Ali Rəhbər Ayətullah Xamenei kütləvi amnistiya elan edib

 
Ali Rəhbər Ayətullah Əli Xamenei Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və İranda 12 fərvərdin İran İslam Respublikası günü münasibətiilə amnistiya elan edib.
 
Maide.az xəbər verir ki, İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu və İranda 12 fərvərdin İran İslam Respublikası günü münasibətilə ali rəhbərə  məktubla müraciət edib.
 
Müraciətdə aprel ayının 12-nə kimi amnistiyanın şərtlərinə uyğun gələn və  barələrində məhkəmə qərarı çıxarılmış bir sıra siyasi, hərbi və mülki cinayətlərə görə həbs olunan şəxslər barəsində amnistiya elan edilməsini istəyib və ali rəhbər bu haqda fərman imzalayıb.
 
Məlumata əsasən, amnistiya qərarı ilə 2  il müddətinə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunub. 2 ildən beş ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının üçdə iki hissəsi bağışlanıb. Beş ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının ikidə bir hissəsi bağışlanıb. 20 ildən artıq müddətə azadlıqdan məhrum edimiş şəxslər 10 il müddətində həbsdə qalıblarsa və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər 12 il müddətində həbsdə qalıbsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
 
Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Himayəsində azyaşlı uşaqlar olan məhbus qadınlar cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Sağalmaz və yolxucu xəstəliklərdən əziyyət çəkən məhkumlar da amnistiya qərarı ilə bağışlanıblar.
Pul cəriməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 18 yaşdan aşağı olan yeniyetmələr, yaşı 65-dən çox olan kişi və 55-dən artıq olan qadın məhkumlar da cəzadan azad olunublar.
 
Borcu ödəmədiyi üçün məhkum olunmuşlar və 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxslərə də amnistiya tətbiq olunaraq cəzadan azad ediliblər.
 
Amnistiya qərarı bundan öncə əfv siyahısında olmuş və yenidən cinayət törədərək həbs olmuş şəxslərə, silahlı basqın, silah və narkotik qaçaqmalçılığı, vətənə xəyanət, milli təhlükəsizlik əleyhinə, adam oğurluğu, zorlama, insan alveri, külli miqdarda dələduzluq, pul və qiymətli kağızların saxtakarlığı, spirtli içkilərlə bağlı cinayətləri törətmiş şəxslərə şamil olunmur./
 
 

Google+ WhatsApp ok.ru