ALLAHIN ƏDALƏTİNDƏ MƏRHƏMƏT CİLVƏSİ

ALLAHIN ƏDALƏTİNDƏ MƏRHƏMƏT CİLVƏSİ

-- Yaxşı işə on qat əvəz verilir

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən Allahın geniş mərhəmət cilvələrindən söz açaraq buyurur:

وَ لَمْ يَمْنَعْكَ إِنْ أَسَأْتَ مِنَ التَّوْبَةِ وَ لَمْ يُعَيِّرْكَ بِالاْنابَةِ، وَ لَمْ يُعاجِلْكَ بِالنِّقْمَةِ، وَ لَمْ يَفْضَحْكَ حَيْثُ تَعَرَّضْتَ لِلْفَضيحَةِ وَ لَمْ يُناقِشْكَ بِالْجَريمَةِ، وَ لَمْ يُؤْيِسْكَ مِنَ الرَّحْمَةِ، وَ لَمْ يُشَدِّدْ عَلَيْكَ فِى التَّوْبَةِ، فَجَعَلَ تَوْبَتَكَ التَّوَرُّعَ عَنِ الذَّنْبِ، وَ حَسَبَ سَيِّئَتَكَ وَاحِدَةً وَ حَسَنَتَكَ عَشْراً

“Allah-Taala günah etdiyin halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə qınamamış, cəzalandırmaq üçün tələsməmiş, rüsvayçılığa layiq olduğun halda rüsvay etməmiş, günahlarını hesaba almamış, səni öz bəxşişindən ümidsiz etməmiş, tövbənin qəbulunu çətinləşdirməmiş, tövbəni günahdan çəkinməyin kimi yazmış, hər günahına bir cəza, hər yaxşı işinə on savab vermişdir...” (“Nəhcül-bəlağə”, məktub 31.)

Əmirəlmöminin Əlinin (ə) kəlamının bu hissəsi bizi Allahla əlaqəyə rəğbətləndirməklə yanaşı, ilahi mərhəmətin genişliyini diqqətimizə çatdırır. O həzrət buyurur: “Günah etdiyin halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə qınamamış, cəzalandırmaq üçün tələsməmiş, rüsvayçılığa layiq olduğun halda rüsvay etməmiş, günahlarını hesaba almamışdır...”

Bu sətirlər dua və tövbə qapısının açıq olduğunu xəbər verməklə yanaşı, ilahi mərhəmətin genişliyindən də söz açır. İnsan bu ilahi nemətdən istifadəyə həvəsləndirilir. Həzrət (ə) xatırladır ki, Allah-Taala günah edən bəndəsini dərhal cəzalandıra da bilərdi və belə bir münasibət haqsız olmazdı. Çünki bilərəkdən günah edən insanın cəzalanması ədalətli bir işdir. Amma geniş mərhəmət sahibi olan Allah Öz bəndəsini bağışlamaq üçün ona möhlət vermiş, tövbə qapısı açmışdır. Bir ömür günahdan sonra peşman olmuş insan üçün bağışlanma yolu qoyulmuşdur. İlahi ədalət günahkarın cəzalandırılmasını tələb etdiyi halda, bu ədaləti üstələyən mərhəmət günahkar insanın tövbə yolu ilə bağışlanmasına şərait yaratmışdır. Ən gözəli isə Allah-Taala tövbə üçün ağır şərtlər qoymamışdır. Məsələn, tövbənin qəbul olması üçün hansısa əziyyətli mərhələlərdən keçmək lazım gəlmir. Səmimi qəlbdən peşman olub, bir daha günaha qayıtmamaq qərarı ilə tövbə etmək kifayətdir. Günahın tərki və peşmançılıq bağışlanmanın açarıdır. Əlbəttə ki, buraxılmış ibadətlər yerinə yetirilməli, qəsb olunmuş haqlar qaytarılmalıdır. Tövbə günahdan qəti şəkildə uzaqlaşmaqdır. Günahların bağışlanması üçün bu qəti qərar kifayət edir. Demək, Allah-Taalanın geniş mərhəmət cilvələrindən biri dua qapısının həmişə açıq olması, tövbənin asanlığıdır.

İlahi mərhəmətin genişliyinin digər bir cilvəsi bu mərhəmətin sonsuzluğu, saysız-hesabsız ilahi mükafatlardır Bir misal çəkək. Tutaq ki, yaxşı və pis işləri ölçmək üçün cihazımız var. Üç sözü elə düzmək olar ki, bir düzümdə savab, digər bir düzümdə günah görünsün. Amma üç sözdən ibarət bu cümlə savab olduqda on qat mükafat, günah olduqda eyni qədər (bir qat) cəza verilir. Hansı ki, ədalətə görə hər iki halda başabaş əvəz verilməlidir. Amma Allah-Taala Öz mərhəməti sayəsində yaxşı işə on qat əvəz verir. Qurani-Kərimdə oxuyuruq:

مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ اَمْثَالِهَا

Yaxşı işə on qat əvəz verilir.” (“Ənam” surəsi, ayə 170.)

Ədalətə görə günah və savabın əvəzi miqdarca fərqlənməməlidir. Mövcud fərq bir daha ilahi mərhəmətin fövqəladəliyini göstərir. Bu yolla insanlar yaxşılığa, xeyirxahlığa rəğbətləndirilir.

Qeyd etməliyik ki, Allah-Taalanın sonsuz nemətləri həmişə hamının istifadəsindədir. Günah nəinki rəhmət qapısını bağlamır, hətta cəzaya layiq olan insan tövbə vasitəsi ilə nemətlərə yol tapır. Allah bu şəxsin duasını dinləyir, istəklərini yerinə yetirir. İstədiyin vaxt səsini eşitmişdir”, buyurur imam Əli (ə). Bu da bir rəhmət qapısıdır; yəni ilahi xəzinədən bəhrələnməyin asanlığı! Bu yolla hər vaxt, hər yerdə Allahla əlaqə mümkün olur, istənilən an qapısını döyə bilirik, Ondan istəklərimizi diləyir və heç vaxt ümidimizi itirmirik.

Beləcə, istədiyiniz vaxt onu çağırın, fürsəti qənimət bilib istəklərinizi ərz edin, qəlbinizi ona açın. Bütün dərdlərinizi ona bildirin... Allah-Taala dua vasitəsi ilə bütün xəzinələrinin açarını sizə vermişdir və buyurmamışdır ki, ehtiyacınız qədər istəyin. Ağlınız işlədikcə istəkləriniz yerinə yetəsidir. Həzrət (ə) buyurur: “...İstədiyin vaxt onun xəzinələrinin qapısını dua açarı ilə açasan (aça bilərsən).” Hər bir xəzinə sahibi öz xəzinəsinin qapısına ən çətin açılan qıfılı asmağa çalışır. Allah-Taala isə Öz xəzinələrinin açarını bütün bəndələrinin ixtiyarına vermişdir.

Amma əfsuslar olsun ki, bu genişlikdə ilahi mərhəmət qarşısında, bütün xəzinələrin açarı əlimizdə olduğu halda, bu imkanlardan bəhrələnmirik. Nə üçün əziyyətsiz başa gələn misilsiz nemətlərdən bir bu qədər xəbərsizik?! Əlimizdə dua və tövbə açarı olduğu halda, ilahi mərhəmət xəzinəsi qarşısında donub qalmışıq...! (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.272-276.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru