Ali məktəblərə yeni qəbul qaydaları – dəyişən tək qaydalarmı olacaq?

Ali məktəblərə yeni qəbul qaydaları – dəyişən tək qaydalarmı olacaq?

Kamran Əsədov: “Tətbiq olunacaq yenilik repetitorluğa ciddi zərbə vuracaq, orta məktəblərin nüfuzunu qaldıracaq...”
 
Azərbaycanda ali məktəbə qəbul qaydaları dəyişdirilir. Belə ki, Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib. Bu barədə ötən sayımızda məlumat vermişik.
 
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, buraxılış və qəbul imtahanlarının birləşdirilməsi birincinin çətinlik səviyyəsini artıracaq: “Hazırda ali məktəblərə qəbul olmaq üçün abituriyentlər 4 ixtisas qrupu üzrə həmin ixtisas qrupuna daxil olan 5 fəndən imtahan verirlər. Və əlavə olaraq, buraxılış imtahanlarında 3 fəndən ayrıca imtahanda iştirak edirlər. Bu da 8 fənn edir. Buraxılış və qəbul imtahanlarında təkrar olunan fənlər yalnız bunlardan birində qalacaq. Yəni Azərbaycan dili, riyaziyyat və xXarici dil fənləri ya qəbul yada buraxılış imtahanlarında saxlanılacaq və ya buraxılış imtahanlarında hansısa fənlər çıxarılıb digərləri ilə əvəz olunacaq ki, o fənlər də qəbul imtahanlarında olmayacaq. Bu dəyişiklik 2019-cu ildən tətbiq olunacaq. Əslində DİM-in açıqlamasından belə aydın olur ki, gələn ildən qəbul imtahanlarında daha 5 fənn yox, 6 fəndən imtahan olacaq. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək, buraxılış imtahanında fənlərin sayını artırmaq və ya qəbul imtahanlarında fənlərin sayını azaltmaq sualların çətinlik dərəcəsini artırmaq deməkdir ki, buna, hələ ki bizim reallıq və məktəblərimiz hazır deyillər. Hal-hazırda Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərin sayına və çətinlik dərəcəsinə görə çox ağır imtahanlar sırasındadır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında göstərilib ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki, bütün ixtisas qruplarında riyaziyyat fənninin olması anlaşılan və faydalı deyil”.
 
Ekspertin fikrincə, humanitar sahəyə gedən şəxs daha çox oxumaq istədiyi və marağı olduğu istiqamətlər üzrə lazım olan fənlərdən imtahan verməlidir: “Tarixçinin, hüquqşünasın akademik səviyyədə riyaziyyatdan imtahan verməsi lazım deyil. Bundan əlavə, orta məktəbin nüfuzunun qaldırılması, şagirdlərin buraxılış imtahanlarına və orta məktəb dərslərinə maraqlarının artırılması üçün 2019-cu ildən tətbiq ediləcək yeniliklər mütərəqqi addım olacaq. Ali məktəblərə qəbul sadə olmalıdır. 2019-cu ildən tətbiq olunacaq yenilik repititorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Mən hesab edirəm ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi repititorluğun aradan qaldırılmasına kömək edəcək. Lakin şagirdin keçdiyi fənlər üzrə qiymətləndirmə aparılmalı və bunun mexanizmi hazırlanmalıdır”.
 
K.Əsədov vurğuladı ki, son illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhsili zamanı ortaya çox fərqli bir mənzərə çıxır: “Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. DİM tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repititorluğu daha da gücləndirən amillərdəndir. Mənim təklif edəcəyim yeniliklərdən biri də odur ki, humanitar, təbiət elmləri, riyaziyyat-informatika və digər təhsil sahələri üzrə qiymətləndirmənin nəticələri ümumiləşdirilməli və abituriyentə bununla bağlı sertifikat verilməlidir. Abituriyent də hansı sahə üzrə daha yüksək göstəricisi varsa, o sahəyə getməlidir. Doğru deyil ki, şagird buraxılış imtahanı verir, bir ay sonra da qəbul imtahanı başlayır. Buraxılış imtahanlarında minimal tələblərin qoyulduğunu, bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsinin əsas məqsəd olmadığı, qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasında ən yaxşı bilənlərinin seçilməsinin əsas məqsəd olduğunu qeyd etmək lazımdır”.
 
Ekspertin fikrincə, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir: “Buna, hələ ki bizim reallıqda məktəblərimiz hazır deyil. Bu prosesi həyata keçirmək 12 illik təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış çox çətindir. Bir məsələni qeyd edim ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi fikri yeni məsələ olmayıb, uzun illərdən bəri zaman-zaman gündəmə gətirilən məsələlərdən biridir. Belə bir sistem dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən keçmiş sovet respublikalarının bəzilərində də neçə illərdən bəri uğurla tətbiq olunur. Hazırda Qazaxıstanda ali məktəblərə qəbul imtahanları ilə orta məktəblərin buraxılış imtahanları vahid formada keçirilir və bu da abituriyentlərin ali məktəblərə qəbul zamanı yükünü azaldır. Bundan başqa, Rusiyada vahid imtahanlar keçirilir. Azərbaycanda vahid imtahana keçid bir neçə ildən sonra mümkün olacaq”. (musavat) /

Google+ WhatsApp ok.ru