ABŞ və Rusiya Baş qərargah rəisləri Bakıda görüşürlər

ABŞ və Rusiya Baş qərargah rəisləri Bakıda görüşürlər

Bu gün (fevralın 15-də)  Bakıda Rusiya və ABŞ-ın hərbi liderlərinin-- ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Joseph Dunford-la Rusiya Federasiyasının baş qərargah rəisi Valery Gerasimov-un görüşü olacaq. Bu, iki ölkənin hərbi liderləri arasında 2014-cü ildən bəri ilk üzbəüz görüşdür.
 
«The New York Times» qəzetinin yazdığına görə, görüşü təşkil etmək asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Öncə Rusiya amerikalı generalın Moskvaya, ya da Belarus paytaxtına gəlməsini istəyib. Amma Pentaqon görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ancaq Ukrayna məsələsindən sonra Avropa Birliyi digər Rusiya rəsmiləri kimi V.Gerasimov-a da sanksiya qoyduğundan, bu plan da gerçəkləşməyib. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.
 
Generalların Bakı görüşünün mövzusu haqda detallı bilgi verilmir. Pentaqonun yaydığı məlumatda görüşdə ABŞ və Rusiyanın hərbi münasibətlərinin, mümkün problemləri önləməkdən ötrü vacib olan əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi deyilir.
 
«İŞI İŞ GÖRMƏK XATİRİNƏ GÖRMƏMƏLİYİK»
 
Rusiyayla ABŞ-ın hərbi münasibətlərinin yolunda olmadığı hamıya bəllidir. Elə keçən həftə Pentaqon rus qırıcılarının Qara dənizdəki ABŞ gəmiləri ətrafında təhlükəli manevrlər etdiklərini bildirib. NATO rəsmiləri belə insidentlərin son zamanlar adi hal aldığını vurğulayırlar.
 
Bundan başqa, Rusiyanın sərhədlərinə qanadlı raketlər düzməsi durumu gərginləşdirib, ABŞ Moskvanın bununla ortaməsafəli raketlər haqda 1987-ci ildə bağlanmış müqavilənin şərtlərini pozduğunu deyir. Moskva ittihamları rədd edir.
 
Odur ki, hərbi liderlərin görüşünün səmərəsi haqda fikirlər müxtəlifdir. Bəzi ekspertlərin fikrincə, ABŞ prezidenti D.Trump Rusiyayla münasibətləri yoluna qoymaq niyyətini bildirsə də, onun administrasiyasının Moskvaya münasibəti hələ aydın deyil.
 
«Məncə, əvvəl xalqa bu administrasiyanın Rusiyayla bağlı strategiyasını anlatmaq, sonra yaxınlaşmaq lazımdır… İşi iş görmək xatirinə görməməliyik. Aydın məqsədlər olmadan yaxınlaşmaq Rusiyanın dəyirmanına su tökmək olar». Bunu B.Obama administrasiyası zamanı müdafiə nazirinin köməkçisi vəzifəsini yerinə yetirmiş Elissa Slotkin «The New York Times»a müsahibəsində deyib.
 
«GENERAL BAKIYA GƏLİRSƏ...»
 
Hərbi əlaqələrin tezliklə gücləndirilməsini istəyənlər də var. B.Obama administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə ekspert kimi çalışmış Celeste Wallander hesab edir ki, Rusiyanın Suriya, Qara dəniz regionu və Baltikyanı ölkələr kimi fəal bölgələrdəki rolunu nəzərə almaq vacibdir. C.Wallander deyir ki, 2016-cı ildə də Ağ ev mümkün insidentlərin və gərginliyin qarşısı almaqdan ötrü yüksəksəviyyəli hərbi əməkdaşlıq kanalının yaradılmasına çalışıb. Ekspert indi belə bir kanalın yaradılmasının işin yalnız xeyrinə olacağını söyləyir.
 
Amma hərbi liderlər əməkdaşlığa nail ola biləcəklərmi? «The New York Times» qəzeti Rusiyanın baş qərargah rəisi V.Gerasimov-un bir qədər mübahisəli şəxs olduğunu qeyd edir. 2013-cü ildə məhz V.Gerasimov məqalələrindən birində kiber-hücumların əsaslarından və «hibrid» müharibənin müxtəlif formalarından bəhs edirdi. «Gerasimov Doktrinası» adlanan yazıda müharibəylə sülh arasındakı sərhədi ayırmağın get-gedə çətinləşəcəyi və proksilərdən, gizli taktikalardan istifadənin güclənəcəyi vurğulanırdı.
 
General J. Dunford isə 2015-ci ildə vəzifəyə təyinatıyla bağlı dinləmələrdə Rusiya haqda narahat ifadələriylə yadda qalmışdı. «Mənim fikrimcə, Rusiya bizim milli təhlükəsizliyimizə ən böyük təhdiddir…Onların davranışları yalnız həyəcan doğurur»,- demişdi.
 
«Amma general Bakıya gəlirsə, görünür, görüşünün səmərə verəcəyinə, ən azı, münasibətləri yoluna qoymaqdan ötrü başlanğıc olacağına ümid edir». «The New York Times» belə yazır.(azadliq.org) 

Google+ WhatsApp ok.ru