Ali məktəbə qəbul asanlaşdı: Ekspert isə narazıdır

Ali məktəbə qəbul asanlaşdı: Ekspert isə narazıdır

Milli Məclisin ötən gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər ictimaiyyətdə birmənalı qarşılanmayıb.
 
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində uğur qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
 
Milli Məclisin qərarı haqqında Axar.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov qərarın təhsil sistemimizə mənfi təsir edəcəyini söyləyib:
“Məncə, Milli Məclisin qəbul etdiyi dəyişiklik Azərbaycan təhsilinə fayda verməyəcək. Burda nəzərdə tutulur ki, ali məktəblərin nəzdində hazırlıq kursları yaradılsın. Bu hazırlıq kurslarının yaradılması bu ildən etibarən Təhsil Nazirliyinin həyata keçirdiyi tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsinə ziddir. Çünki hazırda nəzərdə tutmuş təmayül siniflərinin əsas məqsədi orta məktəbin 10-11-ci siniflərində şagirdlərin ixtisas qrupları üzrə bölünməsi və ali məktəblərə qəbulun yaxşılaşdırılmasıdır. Əgər bu siniflər varsa, ali məktəblərdə hazırlıq qruplarının yaradılmasına nə ehtiyac var? “
 
Ekspert deyib ki, ali məktəbin funksiyası heç də hazırlıq qruplarını, abituriyent hazırlığını həyata keçirmək deyil:
“Digər tərəfdən, bu hazırlıq qruplarının yaradılması Təhsil qanununun tələblərinə də ziddir. Qanunda qeyd edilib ki, ali məktəbin vəzifəsi yüksək ixtisaslı kadr hazırlanmasını həyata keçirməkdir. Burada yalnız bakalavr, magistratura, doktorantura pilləsi üzrə təhsil həyata keçirilə bilər. Ali məktəbin funksiyası heç də hazırlıq qruplarını, abituriyent hazırlığını həyata keçirmək deyil. Düzdür, ali məktəblərdə hazırlıq qrupları var, bu da xarici vətəndaşlar üçün nəzərdə tutulub. Bu qruplarda onların Azərbaycan dili, coğrafiyası, tarixi, mədəniyyəti haqqında biliklərini 1 il ərzində yoxlayırlar və inkişaf elətdirirlər. Bu bütün xarici ölkələrdə belədir”.
 
Kamran Əsədov yeni dəyişiklərin Hərbi Xidmət haqqında Qanunla da təzad yaratdığını vurğulayıb:
“Qanunvericilikdə göstərilib ki, yalnız hərbi xidmətdən möhlət bakalavr, magistratura və doktorantura pilləsində oxuyan şəxslərə aid edilə bilər. Təhsilin digər pillələrində təhsil alanlar isə hərbidən azad deyillər. Nəzərə alsaq ki, bunlar 11-ci sinfi bitiriblər və ali məktəbə qəbul ola bilməyəcəkləri təqdirdə hərbi xidmətə getməlidirlər.
 
Bu dəyişikliyi Mülkiyyət Qanununa da zidd hesab edirəm. Çünki bu gün Azərbaycanda hazırlıq kursları var və onlar ali məktəblərə hazırlıq həyata keçirirlər. Amma bundan sonra heç bir valdeyin uşaqlarına əlavə pul xərcləyib bu kurslara qoymayacq. Məncə bu, həm də ali məktəbə daxil olmaq üçün bal toplayan tələbələrin haqlarının pozulmasıdır”. /

Google+ WhatsApp ok.ru