Aşkarda şeytana lənət edib, gizlində ona itaət etməyək

Uşaqkən tez-tez nənəmin ağzından "Allah şeytana lənət eləsin" dediyini eşitmişdim. Zaman keçdikcə isə insanların da bir-birlərinə lənət oxuduqlarını gördüm.
Həmişə düşünürdüm ki, görəsən bu "lənət" sözünün mənası nədir? Araşdırdım və öyrəndim ki, sən demə bu, "Allahın rəhmətindən uzaq ol" deməkmiş. Sözün doğuru, əvvəlcə çaşıb qaldım. Yəni fikrimdə nəsə asıb-kəsmə, əlil-şikəst qalmaq kimi bir şey canlandırırdım.
 
Sonra oturub düşünməyə başladım: Allahın rəhməti nədir?
 
Ətrafıma boylandım, hər yerdə  - açan çiçəklər, əsən yellərdə, nur saçan günəşdə, civildəyən quşlarda... rəhmət yağışı gördüm. Onun rəhməti o qədər böyük və genişdir ki, bunu ölçmək qeyri-mümkündür.
Düşündüm və gördüm ki, Allah-Təalanın bu böyük rəhməti olmasaydı, insanın üzü gülməz və səadət nədir bilməzdi. Rəhmanımızın mərhəməti hər dəqiqə, hər saniyə  kainatı daxildən və xaricdən bürüyərək, yağış kimi  bəşəriyyətin üzərinə enir.
Onun rəhməti gələn bəlalara qarşı sipər, dalğalanan fəlakətlərin önündə sədd, çarəsizlərə uzanan müşviq bir əldir. Qurani-Kərimdə də  üsyan vadisində günah bataqlığında çabalayanları bəndələrini böyük  Yaradan rəhmətindən faydalanmağa çağıraraq "Yusif" surəsində buyurur: "Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər".
 
Ümumiyyətlə Quranda bir neçə surədə lənətlər gəlib. Mən bunlardan bəzilərini xatırlatmaqla, hər kəsi etdiyi  davranışlarda ehtiyatlı olmağa çağırıram.
 
"Bəqərə", 89: "Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!"
"Bəqərə", 159: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!"
"Bəqərə", 161: "Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!"
"Nisa", 48: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur".
"Maidə", 13: "(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini  sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir".
"Əraf", 44: "Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?" Onlar: "Bəli!"- deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!"
"Tövbə", 68: "Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!"
"Rad", 25: "Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır".
Yazımın sonunda hər kəsə bəddua edərkən diqqətli olmasını, həmçinin lənət sahibi olmamağa və insanların razılığını Allahın razılığından üstün tutmamağa çağırıram. Çünki nahaq bəddua sahibinə qayıtdığı kimi, haqqına olan lənətdən də dəhşətli bir şey yoxdur: "Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar" ("Nisa", 93).
 
Emilya Vaqifqızı

Google+ WhatsApp ok.ru