Ailələrdə boşanma halının əsl səbəbləri

Ailələrdə boşanma halının əsl səbəbləri

2016-cı ilin 11 ayı ərzində Azərbaycanda qeydə alınan boşanmaların sayı açıqlanıb.
 
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-noyabr ayları ərzində 12 min boşanma halı qeydə alınıb.
 
Bəs ildən-ilə boşanmaların sayının artması nə ilə bağlıdır?
 
Maide.Az xəbər verir ki, bakipost.az-ın sualını cavablandıran Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, nikahlar adətən tələskənliyə yol verildiyi üçün pozulur: "Əslində biz rəqəmləri qeydə aldığımız zaman qeyri-rəsmi nikahları qeydə almırıq. Qeyri-rəsmi nikahlarda da boşanmalar, dünyaya gələn uşaqlar var və bu nikahlar heç də rəsmilərdən az deyil. Rəqəmlər bərabər olmasa da, hər halda 25-30 faiz çoxluq təşkil edir.
 
Adətən nikaha girərkən tələskənliyə yol verirlər. Həmçinin maraqlar çərçivəsində qurulan və valideynlərin istəkləri olan məcburi nikahlar da az deyil.
 
Ümumiyyətlə, sosial şəbəkələrdə tanış olub, haradasa təsadüfi tanışlıqla aşiq olub evlənən cütlüklər də var. Çox az halda tərəflər bir-birini tanıyıb, sonra nikaha girir, qarşı tərəflə bir-biri ilə bütün nüansları müzakirə edib ailə qururlar.
 
Adətən biz ailə qurarkən tələskənliyə yol veririk. Sadəcə ailə qurub, nəsil artırmaq istəyənlər bu formada nikaha girirlər".
 
Mehriban Zeynalova qeyd edib ki, münasibətlərin sabit və davamlı olmamasının əsas səbəbi ümumi ailə münasibətlərində olan bir boşluqdan irəli gəlir: "Bu gün biz yazılmamış qanunlarla ailəni idarə etmək istəyirik. Həm də qanunları kifayət qədər qəbul etmirik. Qanunlarla yazılmamış qaydalar bir-biri ilə ziddiyyət təşkil edir. Qadınların bəziləri kifayət qədər öz hüquqlarını bilir, bir qismi isə köhnə qaydalarla ailənin idarə olunmasının əleyhinədir. Xüsusilə də onlar sərbəst olmaq istəyir.
 
Kişilər ailə məsuliyyətinin kifayət qədər olan öhdəliyini çiynində daşımaq istəmir. Yük qadınların çiyninə düşür. Bu da münasibətlərin gərginləşməsinə gətirir.
 
Əvvəlki patriarxal ailə modelində kişi işləyib, qadın isə ailə idarəçiliyini tənzimləyirdi. İndi isə qadın həm işləməli, həm ailə idarəçiliyini tənzimləməli, həm də kişinin azadlığını əlindən almamalıdır. Yəni burada kişi ailə başçısı modelini kifayət qədər icra etmir.
 
Bəzi hallarda ailədə həm kişi, həm də qadın tərəfindən xəyanətlər olur. Sosial şəbəkələr, kənar və valideynlərin müdaxiləsinin hamısı ailələrinin dağılmasına səbəb olur. Daha çox dəyərlər sisteminin pozulması ailənin pozulmasına gətirib çıxarır".
 
Birlik rəhbəri hesab edir ki, 2017-ci ildə bu cür boşanmalar olmayacaq: "Çünki hazırda baş verən hadisələr, dünyadakı böhranın Azərbaycana təsir etməsi, ola bilər ki, bəzi ailələrin dağılmasını səngitsin. Həm qadınların, həm kişilərin təkrar ailə qurması bir az problem yaradacaq. İqtisadi problemlər də bəlkə ailənin hələlik dağılmasına mane olsun. Bu il rəqəmlər bu qədər olmaya bilər. Amma hadisələrin gedişatını bilmək olmaz.
 
Əgər köhnə qaydalarla idarə etmək, qanunlara tabe olmamaq, eyni zamanda kişilər yenə də ailə öhdəliyini öz çiyinlərinə götürməsə, onda qeyri rəsmi-nikahlar çoxalacaq. Yenə də qeyri rəsmi-nikahların statistikası müəyyən olunmayacaq. Biz prosesləri izləməliyik. Amma mən görürəm ki, kişilər ailənin nə köhnə patriarxal ailə modelini qoruyub saxlamaq, nə də yeni münasibətlər və təzə qanunlara uyğunlaşmaq istəyirlər. Bu ailənin kifayət qədər sabit qalmasına təsir edir. Qadınlar köhnə qaydalarla idarə olunmaq, kişilər isə sərbəstlik vermək istəmir, valideynlər isə çox pis şəkildə ailəyə müdaxilə edirlər. Bunlar hələ dəyişmədiyindən boşanmaların sayının qarşısının alınması məsələsi real görünmür. Artım da ola bilər. Amma yeganə variant bu çətin şəraitdə ola bilər ki, hansısa stabil dayanmalar olsun. Bir az azalma olsun". /

Google+ WhatsApp ok.ru