ALLAH YOLUNDA YARDIM - 2

ALLAH YOLUNDA YARDIM - 2

-- HƏQİQƏT VƏ ALLAH YOLUNDA YARDIMIN ŞƏRTLƏRİ

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 264-cü ayəsində buyurur:

مَثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِی كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَاللَّهُ یضَاعِفُ لِمَنْ یشَاءُ...

“Öz malını Allah yolunda xərcləyənlər yeddi sünbül cücərdən bir toxuma bənzəyər ki, hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər...”

Bu ayədə bir toxumun yeddi yüz dən verməsi eyni həqiqətdir. Doğrusu, münbit torpaqda kifayət qədər günəş istiliyi və yağışdan bəhrələnən bir toxumun, hətta ayədə göstərilən ədəddən də çox bar verməsi mümkün haldır. Bu gün əkinçilik və kənd təsərrüfatı ilə məşğul olanların arasında bir toxumdan doqquz yüz dən məhsul götürənlərin şahidiyik. Ayədə isə daha çox belə bir əməlin təsir və şaxələnməsi nəzərdə tutulur və ondan əvvəlki ayədə də Allah yolunda borc verənlərin malının ikiqat artırılacağından söz açılır:

مَنْ ذَا الَّذِی یقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَیضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِیرَةً وَاللَّهُ یقْبِضُ وَیبْسُطُ وَإِلَیهِ تُرْجَعُونَ

“Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.” (“Bəqərə” / 245.)

Məsəl çəkilən ayədə də bu mövzu ardıcıllığını itirmir:

...وَاللَّهُ یضَاعِفُ لِمَنْ یشَاءُ...

“Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər.”

Bu məsəl hətta qarşıya gələn: “Necə olur ki, kiçik bir əməl neçə qat artsın?”– sualı da aradan qaldırır. Belə ki, canlı təbiətdə bir toxumun yeddi yüz dən verməsi təəccüb doğurmadığı kimi, əməllərin də özünəməxsus artım və ya azalma prosesi vardır.

İNFAQIN ŞƏRTLƏRİ

İnfaq – Allah yolunda yoxsullara və imkansızlara yardım – zatən yaxşı bir əməl olduğu halda, İslamda yalnız Allah yolunda verildiyi surətdə bəyənilir və ona mükafat verilir. Bununla belə, onun tam xalisliyi üçün bir sıra şərtlər də qeyd olunur. Məsələn, insanın yoxsula yardım etdikdən sonra ona minnət qoyması və ya əziyyət verməsi onu dəyərdən salır və mükafatdan məhrum edir.

İnfaq batindəki xəsisliyi paklamaq üçündür. Amma daxildəki minnət hissi buna icazə vermir və insan qüruru ilə yardım etdiyi şəxsi alçaldır. O, bunu bəzən başqalarının diqqətini cəlb etmək üçün də edə bilər. Bütün hallarda minnət ixlasdan uzaqdır. Allah bizə verdiyi bu qədər nemətə görə minnət qoymursa, Onun verdiyinin cüzi bir qismindən kiməsə yardım edərək minnət qoymağımız hüdudları aşmaqdır:

الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ ثُمَّ لَا یتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَیهِمْ وَلَا هُمْ یحْزَنُونَ

 “Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”

Növbəti ayədə isə kömək istənilən zaman yardım etməyə imkanı olmayan şəxslərin rəftarından söz açılır, xoş danışıq və kömək edə bilmədiyi surətdə üzrxahlıq onların əsas vəzifəsi sayılır:

قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَیرٌ مِنْ صَدَقَةٍ یتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِی حَلِیمٌ

“(Ehtiyaclılarla) xoş danışıq və məğfirət diləmək əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.”

ARDICILLIQLA ÜÇ AYƏNİN QISA MƏZMUNU

Birinci ayədə (“Bəqərə”/264) Allah yolunda infaq edib yoxsullara əl tutanlara böyük mükafatlar vəd edilir və onların bu əməli bir toxumun yeddi yüz dən verdiyi kimi qiymətləndirilir.

İkinci ayədə (“Bəqərə”/265) Allah infaqın şərtlərindən söz açılır və infaq edənin minnət qoyması və əziyyət verməsi pislənilir. Çünki onun əlindəki mal Allahın bəndələri arasında bölüşdürdüyü ruzisidir.

Üçüncü ayədə isə (“Bəqərə”/266) Allah, yoxsula yardım edə bilməyənlərin vəzifəsi göstərilir. Onlar yoxsulla xoş danışmalı, kömək edə bilmədiyi surətdə əfv və güzəştlə onu yola salmalıdır. Bu rəftar minnətlə verilən bəxşişdən qat-qat üstündür. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizdən bir şey istəyən möhtacın sözünü kəsməyin ki, öz məqsədini tamamilə çatdıra bilsin. Bundan sonra ədəb-ərkan və mehribanlıqla qarşılayın: ya gücünüz çatan şeyi əta edin, ya da bəyənilmiş şəkildə yola salın. Çünki həmin möhtac sizi sınaqdan keçirmək, Allahın sizə bəxş etdiyi nemətlər müqabilində necə rəftar edəcəyini də yoxlamaq üçün göndərilən mələk ola bilər.” (“Nurus-səqəleyn”, 1-ci cild, səh.283; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 7-ci məsəl, səh.42-44.)

Rza Şükürlü (Maide.az)

Məqalənin birinci hissəsi ilə buradan tanış ola bilərsiz. 

Google+ WhatsApp ok.ru