İbadət – səbəblər və əsaslar

İbadət – səbəblər və əsaslar

ALLAHA DOĞRU-1

İbadət dedikdə, Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması nəzərdə tutulur. Aləmin yaranışı və peyğəmbərlərin “besət”inin (göndərilməsinin) ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-Taala buyurur:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

Mən cinləri insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”[1]

Demək, aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.

Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə dəvət etmək olub:

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ...

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” – deyə peyğəmbər göndərmişdik.”[2]

Bəli, aləmin yaranışı və peyğəmbərlərin besətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı məlumdur.

...فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنكُمْ...

Həqiqətən, Allah sizə əsla möhtac deyildir.”[3]

İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllimə yox, onların özünə faydalıdır.

İBADƏTİN ƏSASLARI

İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:

1. Allahın əzəməti

İnsan özündən asılı olmayaraq, ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir. Necə ki, böyük şəxsiyyətlərin və ya alimlərin yanında özünü kiçik sayır, ona təzim edir.

2. Fəqirlik asılılıq hissi

İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə Ona ehtiyaclıyıq. Bu acizlik və ehtiyac hissi insanı Allaha pərəstişə aparır. O Allaha ki, kamil və ehtiyacsızdır! Bəzi hədislərdə bildirilir ki, əgər fəqirlik, xəstəlik və ölüm olmasaydı, bəziləri Allah qarşısında heç zaman boyun əyməzdilər.

3. Nemətlərə diqqət

İnsan daim nemətlərdən bəhrələnərək sitayiş edir. Allahın saysız nemətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər. Məsum imamların münacatlarında, adətən, öncə (hətta insanın təvəllüdündən əvvəl) Allahın nemətləri yada salınır. Bu yolla insan Allaha məhəbbətini dirildir, sonra isə ehtiyaclarını Ondan istəyir. Allah-Taala buyurur:

فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ. الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ

Bu evin Rəbbinə ibadət etsinlər! Bir Allah ki, onları aclıqdan qurtarıb yemək verdi qorxudan sonra əmin-amanlıq bəxş etdi.”[4]

Başqa bir ayədə buyurulur ki, sizi yaratdığı üçün Allahınıza bəndəlik edin.

4. Fitrət

Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bəzən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bəzən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.

Peyğəmbərlərin gəlişi pərəstiş hissi yaratmaq üçün deyil. Onların besəti bu fitri meylin düzgün yola hidayət olunması üçündür. İmam Əli (ə) buyurur: Allah Muhəmmədi (s) haqq olaraq göndərdi ki, bəndələrini bütpərəstlikdən allahpərəstliyə dəvət etsin.”[5]

Quranda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə (yeganəpərəstliyə) çağırır. Çünki hər bir uşaqda yeməyə meyil olduğu kimi, insanda da ibadət ruhu mövcuddur. Lakin insan hidayət olunmasa, yemək əvəzinə torpaq yeyib ləzzət alasıdır!

Əgər peyğəmbərlərin rəhbərliyi olmasaydı, bu meyil azğın yola istiqamətlənər və Allah əvəzinə yalançı məbudlara pərəstiş olunardı. Necə ki, həzrət Musanın (ə) yoxluğunda və 40 günlük qeyb dövründə xalq Samirinin hiyləsi ilə onun qızıl buzovuna pərəstiş etdi. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.3-5.)

Maide.az



[1] “Zariat” surəsi, ayə 56.

[2] “Nəhl” surəsi, ayə 36.

[3] “Zumər” surəsi, ayə 7.

[4] “Qureyş” surəsi, ayə 3-4.

[5] “Nəhcül-bəlağə”, 147-ci xütbə.

 

Google+ WhatsApp ok.ru