ADP son günlər ölkədə baş verən prosesləri dəyərləndirib

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Partiyanın mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk öncə hüquq müdafiəçisi və jurnalist, Demokratiya və QHT-lərin İnkişaf Resursu Mərkəzinin təmsilçisi İ.Nəsibovun vəhşicəsinə, xüsusi amansızlıqla döyülməsi faktından ciddi narahat olduğunu bildirib və insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bu zorakılıq faktını qətiyyətlə pisləyib. Partiya yetkililəri Naxçıvanda baş verən bu hadisəni son vaxtlar hakimiyyətin Azərbaycanda hüquq müdafiə təşkilatlarına, jurnalistlərə və digər vətəndaş cəmiyyəti institutlarına qarşı başlatdığı təzyiq və repressiyanın davamı kimi dəyərləndirib və bu basqıların məhz Azərbaycanın növbəti dönəmdə Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi dövrə təsadüf etməsindən dolayı daha dözülməz olduğunu diqqətə çatdırıb və Avropa Şurası rəhbərliyini baş verən bu üzücü hadisəyə görə hakimiyyətdən izahat tələb etməyə, hakimiyyəti isə İ.Nəsibovla bağlı faktı araşdırmağa, günahkar şəxsləri cəzalandırmağa çağırıb.
 
İdarə Heyəti son vaxtlar ölkədə müxtəlif səbəblər ucbatından intiharların artmasından ciddi narahat olduğunu bildirib və bu intihar faktlarının arxasında vətəndaşların mənəvi psixoloji vəziyyətinin getdigcə ağırlaşması, monopoliya, korrupsiya və rüşvətxorluq faktlarının sosal gərginlikləri daha da gücləndirməsi, məmurların vətəndaşlarla saymazyana və qaba rəftarı, mülkiyyət hüquqlarının pozulması, polis zorakılığı, vətəndaşların ali instansiyalara şikayətlərinin qarşısının alınması və ictimai-siyasi proseslərin antidemokratik xarakter alması durduğunu qeyd edib və hakimiyyəti ölkədə mənəvi psixoloji durumun yaxşılaşdırılması, sosial iqtisadi gərginliyin aradan qaldırılması və ölkədə siyasi plüralizmin bərqərar olması istiqamətində təcili addımlar atmağa çağırıb.
 
İdarə Heyəti  Rusiyanın patronajlığı ilə Abxaziyada keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib və seçkilərin məhz Rusiyanın təzyiq və siyasi təsiri ilə keçirildiyini, Gürcüstanın müstəqilliyi və bütövlükdə beynəlxalq hüququn tələblərinin pozulması hesabına baş tutduğunu qeyd edib və dünya ictimaiyyətinin Abxaziyada keçirilən seçkilərin nəticələrinin tanımaması faktına hörmətlə yanaşdığını bildirməklə adı çəkilən ölkədə keçirilən seçkilərin nəticəsini tanımadığını bəyan edib.
 
İdarə Heyəti Şəhidlər Xiyabanında şəhid məzarlaraına qarşı yönəlmiş çirkin əməlləri qətiyyətlə pisləyib, bu və buna bənzər hadisələrin son vaxtlar rus meyilli qüvvələrin aktivləşməsi, Azərbaycan əleyhinə yönəlmiş bəyanatlar səsləndirməsindən sonra daha da artdığını bildirib və hakimiyyəti bu faktı törədənlərin axtarıb tapılması və layiqli cəza verilməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.
 
İdarə Heyət Türkiyə və Azərbaycan tarixində dərin sağalmaz iz buraxan, təriqət və məzhəbçilik zəmininə söykənərək iki qardaş xalqı bir-birinə qarşı qoyan, acı nəticələrindən türk və müsəlman xalqlarının düşməni olan yadelli qüvvələrin işğalçı yürüşlərinə stimul yaradan Çaldıran döyüşünün 500 illik tarixinin tamam olmasına münasibət bildirib və təriqət davalarının geniş yer aldığı indiki dövrdə baş vermiş bu tarixi hadisədən düzgün nəticə çıxarmağın və iki qardaş xalq arasında mənəvi, dini, tarixi və mədəni əlaqlərəin daha sıx şəkildə inkişaf etdirilməsinin vaciblıiyini diqqətə çatdırıb. 
 
Toplantının sonunda cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
 

Google+ WhatsApp ok.ru