Ailəsi Tale Bağırzadə ilə görüşüb

Ailəsi Tale Bağırzadə ilə görüşüb

Ailəsi Tale Bağırzadə ilə görüşüb, Hacı aclığı davam etdirdiyini bildirib.
 
Maide.Az bildirir ki, Leyla İsmayılzadə Azadlıq Radiosuna danışır ki, fevralın 12-də günortadan sonra həyat yoldaşıyla görüşə bilib. Onun sözlərinə görə, bu, məhbusun ailə üzvləri ilə adi görüşlərindən olmayıb. Qobustan həbsxanasının rəisi Aftandil Ağayevin otağında baş tutub və L.İsmayılzadənin bildirdiyinə görə, gərgin keçib:
 
​«15 gün idi heç bir xəbər ala bilmirdik. Rəis bizi qəbul elədi və təbii ki, təzyiqlərlə bağlı deyilənləri inkar etdi. Soruşduq ki, axı bu adam niyə evə zəng eləməməlidir? O bilir ki, anası ağır xəstədir, bu günlərdə əməliyyat olunub. Belə bir vəziyyətdə yaxınlarını niyə narahat etsin? Dedi ki, guya, özü telefon zənglərindən imtina edib. Az sonra Taleh Bağırovun özünü gətirdilər. O isə elə rəisin yanında bildirdi ki, yalandır, ona telefonla danışmağa imkan verilmir. Hətta belə bir cümlə işlətdi ki, «mən 1-2 dəqiqə də olsa, ailəmlə danışmaq istəyərəm, siz imkan vermirsiz». Dedi ki, «qollarımın qanqren həddinə çatdırılması da sizlik deyilsə, bəs kimlikdir?». Vəkillə görüşə isə özü çıxmadığını təsdiqlədi. Bildirdi ki, daha bir vəkilinin bir bəhanə ilə fəaliyyətinin dayandırılmasını istəmir, ona görə görüşə çıxmayıb. Əgər zəngə icazə verməyib, vəkillə görüşə icazə verirlərsə, deməli, nəsə planları var».
 
Həyat yoldaşı deyir ki, T.Bağırov elə rəisin yanında həm özünə, həm də Qobustan həbsxanasındakı digər Nardaran məhbuslarına qarşı təzyiqlərə etiraz olaraq, aclığa başladığını və aksiyanı davam etdirdiyini bildirib: «Mən soruşdum ki, aclıq etməyin doğrudurmu? Dedi, bəli, 12 gündür ki, aclıq edirəm, özünə edilən əziyyətlərə, xüsusən Cabbar Cabbarova verilən işgəncələrə görə. Rəis də qayıtdı ki, «Cabbar ayrıca fərddir, narazılığı varsa, özü şikayət eləsin». Taleh Bağırov cavabında dedi ki, «o adamla biz birlikdə həbs edilmişik. Günahsız məhkum edilən bir adama qarşı zülmə etiraz eləmək mənim borcumdur»».
 
L.İsmayılzadənin sözlərinə görə, həbsxana rəisinin otağında görüş ümumilikdə 15 dəqiqə çəkib, onun beş dəqiqəsində T.Bağırov iştirak edib: «Taleh gördü ki, rəis olanları inkar edir, əsəbiləşdi, durub çıxıb getdi...». /azadliq.org /

Google+ WhatsApp ok.ru