İbadətin yönləri

İbadətin yönləri

ALLAHA DOĞRU-3

İslamda “ibadət” sözü namazla orucdan daha əhatəli, daha geniş məna daşıyır. Xalqın xeyrinə olan bütün yaxşı işlər ibadət hesab olunur. İslamda ibadət sayılan bəzi işləri nəzərdən keçirək:

1. İlahi işlər barədə təfəkkür

İmam Sadiq (ə) buyurur: “İbadət çox namaz qılıb, çox oruc tutmaq deyil. Həqiqətən, ibadət ilahi işlər barədə düşünməkdir.”[1]

İnsanı Allaha yaxınlaşdıran və Onu tanımasına səbəb olan təfəkkür ibadət hesab olunur.

2. Ruzi qazanmaq

İslam Peyğəmbəri (s) buyurur: “İbadət 70 hissədir. Onların ən üstünü halal ruzi ardınca getməkdir.”[2]

3. Elm öyrənmək

İslam Peyğəmbəri (s) buyurur: “Batildən uzaqlaşıb, azğın bir şəxsi hidayət etmək üçün elm arxasınca evdən çıxan şəxsin işi qırx ilin ibadətinə barəbərdir.”[3]

4. Xalqa xidmət

Rəvayətlərdə xalqa kömək etməyin müstəhəb həcc kimi bir çox ibadətlərdən daha dəyərli olduğu göstərilir.

5. Ədalətli hakimiyyət intizarında olmaq

İslam Peyğəmbəri (s) buyurur: “İbadətlərin ən üstünü fərəc (imam Zamanın (ə) zühuru) intizarında olmaqdır.”

Aydındır ki, imam Mehdinin (ə) ədalət dövlətinə zəmin hazırlanması, təlaşla müşayiət olunan müsbət və qurucu intizar nəzərdə tutulur.

Demək, işlərə ilahi rəng vermək onların dəyərini artırır, onları ibadət, bəzən isə ibadətdən də üstün edir. Doğru niyyət dəmiri qızıla çevirir. Allaha yaxınlaşmaq üçün görülən bütün işlər ibadətdir. Bu hesabla demək olar ki, ibadətin nümunələri saya gəlmir. Hətta ata-anaya, alimlərə, Qurana, Kəbəyə, ədalətli rəhbər və din qardaşlarına məhəbbətli baxış ibadət sayılır. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.6-7.)

Maide.Az 

Öncəki yazıya BURADAN baxa bilərsiz



[1] “Mizanul-hikmə”, 7-ci cild, səh.542.

[2] “Vəsailuş-şiə”, 12-ci cild, səh.11.

[3] “Muhəccətul-bəyza”, 1-ci cild, səh.19.

 

Google+ WhatsApp ok.ru