Aİ liderlərinin Brüsseldə keçirilən sammiti təcili başa çatdırılıb

Avropa İttifaqı ölkələrinin Brüsseldə ikigünlük sammitə toplaşan liderləri bir gün ilə məhdudlaşmağı qərara alıblar.  
 
Sammit planlaşdırıldığı kimi dekabrın 19-da deyil, cümə axşamı başa çatıb.
 
28 ölkənin dövlət və hökumət başçılarının görüşü başa çatmazdan öncə, Ukrayna və Rusiyada mövcud vəziyyətin müzakirə edildiyi işgüzar şam yeməyi olub.
 
Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı dəqiq strategiyası olmadan böhranın tənzimlənməsi mümkün deyil.
 
Avropa komissiyasının rəhbəri Jan-Klod Yunker öz növbəsində Rusiya lideri ilə xoş münasibətlərindən istifadə edərək, prezident Vladimir Putinlə dialoqa başlamağa hazır olduğunu bəyan edib.
 
Almaniya kansleri Angela Merkel bildirib ki, sammitdə Ukraynaya silah və hərbi yardımın çatdırılması məsələsi qaldırılmayıb, amma iştirakçılar antirusiya sanksiyaları məsələlərindən yan keçə bilməyiblər. O qeyd edib ki, məhdudedici tədbirlər, Ukraynanın ərazi bütövlüyünün saxlanılması şərti altında ləğv edilə bilər.
 
“Biz bu istiqamətdə irəliləməyimizə baxmalıyıq, daha sonra sanksiyaların ləğvinə doğru addım ata bilərik”, - TASS onun sözlərindən sitat gətirir.
 
Daha öncə cümə axşamı Tusk bildirib ki, sammitin iştirakçılarını narahat edən məsələlərin müzakirəsi üçün bir gün də kifayət edib.
 
“Biz böhrandan çıxış strategiyasının üç əsas məqamı üzrə razılığa gəlməyə müvəffəq olduq. Birincisi, biz tezliklə Avropa strateji investisiyalar fondunun yaradılmasına çağırırıq, ikincisi, struktur islahatlarının aparılması labüddür, üçüncü məqam isə büdcə vəsaitlərinə aiddir”, - o dəqiqləşdirib.(oxu.az)

Google+ WhatsApp ok.ru