AİDS-dən müalicə olunanların sayı 21 milyona çatır

AİDS-dən müalicə olunanların sayı 21 milyona çatır

-- Azərbaycanda İİV infeksiyası təsdiqlənən 6 min 575 nəfər qeydiyyata götürülüb

Dünyada HIV-nin (azərbaycanca İİV-İnsanın immun çatışmazlığı virusu) müalicəsi üzrə gözəçarpan irəliləyiş əldə olunub. 1 dekabr – Ümumdünya AIDS günü ərəfəsində, UNAIDS yeni hesabatında bu xəstəlikdən müalicəyə çıxışın yaxşılaşdığını bildirib.
 
2000-ci ildə 685 min HIV-li şəxs antiretrovirus müalicəsi ala bilibsə, bu ilin iyununda 20 milyon 900 min nəfər həyatlarını xilas edən dərmanlara çıxış əldə edib.
 
97 FAİZ AZ
 
Qurum bildirir ki, HIV-li şəxslərin cəsarəti və hüquqlarını tələb etmək qətiyyəti, eləcə də möhkəm və güclü liderlik, maliyyə öhdəliklərinin yerinə yetirilməsi olmasaydı, belə dramatik sıçrayış da baş verməzdi.
 
Hesabatda qeyd olunur ki, müalicə alan şəxslərin sayının artması HIV-li şəxslərin sağ qalması, özünü yaxşı hiss etməsi deməkdir. Elmi araşdırmalar göstərir ki, effektiv antiretrovirus terapiyasına əməl edən HIV-li şəxs bu virusu 97% az keçirir.
 
Müalicənin miqyası artıq HIV-li hamilə qadınları da əhatələdiyindən, uşaqlar arasında yeni HIV infeksiyaları azalıb. 2010-2016-cı illərdə şərqi və cənubi Afrikada uşaqlar arasında yeni HIV-yə yoluxma halları 56% düşüb. Afrika HIV-yə ən çox yoluxmanın qeydə alındığı regiondur. Dünya üzrə azalma isə 47%-dir.
 
AZƏRBAYCANDA
 
“Sağlamlıq hüququ” adlı yeni hesabatda o da qeyd olunur ki, cəmiyyətdə HIV-yə ən çox yoluxmuş və ən çox təcrid olunanların tibbi və sosial xidmətlərə çıxış əldə etməsində də böyük problemlər var.
 
2017-ci ilin 9 ayında AIDS-lə Mübarizə Mərkəzində Azərbaycanda HIV-yə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfər təşkil edib.
 
Ümumilikdə, Azərbaycanda HIV infeksiyası təsdiqlənən 6 min 575 nəfər qeydiyyata götürülüb.
 
HIV müalicə olunmadıqda AIDS-ə gətirib çıxara bilər. AIDS (QİÇS) – qazanılmış immun çatışmazlığı sindromudur.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru