Şabran sakini qonşusundan və polisdən şikayətçidir

O, əlaqədar qurumlardan polislərin barəsində tədbir görülməsini xahiş edir

Şabran rayonu, Gəndob kənd sakini Həsənpaşa Abdulrəhmanov Dövlət başçısı və xanımına, baş prokurora, daxili işlər nazirinə ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib. O, məktubunda üzləşdiyi problemdən bəhs edir:
 
“Mənimlə qonşuluqda yaşayan Siracətdin Yusifli 2014-cü ildə ona iribuynuzlu mal-qara almaq üçün pul tapmağımı xahiş etdi. Dedi ki, mal-qara saxlayıb pul qazanmaq olar. Ona inanıb qohumlardan aldığım və fəhləliklə qazandığım vəsait hesabına ümumilikdə 1500 manat verdim. Hazırda uşaqlarımın təhsili ilə əlaqədar Bakıda kirayə qalıram. Mən zəng edib dəfələrlə soruşanda bu adam mənə narahat olmamağı tövsiyə edirdi. Sonradan əlavə olaraq, əkin üçün 300 manat da aldı ki, arpa əkib iribuynuzlu heyvanlar üçün yem olsun. Ot biçimi vaxtında o, məndən daha 200 manat da aldı. Bir müddət keçəndən sonra kənd əhalisindən soruşaraq maraqlandım ki, mənim iribuynuzlu heyvanlarımı Siracətdin yemləyir, ya yox? Dedilər ki, sənin adına heç bir heyvan yoxdur. Belə olan halda, Siracətdini tapıb məsələni aydınlaşdırmaq istədim. O, qəti şəkildə heyvanlarımın olmadığını, mənə də pul verməyəcəyini bildirdi. Başa düşdüm ki, məndən aldığı pula həyətində ev tikib. Mən hər dəfə şəhərə gedəndə kənd evinin açarlarını verirdim ki, həyətə tez-tez baş çəksin. Lakin son dəfə evə gedəndə gördüm ki, həyətimdə olan bir kub taxta, 4 ədəd 150 lt dəmir boçka və üç ədəd xırda gözlü setka oğurlanıb. Bu məsələdə Siracətdindən şübhələnirəm.
 
Mənə qarşı bu hərəkətə görə 2015-ci il sentyabrın 23-də Şabran Rayon Polis Şöbəsinə şikayət ərizəsilə müraciət etdim. Rəis Əli Mərdanov məni dinləyəndən sonra dərhal Əjdər adlı təhqiqatçıya məsələni araşdırmaq barədə tapşırıq verdi. Mən yazılı şəkildə ətraflı izahat verdim.
 
Bir müddət sonra yaxınlarım mənə bildirdilər ki, Siracətdin Yusifli saxlanılıb, bir neçə gün sonra buraxılıb. Baş verənlər istər-istəməz şübhə yaradır.
 
Ona görə oktyabrın 20-də ərizəmin ikinci nüsxəsini aparıb, qeydiyyata alınması üçün Şabran Rayon Polis Şöbəsinə getdim. Lakin girişdəki polis məni içəri buraxmadı və kobud şəkildə ərizəni başqa vaxt gətirməyimi söylədi. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının vətəndaşın müraciətinə bu cür münasibəti ilə əlaqədar tədbir görülməsini xahiş edirəm”.

Google+ WhatsApp ok.ru