AB Rusiyaya dair `qara siyahı`ya daha 8 şəxs və 3 şirkət əlavə edib

Avropa Birliyi yenilənmiş “qara siyahıya” Rusiya prezidenti administrasiyasının rəhbərinin birinci müavini Aleksey Qromovu, həmçinin 4 rusiyalı sahibkarı, Ukraynanın şərqindəki qondarma respublikaların 2 nümayəndəsini və Krım DİN-nin rəhbərini daxil edib.
 
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə AB-nin Rəsmi Jurnalında dərc olunmuş məlumatda bildirilir.    
 
Siyahıya “Rossiya” bankının səhmdarları – Yuri Kovalçuk və Nikolay Şamalov, sahibkar Arkadi Rotenberq, Krım DİN-nin rəhbəri Sergey Abisov,  qondarma “Donetsk Xalq Respublikası”nın Ali Şurasının spikeri Boris Litvinov və separatçı  “Luqansk Xalq Respublikası”nın mətbuat xidmətinin nümayəndəsi Oksana Çiqrina əlavə olunub.
 
Siyahıya, həmçinin, rusiyalı sahibkar Konstantin Malofeyev də daxil edilib. Kiyev onu Ukraynanın şərqində separatçıları maliyyələşdirməkdə şübhəli bilir.  
 
Qeyd olunan şəxslərin Avropa ölkələrinə girişinə qadağa qoyulub, həmçinin, onların AB məkanında olan bütün aktivləri dondurulub.   
 
Yenilənmiş sanksiya siyahısına daxil edilmiş şirkətlər sırasında Krımın maliyyə bazarının əsas oyunçusu olan Rusiya Milli Kommersiya Bankı, havadan müdafiə sistemlərini istehsal edən “Almaz-Antey” zavodu və Krıma uçuşlar həyata keçirən “Dobrolyot” aviaşirkəti var.     
 
Beləliklə, AB-nin sanksiya siyahısına, ümumilikdə, 95 fiziki və 23 hüquqi şəxs daxil edilib.     
 
Rusiya şirkətləri sanksiya siyahısına daxil edilən andan onların AB məkanındakı bütün aktivləri dərhal dondurulub.  

Google+ WhatsApp ok.ru