Aida Qəmbər: “Yəmən münaqişəsinin həllinə tərəflər hazır deyil”

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Yəmən sülh danışıqlarının noyabrın ortalarına qədər yenidən başlayacağını bildirib. O, çıxışında Yəmən münaqişələrinin artıq 7 ayı keçdiyini və ölkədə ciddi mənada bir humanitar böhranın mövcud olduğunu bildirib. Səudiyyə mediasının Yəmən sülh danışıqlarının uğursuz nəticələnəcəyi istiqamətində həqiqətdən uzaq xəbərlərinə toxunan Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Səlam, bu kimi məlumatların yayılmasında əsl məqsədin xalqın aldadılması və ictimaiyyətin həqiqətlərdən yayındırılması olduğunu bildirib.
 
Yaxın Şərq üzrə ekspert Aida Qəmbər Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, problem son dərəcə mürəkkəb bir fazaya keçib: “İndiki mərhələdə BMT-nin Yəmənlə bağlı təklif etdiyi sülh paketi qəbul olmağı mәqsәdә uyğundur. Bu münaqişə ocağı ilə bağlı bir çox dövlətlər öz maraqları çərçivəsindən çıxış edirlər. Bu baxımdan Yəmən problemi tez bir zamanda həllini tapması inandırıcı görünmür. Səudiyyə Ərəbistanının bu münaqişədə bir tərəf kimi iştirak etməsi heç də xoş ovqat yaratmır.
 
Çünki Yəmən problemini ölkə daxilində olan qüvvələr həll etsəydilər daha doğru olardı. Hər hansı ölkə daxilində olan problemlərin xarici müdaxilə ilə həll edilməsi problemin miqyasını bir az böyüdür. Səudiyyə Ərəbistan yarmadasında lider dövlət statusunu qoruyub saxlamaq istəyir. Bu baxımdan bölgədə olan hər bir prosesə sözlə də olsa münasibət bildirmək istəyir. Təbii ki, bu mövzuda da Səudiyyə Ərəbistanı öz maraqları çərçivəsində çıxış etmək istəyir. Əslində Yəmən münaqişəsi ilə bağlı problemin həllinə tərəflər hazır deyil”. /
 

Google+ WhatsApp ok.ru