Abituriyentlərin nəzərinə! - Bu sahələrlə bağlı kadrlara daha çox ehtiyac olacaq

Abituriyentlərin nəzərinə! - Bu sahələrlə bağlı kadrlara daha çox ehtiyac olacaq

Xəbər verdiyimiz kimi 24 iyuldan etibarən abituriyentlərin ixtisas seçimi başlayacaq.  Keçən illərdə olduğu kimi bu il də bir çox abituriyentin öz istəklərinə deyil, qəbul ballarına uyğun olan ixtisasları seçəcəyi proqnozlaşdırılır.
Ancaq ixtisas seçimi edərkən bir nüans yaddan çıxır -  bir çox sahə 10 il sonra yararsız olacaq.
 
Bu barədə “Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov hələlik yalnız 1-ci və 4-cü qrup abituriyentlərin ballarını bildiyini deyib:
 
“2-ci, 3-cü ixtisas qrupunun nəticələri hələ açıqlanmayıb.  Dövlət İmtahan Mərkəzi  planlaşdırır ki, iyulun 22-də həmin imtahan nəticələrini açıqlasın. İyul ayının 24-dən avqust ayının 6-a qədər isə müsabiqə şərtini ödəmiş abituriyentlər  ixtisas seçimi edəcəklər”.
 
Onun sözlərinə görə, ixtisas seçimi zamanı edilən səhvlər üzündən bəzən yüksək bal yığmış şəxslər belə ali məktəbə daxil ola bilmir:
 
“Təəssüf ki, hər il bu və ya digər səbəblərdən müsabiqə şərtlərini ödəyən, hətta 600-dən çox bal yığmış şəxslər ali məktəbə qəbul ola bilmirlər. İxtisas seçimi edən abituriyentlər bir neçə vacib məqama diqqət yetirməlidirlər. 1-cisi mütləq şəkildə 2018-ci ildə olmuş plan yerlərinin, abituriyentlərin sayının təhlilini aparmalıdırlar. Baxmalıdırlar ki, bu il ali məktəblərə qəbul imtahanından sonra plan yerləri artıb. İkincisi dövlət sifarişli plan yerlərinin sayı 12 min idi, bu il bu rəqəm 21 minə qədər qalxıb. Bu o deməkdir ki, müəyyən ixtisaslara keçən ilkilərdən daha aşağı ballarla ödənişsiz qəbul olmaq mümkün olacaq. Digər bir vacib məqam, Dövlət İmtahan Mərkəzi tərəfindən ballarla bağlı jurnal çıxacaq. Digər abituriyentlər onların balından yuxarı neçə abituriyent olduğuna baxmalı və buna uyğun seçim etməlidirlər”.
 
Ekspert yaxın illərdə əmək bazarındakı tələbatın dəyişəcəyini vurğulayıb:
 
“Təəssüf ki, Azərbaycanda ixtisas seçimi zamanı ənənəvi ixtisaslara üstünlük verilir. 3-cü ixtisas qrupunda hüquqa, 1-ci ixtisas qrupunda neft və qazla bağlı ixtisaslara maraq var. Amma gələcəkdə informasiya texnologiyaları, turizm, heyvandarlıq, kənd təsərrüfatı, qida, alternativ enerji, nanotexnologiya– bu sahələrlə bağlı kadrlara daha çox ehtiyac olacaq. Əslində  bu gün 54 ali təhsil müəssisəmizdə tədris olunan ixtisaslar  var ki, əmək bazarındakı tələbata uyğun deyil. Biz 5 il, 10 il sonrakı əmək bazarını nəzərə almalıyıq. Bizim universitetlərimizdə elə ixtisaslar var ki, tələbələri məzun olduqdan sonra işlə təmin olunmurlar.  164 min tələbənin yalnız 42 faizi 4 ildən sonra işlə təmin olunur. Çünki ya seçdikləri ixtisas onlara uyğun olmur, yaxud da o ixtisasa əmək bazarında ehtiyac yoxdur”.
 
Onun fikrincə, Azərbaycanda qabiliyyət tələb edən ixtisaslara o abituriyentlər  gedirlər ki, onlar qəbul imtahanlarında az bal toplayırlar:
 
“Burada xüsusi istedada malik olan insanlar təhsil almalıdır, onlara gələcəkdə ehtiyac olacaq". 
 
K.Əsədov problemin insanların nə istədiklərini bilməməklərindən qaynaqlandığını deyib:
 
“Əvvəllər belə bir şey var idi ki, sən müəllim olmaq istəyirdinsə, gedib imtahan verirdin müəllimliyə. İndi tutalım ki, 3-cü ixtisas qrupuna imtahan verirsən. 1-ci yerə yazırsan hüquq, 5-ci yerə  müəllimlik, 10-cu yerə bağça müəllimliyi. Buna görə də onlar 4 illik ali təhsillərini başa vurduqdan sonra başqa sahələrə yönəlirlər. Sadəcə 42 faiz insan öz ixtisasında işləyir, 58 faizi isə fərqli ixtisaslardadır”.
 

Google+ WhatsApp ok.ru