Adı bir milyonluq xümsdə hallandırılan ilahiyyatçı danışdı

Artıq neçə vaxtdır ki, “AAAF Park” yaşayış kompleksinin rəhbəri Tofiq Heydərovun barəsində müxtəlif xəbərlər dolaşır. Bu gün adıçəkilən sahibkarın barəsində “Yeni Müsavat”da daha bir ilginc məlumat yer aldı. Xəbər isə ondan ibarətdir ki, T.Heydərov 2011-ci ildə Bakıda Azərbaycan İslam Partiyasının (AİP) xətti ilə mitinqlər təşkil edən ilahiyyatçı Zülfüqar Mikayılzadə ilə sıx əlaqələri olub və bu mitinqlərin təşkilinə dəstək verib.
 
Xatırladaq ki, Z.Mikayılzadəyə bu mitinqlərə görə şərti həbs cəzası verilib.
 
Aldığımız yeni məlumatda bildirilir ki, T.Heydərov “AAAF Park” yaşayış kompleksində toplanan xümsu Z.Mikayılzadəyə verirmiş. Xəbərdə kompleksdə toplanan xümsun illik məbləğinin 1 milyon dollar olduğu deyilir. O da qeyd edilir ki, İran müctəhidləri bu xümsu dini fəaliyyət üçün Z.Mikayılzadənin götürməsinə icazə veriblərmiş.
 
Bundan başqa, T.Heydərov “AAAF Park” yaşayış kompleksindən Z.Mikayılzadəyə 87.565 manat dəyərində olan ev verib. Məlumatda o da qeyd edilir ki, T.Heydərovla Z.Mikayılzadənin 2015-ci ilin parlament seçkilərinə yönəlik bir sıra ciddi planları var. T.Heydərovun axşamlar AİP-in sədr əvəzi Elçin Manafovla görüşdüyü və tez-tez İrana səfər etdiyi də bildirilir.
 
Yayılan məlumatda T.Heydərovun İrana tez-tez səfərinin arxasındakı sirrin artıq açıldığı və bunun Azərbaycandakı dindarlarla sıx əlaqələri ilə bağlı olduğu bildirilir. 
 
Məsələni dəqiqləşdirmək üçün Zülfüqar Mikayılzadə ilə əlaqə saxladıq. Müsahibimiz məsələyə XeberLent.az informasiya agentliyi vasitəsiylə şərh verərkən bunları dedi:
 
“Əvvəla, onu qeyd edim ki, Tofiq Heydərovun vəhhabiliklə heç bir əlaqəsi yoxdur. O, şiə əqidəsinə malik olan bir şəxsdir. Bir yerli kimi mənim T.Heydərovla əlaqəm olub, var və bundan sonra da olacaq. Şəxsən özüm onunla məsciddə namaz qılmışam və onun hansı əqidəyə malik olduğuna da şahidəm. Vəhhabi damğasını ona vurmaq ədalətsizlikdir. Qaldı ki, guya, mən ondan 1 milyon dollar dəyərində xüms alaraq hansısa mitinq təşkil etmişəm və 2015-ci ilin parlament seçkilərində nəsə planlaşdıraraq bu pulları ora xərcləmişəm, bu, açıq-aydın yalandır. Bizim onunla heç bir maliyyə, xüms və bu kimi işlərə görə nə söhbətimiz, nə də ki, görüşümüz olmayıb. Qaldı ki, onunla görüşməyimizə, bəli, nə vaxt ki, mən yaşayış kompleksinə getmişəm, o zaman onunla görüşmüşəm. Bundan başqa, bizim heç bir mütəmadi görüşümüz baş tutmayıb.
Ev məsələsinə gəldikdə bəli, mənim də bir çoxları kimi həmin yaşayış kompleksində evim var. Lakin bunu mənə T.Heydərov pay verməyib, özüm almışam. Əgər kiməsə maraqlıdırsa, qəbzləri də göstərə bilərəm”.
 
Qeyd edək ki, T.Heydərov əvvəllər AZAL prezidenti Cahangir Əsgərovun rəhbəri olduğu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti olub.

Google+ WhatsApp ok.ru