halda, müəllimlər tələbələri dəb halını almış məktəbdən sonra pullu hazırlıqlara cəlb edirlər. Bundan həm təhsilimiz, həm də şagirdlərin valideyinləri əziyyət çəkir".

Problemi tək müəllimlərin üzərinə atmayan M.Zülfüqarlı, eyni zamanda şagirdləridə dərslərə etinsasız yanaşmada suçladı:

"Əlbəttdə, problem tək müəllimlərdə deyil. Şagirdlərdə əvvəlki kimi dərslərə ciddi hazırlaşmırlar. Dərslərə qeyri-ciddi yanaşırlar. Dərslərə gecikirlər, gəlmirlər, gələndə də hazır olmadıqlarını etiraf edirlər. Kimə baxırsan qulağında qulaqcıq musiqiyə qulaq asır, əllərində telefon internetdə qurtdalanır. İnternetdən istifadə etsinlər. Biz demirik tamamilə bundan uzaq durun. Lakin internetdən düzgün və səmərəli istifadə etsələr, əla olar. Lakin tələbələr interneti dərslik üçün yox, əyləncə məqsədi ilə istifadə edirlər.

Nə qədər kitabxanalarımız boş qalacaq, bu cür savadsızlaşma get-gedə böyüyəcək. Bizim zamanda kitabxanalarda növbələr olardı, amma indi kitabxana rəflərini hörümçək tozu basıb".

Sonda ekspert adiyyatı qurumların tələbələrdə kitabxanalara getmələrinin həvəsinin artırılması və internetdən dərsliklər üçün səmərəli istifadəsinin yüksəldmək üçün işlər görməsinə səslədi.

Maraq üçün onuda qeyd edək ki,  qəbul imtahanlarında abituriyentlərdən cəmi 8 nəfər 600-700 bal, 57-si 500-599, 29-u 400-499, 823-ü 300-399, 2 min 140 nəfəri 200-299 bal yığıb. İmtahan verənlərdən 10 270 nəfər isə 0-199 bal toplayıb. Bu abituriyentlərin 75 faizindən çoxdur. /

Google+ WhatsApp ok.ru