Abortda tələf edilən qız uşaqları

Abortda tələf edilən qız uşaqları

"Exo" qəzetində "Azərbaycanda selektiv çağa qətlləri haqqında" sərlövhəli məqalə dərc edilib.
 
Yazıda hələ ana bətnində ikən bəzi qız uşaqlarının tələf edilməsindən bəhs edilir.
 
Müəllif statistikaya istinadən bildirir ki, Azərbaycanda hələlik qadınlar kişilərə nisbətən az da olsa, çoxdurlar. Ancaq nəsil artımında əks proses gedir:
"Selektiv abortlar bundan sonra da geniş davam edəcəksə, artıq əlamətləri görünən gender disbalansı qaçılmaz olacaq. Bu yaxınlara qədər Azərbaycanda qadınlar 51 faiz təşkil edirdi, indi isə bu rəqəm 50.5 faizə qədər azalıb".
 
Yazıda bildirilir ki, hazırda oğlan uşaqları daha çox doğulur. Yaxın 10 ildə ölkədə kişilərin sayı qadınlardan çox olacaq:
"Azərbaycanda doğum evlərinin əməkdaşları bildirirlər ki, əsasən oğlan uşaqları doğulur. Bu proses daha da sürətlənməkdədir".
 
Yazıda sosioloqlar qız uşaqlarının ana bətnində tələf edilməsi ilə mübarizədə müəyyən mülahizələr yürüdürlər. Belə üsullardan biri kimi dölün cinsini müəyyən etməklə bağlı UZİ prosedurlarına son qoyulması təklif edilir.
 
Amma müəllif yazır ki, qadağa olan yerdə qanunsuz əməllər aktivləşir. Rüşvət meydan sulayır.
 
Sosioloqlara görə, bu məsələdə ən təsirli vasitə əhalinin maarifləndirilməsi ola bilər:
"Qeyri-rəsmi statistikaya görə, Azərbaycanda qadınlar beş dəfədən çox aborta müraciət edirlər. Bunun səbəblərindən biri də dölün cinsi ilə bağlıdır. Belə biabırçı münasibət təkcə çağanın deyil, bütünlükdə ananın sağlamlığına təhlükədir. Bu onu göstərir ki, insanlar hələ sağlamlıq məsələsində belə, maariflənməyiblər".
 
Müəllif hesab edir ki, bu günlərdə Azərbaycanın rayonlarından birində birhəftəlik qız uşağını nənəsinin öldürməsi ilə bağlı açıqlamalar vəziyyətin ağırlığından xəbər verir. /

Google+ WhatsApp ok.ru