Aliment Fondu: olsun ya olmasın?

Aliment Fondu: olsun ya olmasın?

-- əgər ölkədə belə Fond yaradılarsa...

Ötən həftə Ramana qəsəbəsində 27 yaşlı Samir Valeh oğlu Şabanov ailə münaqişəsi zamanı keçmiş qaynatası, 53 yaşlı Hətəm Əliyevin başından küt alətlə vurub. O, yerindəcə keçinib.
 
Məlum olub ki, kişilər arasında münaqişə uşaqlar üçün alimentə görə yaranıb. Bir tərəf bildirib ki, aliment düzgün hesablanmayıb, ona görə də məhkəmənin qərarını yerinə yetirməkdən imtina edir, digər tərəf isə pulun vaxtında ödənilmədiyindən şikayətlənib. Söz savaşı və qarşılıqlı ittihamlar davaya çevrilib.
 
Bu insident Azərbaycan ictimaiyyətinin diqqətini bir daha tənha anaların, atasız uşaqların maddi durumu probleminə yönəltdi. Qanuna görə, boşanmadan sonra valideynlərdən biri uşaqlara aliment verməlidir. Bizim ölkədə əksər hallarda uşaq ana ilə qalır, ata uşağı maliyyələşdirməyə məcbur olur. Reallıqda hər şey başqa cürdür: keçmiş ərlər tez-tez iş yerlərini dəyişirlər, aliment ödəməkdən imtina edirlər, ya yoxa çıxırlar, qadınlar da dövlət orqanlarının qapılarını döyməyə məcbur olur.
 
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova aprelin 24-də Milli Məclisdə çıxışı zamanı bildirib ki, bu sosial əhəmiyyətli məsələnin həlli üçün alimentlərin məcburi ödənilməsi mexanizmi hazırlanmalı və tətbiq edilməlidir. Yaranmış vəziyyətdə, məhkəmə instansiyalarının "qaçqın" ərlərdən və atalardan şikayətlərlə dolu olduğu bir vaxtda Aliment Fondunun yaradılması qaçılmaz olur.
 
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev ombudsmanın təşəbbüsünü şərh edərkən deyib ki, aliment problemi getdikcə aktuallaşır. Ancaq bunun həlli ilə bağlı hələlik vahid variant yoxdur. Müxtəlif sxemlər təklif olunur.
 
"Məhkəmələr uşaqların maraqlarının müdafiəsi üçün atalardan aliment ödəməyi tələb edir. Ancaq təəssüf ki, alimentlərin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası bəzi səbəblərdən çətinləşir. Borclular işsizliyə, gəlirin olmamasına əsaslanaraq aliment ödəməkdən imtina edirlər. Reallıq belədir ki, onların yalanını ifşa etmək çətindir, çünki gizli məşğulluq mövcuddur, kişilər əmək müqaviləsi bağlamadan özəl sektorda çalışırlar, öz gəlirlərini gizlədirlər. Və yaxud onlar çalışdıqları firmaların mühasibatlığından saxta arayışlar alır və maaşlarını az göstərirlər", - hüquqşünas qeyd edib.
 
Belə olan hallarda məhkəmə minimal məbləğdə aliment müəyyən edir. Müəyyən edilmiş məbləği ödəməyən borclunu inzibati və ya cinayət cəzası gözləyir, ancaq dövlət orqanları bunu etmirlər. Həbs etməyin mənası varmı? Axı bu addım konkret halda aliment məsələsini həll etmir.
 
Aliment Fondu haqqında ideyaya toxunan Ə.Nuriyev deyib ki, bəzi Avropa ölkələrində belə qurumlar fəaliyyət göstərir. Mexanizm sadədir: dövlət uşaqlara alimenti ödəyir, sonra həmin məbləği atanın əməkhaqqından tutur. Belə Fondun yaradılması o halda realdır ki, əgər bu proqram üçün büdcə vəsaiti tapılarsa. Azərbaycanda bu ideyanın reallaşması ilə bağlı müəyyən şübhələr var, bu müəssisənin müsbət və mənfi tərəflərini nəzərə almaq lazımdır.
 
"İstisna olunmur ki, əgər ölkədə belə Fond yaradılarsa daha çox kişi aliment ödəməkdən yayınar. Bu, büdcə üçün müəyyən problemlər yaradacaq. Hazırda ölkədə boşanmaların sayı artır. Ötən il Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma qeydə alınıb. Hər 1000 nəfərə 6,5 nikah və 1,5 boşanma düşür. Belə olan şəraitdə dövlətin bu Fondu yaradacağına şübhə edirəm. Digər mühüm məqam var. Çox zaman boşanmadan sonra kişilər qazanc üçün Rusiyaya və Türkiyəyə gedirlər. Belə olan halda dövlət Fonddan ödədiyi pulu kimdən tutacaq? Xarici ölkələrin bu sahədə təcrübəsini, bu praktikanın fəaliyyət mexanizmini öyrənmək, Azərbaycanın spesifikasını nəzərə almaq lazımdır", - Ə.Nuriyev bildirib.
 
Müstəqil iqtisadçı-ekspert Vüqar Bayramov da Turan-a müsahibəsində bu problemin həllinə öz yanaşmasını ortaya qoyub və onun həlli yollarından danışıb. Onun sözlərinə görə, ailə dağılarkən ananın maddi vəziyyəti pisləşir. Təsərrüfatla bağlı bütün xərclər onun üzərinə düşür. Odur ki, alimentlərin ödənilməsi mexanizmini təkmilləşdirmək, qanunları, əməkhaqqı barədə yalnış məlumata görə cəzanı sərtləşdirmək, bu məlumatları yoxlamaq lazımdır.
 
"İnkişaf etmiş ölkələrdə atanın alimenti ilə yanaşı dövlət özü də belə uşaqlara əlavə maddi yardım göstərir. Bu məqsədlə yaxşı vəsait ayrılır. Azərbaycanda natamam ailələr, tənha analar alimentlə yanaşı sosial yardım da ala bilərdi. Uşaqların sayından asılı olaraq müavinət təyin etmək, ali məktəbi bitirib əmək fəaliyyətinə başlayana qədər bunu ödəmək olar. Belə olan halda aztəminatlı ailələrə əsl qayğıdan, onların maddi durumunun yaxşılaşdırılmasından danışmaq olar. Mənə belə gəlir ki, Milli Məclis aliment məsələsinin həllilə bağlı belə variantı müzakirə etməlidir", - ekspert vurğulayıb.(contact.az)

Google+ WhatsApp ok.ru