Alatavanı su basdı və ...

Alatavanı su basdı və ...

"Yeni Müsavat" qəzetində  "Alatavanı su basdı, "Azərsu" səbəbini açıqladı: Texniki nasazlıq yaranıb..." sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ötən gecə Bakının Yasamal rayonundakı II Alatava qəsəbəsində su anbarının daşmasının az qala böyük fəlakətlə nəticələnəcəyini bildirir.
 
"Gecə saatlarında anbarın daşması məhəlləni su altında qoyub, evləri, həyətləri su basıb, mənzillər palçıqla dolub, bərbad vəziyyətə düşüb və vətəndaşların elektron avadanlıqlarına ciddi şəkildə ziyan dəyib", müəllif belə deyir.
 
Müəllif hadisə barədə danışan sakinlərin sözlərinə əsasən deyir ki, anbarla evləri ayıran istinad divarı uçmaq təhlükəsi ilə üzləşib, çəpər zədələnib, divarın bəzi hissələri ovularaq tökülüb və güclü su şırnağı evləri vurub.
 
"Su anbarının daşması iki səbəbdən ola bilər: ya "Azərsu" ASC-nin əməkdaşları səhlənkarlıq edərək anbara gələn suyu bağlamağı yaddan çıxarıblar, ya da anbarda sızma olub", deyə müəllif kənd sakinlərinin sözlərinə əsasən bildirir.
 
Yazı müəllifinin sözlərinə görə, zərər çəkən sakinlər ASC-nin ərazidəki məsul şəxslərini günahlandırırlar.
 
Sakinlərin sözlərinə görə, yalnız gecə saat 3 radələrində suyun həyətlərə, evlərə dolmasının qarşısını almaq mümkün olub: "Nəticədə onlarla ev ziyan görüb, həyətlər indiyə qədər palçıq içindədir, məişət avadanlıqları sıradan çıxıb. Sakinlər "Azərsu" ASC-dən kompensasiya tələb edirlər", deyə müəllif vurğulayır.
 
Müəllif deyir ki, məhəllə sakinləri su idarəsi işçilərini anbarın ağzını bağlamamaqda qınayırlar: "Allah bilir ki, həmin vaxt harada olublar. Bu qədər məsuliyyətsizlik, səhlənkarlıq olmaz, burada yüzlərlə ev var. Bir-iki adamın diqqətsizliyi ucbatından bütün Alatava su altında qalacaqdı. Onlar su anbarı dolanda su borularını bağlamalıdırlar. Ancaq görünür ki, yaddan çıxıb, anbar daşıb və divarı keçib, həyətləri su basıb".
 
Yazı müəllifinin dediyinə görə, II Alatavada ən çox zərər çəkənlərdən biri - Mehman adlı şəxs deyir ki, evinin divarı çat verib, palçıq evin içinə girib: "Hamam, tualetin divarı çöküb, otaqların hamısı palçıq içindədir. Əgər 5-10 dəqiqə gec gəlsəydilər, evlər gedəcəkdi".
 
Müəllif müşahidələrə istinadən deyir ki, hələ də həyətlər palçıq içindədir, zərər çəkən sakinlər həftənin bazar ertəsi günü "Azərsu" ASC-yə getməyə hazırlaşırlar və dəyən ziyanın qarşılanmasını tələb edəcəklər, çünki su anbarı işçilərin səhlənkarlığı ucbatından daşıb.
 
Müəlif deyir ki, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı musavat.com-a bildirib ki, hadisə gecə saat 00:30-da olub, su qəbulu zamanı xətdə texniki nasazlıq yaranıb, amma qısa müddətdə texniki nasazlıq aradan qaldırılıb.
 
 

Google+ WhatsApp ok.ru