Şagirdlərin təxminən 9 faizi icbari təhsildən yayınıb

Şagirdlərin təxminən 9 faizi icbari təhsildən yayınıb

Məleykə Abbaszadə: “Birinci sinfə gedən şagirdlərin təxminən 9 faizi icbari təhsildən yayınıb”
 
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. 
Çıxış edən Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı aparılan statistik təhlilin nəticələri göstərir ki, müvafiq ildə I sinfə gedən şagirdlərin təxminən 9 faizinin adları bu il IX siniflərin məlumat bazalarında aşkar edilməyib, yəni onlar icbari təhsildən yayınıblar: "Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır".
 
İclas iştirakçıları müzakirələr zamanı vurğulayıblar ki, bu, təkcə hansısa bir qurumun deyil, bütün cəmiyyətin qarşısında duran vacib məsələlərdəndir.
M.Abbaszadə təhsil nazirinin müavini C.Bayramova müraciət edərək, TQDK tərəfindən hər il hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınmaq üçün sözügedən məsələyə dair nazirlikdə mövcud olan məlumatların təqdim olunmasını xahiş edib.
 
C.Bayramov mövzunu davam etdirərək başqa bir statistik təhlilin nəticələrini iclas iştirakçılarının nəzərinə çatdırıb: “Bu il məktəbə 1 il və daha artıq gec gedənlərin sayı 10 faiz təşkil edib ki, bu da ürəkaçan rəqəm deyil. Təhsil Nazirliyi bununla bağlı hər hansı təsir mexanizminə təbii ki, malik deyil. Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən ilə azalır. Ümumiyyətlə, Nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur”. (report) /

Google+ WhatsApp ok.ru