`Aclıq aksiyası siyasi etirazın ən kəskin forması hesab olunur`

`Siyasi məhbuslara münasibət isə daha dözülməzdir`


Xəbər verdiyimiz kimi, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov 5 sutka”kars” cəzası alıb. Hacı Mövsüm Səmədovun “kars” cəzasına etiraz olaraq artıq 5 gündür ki, aclıq aksiyası keçirdiyi qeyd olunur.   
Ölkənin tanınmış hüquqmüdafiəçisi Namizəd Səfərov baş verənlərlə bağlı İslamazeri.az  saytına deyib: “Cəzaçəkmə müəssisələrində dustaqlarla qeyri insani davranış halları baş alıb gedir. Bir sıra cəzaçəkmə müəssisələrində dustaqların saxlanma şəraiti demək olar ki, dözülməz dərəcədə ağırdır. Siyasi məhbuslara münasibət isə daha dözülməzdir. Onlar digər dustaqlarla müqayisədə hər addımda diskriminasiyaya məruz qoyulurlar. Belə bir münasibət siyasi məhbus sayılan Hacı Mövsüm Səmədova da göstərilir. Bu barədə dəfələrlə onun özü və vəkilləri bəyanatlar veriblər. Dustağın aclıq aksiyası onun saxlama şəraiti və ona qarşı davranışa etirazın ən sərt və sonuncu forması hesab olunur. Ümumiyyətlə aclıq aksiyası siyasi etirazın ən kəskin forması hesab olunur və hüquq müdafiə təşkilatları tərəfindən dərhal diqqət və kəskin reaksiya ilə qarşılanır.Bu baxımdan dövlət və onun müvafiq strukturları dustağın aclıq aksiyasına son dərəcə diqqətlə yanaşmalı, aclıq aksiyasina səbəb olmuş hallar və tələblər dərhal araşdırılmalıdır. Təəssüf ki, bizim ölkədə insan özünün maddi və ictimai əhəmiyyətini və rolunu itirmişdir. Biz də istər azadlıqda olan şəxsin, istərsə də dustağın aclıq aksiyası hakimiyyət orqanları tərəfindən qulaqardına vurulur, diqqətə alınmır və aclıq aksiyasının keçirilməsinə əsas olmuş halların aradan qaldırılması istiqamətində heç bir addım atılmır. Düşünürəm ki, bu mənfi tendensiyaya son qoyulmalı və Hacı Mövsüm Səmədovun aclıq aksiyası ölkədaxili və Beynəlxalq İnsan Hüquqları təşkilatlarının diqqətinə çatdırılmalı və aksiyaya siyasi qiymət verilməlidir.” 

 
Qeyd edək ki, Hacı Mövsüm Səmədovun cərimə kamerasına salınma cəzası bu gün bitir.

 

Google+ WhatsApp ok.ru