ALLAH YOLUNDA YARDIM - 1

ALLAH YOLUNDA YARDIM - 1

-- YEDDİ YÜZ SÜNBÜL VERƏN BİR TOXUM

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 264-266-cı ayələrində öz malını Allah yolunda xərc çəkənlərin mükafatından söz açır və buyurur:

مَثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِی كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَاللَّهُ یضَاعِفُ لِمَنْ یشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِیمٌ

“Öz malını Allah yolunda xərcləyənlər yeddi sünbül cücərdən bir toxuma bənzəyər ki, hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir.”

الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ ثُمَّ لَا یتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَیهِمْ وَلَا هُمْ یحْزَنُونَ

“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”

قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَیرٌ مِنْ صَدَقَةٍ یتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِی حَلِیمٌ

“(Ehtiyaclılarla) xoş danışıq və onları bağışlamaq əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.”

Bu şərif ayələrdə dörd məsəldən söz açılır və hər birində də xüsusi mesaj çatdırılır:

Birinci məsəldə insanın Allah yolunda xərclədikləri yeddi yüz dən verən bir toxuma bənzədilir. (265-ci ayə)

İkinci məsəldə riyakarların və ya infaq etdikdən sonra minnət qoyub əziyyət verənlərin əməli üzərində bir az torpaq olan qayaya səpilən toxuma bənzədilir. Odur ki, şiddətli bir yağış həmin torpaqla toxumu yuyub aparar və qayanı çılpaq bir hala salar. (264-cü ayə)

Üçüncü məsəldə xalis bəndələrin Allahın razılığı və imanlarının möhkəmliyi üçün xərclədikləri mallar uca nöqtədə yerləşib saf havadan və gur yağışlardan qədərincə bəhrələnərək ikiqat artıq meyvə verən bağa bənzədilir. Hətta gur yağışlar yağmasa da, (o yer mövqeyinə görə) şeh və yağmurla da kifayətlənər. (265-ci ayə)

Dördüncü məsəldə yenidən riyakarların və minnətlə əziyyət verənlərin infaqı və Allah yolunda xərcləri bəhrəsi isti küləklərlə yanıb tökülən bağa bənzədilir. (266-cı ayə)

İnfaqla bağlı bu təşbehlərdə tərbiyəvi xarakter daşıyan infaqa dəvət, onun yolu və keyfiyyəti, varlıların yoxsullarla rəftarı, əməl və niyyətdə ixlası və riya, minnət və əziyyətdən uzaq olmaları kimi qiymətli məsələlər diqqəti cəlb edir.

İNFAQ VƏ YEDDİ YÜZƏ BƏRABƏR SAVAB

İnsanlar cəmiyyət halında sanki bir bədəni təşkil edir, onun əzalarından biri ağrıdıqda, digəri də narahat olur və ona qarşı laqeyd qalmır. Əziz İslam Peyğəmbəri (s) bir hədisdə bu məsələni belə izah edir: “Möminlər bir-birinə qarşı dostluq, ülfət və mehribanlıqda bir bədənə bənzəyir, onun bir üzvü ağrıdıqda, digər üzvlər də oyaq qalaraq qızdırma ilə öz narahatlığını bildirir.” (“Müsnədi-Əhməd”, 4-cü cild, səh.270.)

Belə bir cəmiyyətə sinfi təbəqələşmə, israfçılıq, qarınqululuq, aclıq və s. hakim kəsilə bilməz. Belə cəmiyyət həmkarlıq, əməkdaşlıq və həmdərdlik hissi ilə yaşamalı, varlıların sərvətinin bir hissəsi yoxsul təbəqənin ehtiyacları üçün sərf edilməlidir.

İslam dinində zəkat kimi vacib infaqla yanaşı, müstəhəb infaqa da xüsusi əhəmiyyət verilir. Qurani-Kərimdə infaqla bağlı ayələr çoxdur və onlar neçə hissəyə bölünür:

Bəzən, ümumi şəkildə infaqdan söz açılır:

...وَمَا تُنْفِقُوا مِنْ شَیءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِیمٌ

“Şübhəsiz ki, infaq etdiyiniz (xərclədiyiniz) hər bir şeyi Allah biləndir!” (“Ali-İmran” / 92.)

Bəzən, onun keyfiyyəti, orta həddi, israf və xəsisliyə yol verilməməsindən söz açılır:

وَالَّذِینَ إِذَا أَنْفَقُوا لَمْ یسْرِفُوا وَلَمْ یقْتُرُوا وَكَانَ بَینَ ذَلِكَ قَوَامًا

“Onlar infaq etdikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.” (“Furqan” / 67.)

Bəzən, infaq edənləri hər hansı mövqe qazanmaq və məşhurlaşmaq kimi məqsədlərdən daşındıraraq, yalnız Allahın razılığını nəzərə almaları tövsiyə edilir:

...وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ...

“…Malınızdan xərc etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz...” (“Bəqərə” / 272.)

Bəzən, məsəl çəkilən ayələrdə buyurulduğu kimi, infaq edənin yoxsula minnət qoymayacağı və əziyyət verməyəcəyindən söz açılır:

الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ ثُمَّ لَا یتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ...

“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır...” (“Bəqərə” / 262.)

Bəzən də, infaqın gizli və ya aşkar şəkildə verilməsi təriflə qeyd olunur:

...وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِیةً...

“…Onlara verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar şəkildə xərcləyərlər...” (“Fatir” / 29.)

Demək, infaqla bağlı ayələrdəki bu təfavütlər müəyyən məqsədləri izləyir. Amma məsəl çəkilən ayədə isə infaqın daha dərin təsirlərinə toxunaraq onun bol yağış suyu və günəşin istiliyindən qidalanaraq yeddi sünbül cücərdən və hər sünbülündə də yüz dən verən toxuma təşbeh edilir:

َثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِی كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ...

“Öz malını Allah yolunda xərc edənlər yeddi sünbül cücərdən toxuma bənzəyər ki, hər sünbüldə yüz dən olar.”

Ayənin zahirinə əsasən, malını Allah yolunda xərcləyən şəxs əkinçiyə və infaqı da torpağın altında cücərən toxuma bənzəyir. Belə ki, hər toxumun biri yüz dənli yeddi sünbül verdiyi kimi, onun infaqı da yüzlərlə savaba malikdir. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 7-ci məsəl, səh.39-42.)

 

Ardı var...

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru