Alimlər suyun yeni halını kəşf ediblər

Alimlər suyun yeni halını kəşf ediblər

Amerikalı tədqiqatçıların fikrincə, həddən artıq soyudulmuş su – bir yerdə olan iki mayedir. Onlar maye suyun ölçülməsi tarixində ilk dəfə olaraq adi donma temperaturundan daha aşağı temperaturda ölçmə apardıqdan sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Science” jurnalında dərc edilib.
 
Su kimyəvi maddə kimi axıradək tədqiq edilməyib. Alimlər bəzən onu Yer üzündə ən müəmmalı substansiya adlandırırlar. Məsələ ondadır ki, su digər mayelərə bənzəmir – donanda genişlənir və digər mayelər kimi sıxılmır. Buz halında olanda suda batmır və səthdə üzür. Suyun qaynama temperaturu yüksəkdir və o, yaxşı həlledicidir: üzvi və qeyri-üzvi maddələrin çoxu müxtəlif şəraitdə suda həll olur. Nəhayət, suyun səthi gərilmə əmsalı böyükdür. Bütün bu unikal xüsusiyyətlərinə görə su Yer üzündə həyatın əsasına çevrilib.
 
Suyun digər bir keyfiyyəti də var – o, çox “həvəssiz” donur. Əgər digər mayelər bərk hala donma başlanan andan tədricən keçirsə, su axıradək “müqavimət” göstərir. İlkin bərkimək üçün suda həmişə nüvənin kristallaşması lazımdır.
 
ABŞ Energetika Nazirliyinin Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasından olan tədqiqatçılar bu kristal hissəciyin olmayacağı təqdirdə suyun hansı temperaturadək maye halında qalacağını yoxlamağı qərara alıblar.
 
Məlumdur ki, su buludlarda hətta ən aşağı temperatur zamanı həddən artıq soyumuş damcı kimi ola bilər. Daha yuxarı və soyuq laylardan bu buludlara xırda buz “tozu” düşəndə damcılar dərhal kristallaşır və yerə buz dənəciyi və ya dolu formasında düşür.
 
Alimlər laboratoriyada nazik buz pərdəsini lazerlə dağıdaraq həddən artıq soyumuş maye su yaradıblar. Sonra ultraqırmızı spektroskopiyanın köməyilə Kelvin şkalası üzrə 135-245 dərəcə intervalında, Selsi üzrə mənfi 138 dərəcədən mənfi 38 dərəcəyədək intervalda suyun dəyişməsinin ən xırda mərhələrinin hamısını izləyiblər.
 
Faza hallarını “stop-kadr”larında alimlər görüblər ki, su həddən çox soyudulduqdan sonra sıx maye fazaya kondensasiya edilir ki, bu da adi maye faza ilə yanaşı mövcud olmaqda davam edir. Bu halda temperatur Kelvin şkalasında 190-dan 245-ə artdıqda yüksək sıxlıqlı mayenin payı tezliklə azalmağa başlayır.
 
Alimlər ilk dəfə olaraq təcrübi şəkildə sübut ediblər ki, həddən çox soyudulmuş su sabit ikifazalı maye halında ola bilər. Fazalar arasında münasibət temperaturdan asılı olaraq dəyişir. Əvvəllər hesab edilirdi ki, həddən artıq soyudulmuş su qaçılmaz olaraq zaman keçdikcə bərk hala keçir.

Google+ WhatsApp ok.ru