Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib

Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib

-- Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibəti ilə

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətiilə amnistiya elan edib.
 
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə ali rəhbərə məktubla müraciət edib.
 
Müraciətdə mart ayının 20-nə kimi amnistiyanın şərtlərinə uyğun gələn və barələrində məhkəmə qərarı çıxarılmış bir sıra siyasi, hərbi və mülki cinayətlərə görə həbs olunan şəxslər barəsində amnistiya elan edilməsini istəyib və ali rəhbər bu haqda fərman imzalayıb.
 
Məlumata əsasən, amnistiya qərarı ilə 1 ilə qədər müddətə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının dördə üç hissəsindən azad olunub.  1 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının ikidə bir hissəsi bağışlanıb. 20 ildən artıq müddətə azadlıqdan məhrum edimiş şəxslər 10 il müddətində həbsdə qalıblarsa və ömürlük azadlıqdan məhrum edilmiş kişilər 15, qadınlar isə 12 il müddətində həbsdə qalıbsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
 
Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Himayəsində azyaşlı uşaqlar olan məhbus qadınlar əgər cəzalarının beşdə bir hissəsini həbsdə olublarsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Sağalmaz və yolxucu xəstəliklərdən əziyyət çəkən məhkumlar da amnistiya qərarı ilə bağışlanıb.
 
2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və islah-əmək müəssisələrində saxlanılmış 18 yaşdan aşağı olan yeniyetmələr cəzalarının çəkilməmiş hisssəsindən azad,  2 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına  məhkum olunmuş 18 yaşdan aşağı olan yeniyetmələrin isə cəzalarının dörddə beş hissəsi bağışlanıb. Bu qərar hazırda İranda islah-əmək müəssisələrində saxlanılan 18 yaşdan aşağı əcnəbi vətəndaşlara da şamil olunacaq. 
 
Yaşı 70-dən çox olan kişi və 65-dən artıq olan qadın məhkumlar da cəzadan azad olunub. Bu amnistiya 1 ildən artıq həbs cəzası almış, eləcədə ömürlük azadlıqdan məhrum edilmiş və cəzasının beşdə bir hissəsini həbsdə olmuş yaşı 70-dən çox olan kişi və 65-dən artıq olan qadın əcnəbi vətəndaşları da nəzərdə tutur.
 
Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan qadın məhkumların cəzası
 
5 (beş) milyon riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;
 
5 (beş) milyon 1 (bir) rialdan  1 (bir ) milyard rial məbləğdə cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının ikidə bir hissəsi;
 
5 (beş) milyon riala qədər cərimə cəzasına məhkum edilmiş və hər hansı bir səbəbdən onların barələrində çıxarılan qərar icra olunmamış şəxslər  cəzadan azad ediliblər.
 
Amnistiya qərarı bundan öncə əfv siyahısında olmuş və yenidən cinayət törədərək həbs olmuş şəxslərə, silahlı basqın, silah və narkotik qaçaqmalçılığı, vətənə xəyanət, milli təhlükəsizlik əleyhinə, adam oğurluğu, zorlama, insan alveri, külli miqdarda dələduzluq, pul və qiymətli kağızların saxtakarlığı, spirtli içkilərlə bağlı cinayətləri törətmiş şəxslərə şamil olunmur.

Google+ WhatsApp ok.ru