Aldım qoz, satdım qoz...

Aldım qoz, satdım qoz...

-- 2017-ci ildə Azərbaycanın turizm gəlirləri 1,3 milyard dollar olub

"Azadlıqinfo.az"  saytında diqqəti "Aldım qoz, satdım qoz, mənə qaldı şax şaxı" sərlövhəli məqalə cəlb edir.
 
Məqalədə tanınmış iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib və iqtisadçı Azərbaycan və Gürcüstan turizmi arasında paralellər aparır.
 
İqtisadçı Azərbaycan turizmində bahalığın hələ davam etməsini vurğulayaraq deyir ki, Azərbaycana gələn 1 turistin xərci Gürcüstana gedən iki turistin xərcinə bərabərdir.
 
Q.İbadoğlu bildirir ki, 2017-ci ildə Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb, 2,5 milyon nəfəri ötüb.
 
Amma iqtisadçı xatırladır ki, bu halda belə bu rəqəm Gürcüstanın müvafiq göstəricisindən 3 dəfə azdır: "Belə ki, Gürcüstanı 2017-ci ildə 7 554 936 turist ziyarət edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin sayına görə liderlik Ermənistana məxsusdur - 1 718 016 nəfər.
 
Reytinqdə ikinci yeri azərbaycanlı turistlər - 1 694 998 nəfər, üçüncü yeri rusiyalı turistlər - 1 392 610 nəfər tutur. Gürscüstan ötən il xarici turizmdən 2,2 mlrd. dollar, Azərbaycan isə 1,3 mlrd. dollar qazanıb.
 
Q.İbadoğlu diqqəti Azərbaycana və Gürcüstana gələn turistlərin xərclərinə yönəldərək deyir ki, Gürcüstana gələn hər turist orta hesabla 291,2 dollar, Azərbaycana gələn hər turist isə orta hesabla 524,6 dollar məsrəf edib: "Demək olar ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn və bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycana gəlmirlər və ordan da geri qayıdırlar".
 
Q.İbadoğlu hesab edir ki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını cəlb edə bilsə onda bizim bu sektordan gəlirlər ən azı 2 dəfə arta bilər.
 
Ekspert xüsusi vurğulayır ki, Azərbaycanda turizmin inkişaf meylləri olsa da turizm xidmətlərinin həddən artıq bahalığı və keyfiyyətcə Gürcüstandan geri qalması Azərbaycandan turist axınına səbəb olur.
 
Q.İbadoğlu hesab edir ki, elə bu səbəbdən də 2017-ci ildə 1 694 998 nəfər azərbaycanlı dincəlmək və gəzmək üçün Gürcüstanı seçib, bütünlükdə isə azərbaycanlı turistlər xaricdə 1,2 mlrd. dollar xərcləyib, 2017-ci ildə Azərbaycanın turizm gəlirləri isə 1,3 milyard dollar olub.
 
Ölkəyə gələn turistlərin Azərbaycanda xərclədiklərilə, azərbaycanlı turistlərin xaricdə xərclədikləri arasında paralel aparan ekspert Azərbaycanın bundan güclü xeyirlə çıxmamasını "aldım qoz, satdım qoz, mənə qaldı şax şaxı" el misalı ilə diqqətə çatdırır.
 

Google+ WhatsApp ok.ru