Alim: “Kür çayının 50-ci illərə qədər Xəzərə gəlib çatmaması riski var”

Alim: “Kür çayının 50-ci illərə qədər Xəzərə gəlib çatmaması riski var”

“Kür çayının su ehtiyatlarının azalması, 2050-ci illərə qədər Xəzər dənizinə qədər gəlib çatmama riskləri var”.
 
Bunu azərbaycanlı alim, aqrar elmləri doktoru, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin elmi işçisi Mehman Rzayevin Rusiyanın “Water Resources" ("Vodnıe resursı") elmi jurnalında dərc olunan "Arid zonalarda suların suvarma əkinçiliyinin mənfi təsirlərindən qorunması problemi və həlli yolları" adlı elmi məqaləsində qeyd olunub.
 
Məqalədə Kür-Araz hövzəsi ölkələrində (Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Ermənistan) Kür və Araz çaylarının suvarmada istifadə edilməsi problemləri əksini tapıb. Müəllif hövzə ölkələrində suvarma məqsədi ilə götürülən suyun həcminin ildən-ilə artması və keyfiyyətinin pisləşməsi səbəblərini analiz edərək Kür çayının yuxarı axarlarda Ermənistan və Gürcüstan ərazisində çirklənməyə məruz qalmasının mənfi fəsadlarını göstərib.
 
Məqalədə Kür çayının su ehtiyatlarının azalması, 2050-ci illərə qədər sanitar axınların kritik həddə qədər azalması hesabına Xəzər dənizinə qədər gəlib çıxmaması riskləri də qeyd olunub. Bildirilib ki, həm ölkə daxilində, həm də transsərhəd səviyyədə müxtəlif istehlakçılar tərəfindən su ehtiyatlarının istifadəsinin tənzimlənməsi, o cümlədən eyni su ehtiyatlarından istifadə edən ölkələrdə su ehtiyatlarından istifadənin vəziyyətinin müzakirəsi və beynəlxalq arenada Azərbaycanın maraqlarının qorunmasının təmin edilməsi üçün daimi əsaslarla fəaliyyət göstərəcək milli su komissiyasının yaradılması zəruridir. Alim intensiv suvarma zonalarında həmçinin digər antropogen təsirlərin nəticəsində keyfiyyətini pisləşdirən daxili və xarici faktorların, o cümlədən suların qonşu ölkələrdə çirklənməsinin monitorinq sisteminin qurulmasını təklif edib.
 
Həmçinin məqalədə qlobal iqlim dəyişkənliyi səbəbindən su ehtiyatlarının azalması və Azərbaycana transsərhəd su axınlarının azalması səbəbindən ölkənin suvarma və meliorsiya sistemlərinin bu dəyişikliklərə adaptasiya olunması, bu məqsədlə qabaqcıl təcrübələrin tətbiq edilməsi, suvarmada qənaətedici texnologiyaların tətbiqi, suvarma sahələrində sudan istifadənin tam nəzarət altına alınması yolları göstərilir.
 
Su ehtiyatlarından səmərəli istifadəyə dair müxtəlif ölkələrdə (Avstraliya, İran, İsrail) həyata keçirilən tədbirlərin müsbət tərəfləri təhlil edilərək belə bir qənaətə gəlinib ki, su ehtiyatlarından istifadənin optimallaşdırılması üzrə tədbirlər ölkələrin xüsusiyyətlərinə və inkişaf səviyyəsinə əsaslanır. (apa) /

Google+ WhatsApp ok.ru