Ali-Xəlifə rejimi Şeyx Əli Salmanı seçkilərdən uzaqlaşdırmaq üçün son daha bir addım atdı

Maide.az xəbər verir ki, Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman Ali-Xəlifə rejimi tərəfindən dindirildikdən sonra həbs müddəti qeyri-müəyyən vaxta qədər uzadılıb.
 
Yerli mənbələrin məlumatına əsasən, alimin həbs müddətinin yenidən uzadılması haqda qərar dünən qəbul olunub.
 
Ölkə müxalifəti Əli Salmanın həbs müddətinin uzadılma səbəbini bu təşkilatın seçkilərdə iştirak etməsinə maneə törətmək məqsədi ilə əlaqələndirib. Onlar ABŞ hökumətinin Bəhreyndə insan haqlarının kobud şəkildə pozulmasını ört-basdır etməsini kəskin tənqid edib.
 
Xatırladaq ki, dünən də Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Şeyx Əli Salmanın mənzilinə gözyaşardıcı qazlar ataraq, hücum edib və etirazçıları bu ruhaninin mənzili qarşısından uzaqlaşdırmağa çalışıb.
 
Ali-Xəlifə qüvvələri həmçinin Manamanın mərkəzində yerləşən Nəim məntəqəsində Şeyx Yəqub məscidinə də gözyaşardıcı qaz ataraq, məscidə hörmətsizlik ediblər.
 
Bundan əlavə cümə axşamı günü də Şeyx Əli Salmanın həbsinə etiraz olaraq Manamada aksiyada iştirak edən 13 bəhreynlini həbs edib.
 
Son həftələrdə siyasi fəallar və vətəndaşların həbsi, o cümlədən Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman və bu cəmiyyətin şura rəhbəri Cəmil Kazımın həbsi ilə nəticələnən Ali-Xəlifə rejiminin repressiv siyasəti beynəlxalq reaksiyalara səbəb olub.
 
Qeyd edək ki, Şeyx Əli Salmanın həbsi çox gülünc şəkildə həyata keçirilmişdi. Belə ki, Ali-Xəlifə rejiminin Daxili İşlər Nazirliyinə çağırılan Əl-Vifaq rəhbəri orada bir neçə saat keçirilən görüşdən evə qayıtdıqdan sonra basqınla evindən aparılmışdı. İrəli sürülən ittiham isə hakimiyyət nümayəndələrinə tabesizlik və dövlət əleyhinə inqilabi çağırışlar etmək olmuşdu.

Google+ WhatsApp ok.ru