ALLAHLA ÜNSİYYƏT BAHARI

Mübarək ramazan ayı insanın özünü yenidən qurması, yeniləməsi, tərbiyə etməsi ayı, Allahla ünsiyyət baharıdır. Məgər işin bu yönündən qafil olmaq olarmı? Bütün səhvlər, yanlışlar işin bu tərəfinə diqqətsizlikdən irəli gəlir. 
 
Allahla ünsiyyəti kiçik hesab etmək olmaz. Bizim hər şeyimiz bu əlaqədən aslıdır. Bizim könlümüzü möhkəmlədən, düşmənçiliklərdən qorxmamağımıza səbəb olan bu əlaqədir. Bizim könüllərimizi möminlərə sevgi ilə, Allah yolunu gedənlərə məhəbbətlə doldurub, fikir ayrılıqlarını, səliqə fərqlərini ikinci plana keçirən Allahla ünsiyyətdir. Bizim həqiqəti ayaq altına atmamağımıza, məsləhəti şəxsi qərəzə qurban verməməyimizə səbəb olan Allahla əlaqədir. Bizim Allah yolundan yayınmamağımıza, bu yolu getməkdən peşman olmamağımıza, yorulmamağımıza səbəb olan Allahla ünsiyyətdir. Allahla bu əlaqə həmişə mümkündür və heç zaman gec deyil. 
 
İnsanın həyatı daim iki paralel yol üzərindədir. Bir yol budur ki, onun üzərində gedənlər daim yuxarıya doğru gedirlər. Digər yol isə üzərində gedənlərin yalnız üzü aşağı getdikləri, dərəyə tərəf, cəhənnəmə doğru yuvarlandıqları yoldur. Bu iki yol həmişə bir-biri ilə yanaşıdır, paraleldir. Bu iki yolun gediş xətti tam olaraq bir-birinə bənzəyir. Süquta, nüzula, enişə doğru hərəkət edənlər digər yolu gedənlərin yaxınlaşdığı yerdən uzaqlaşırlar. Onlar Allahdan uzaqlaşır, şeytana, cəhənnəmə yaxınlaşırlar. Ülviliyə, yüksəlişə, nura, Allaha, tövhidə, əxlaqi təmizliyə, ruh paklığına doğru hərəkət edənlər isə tam olaraq digər qrupun süqut etdiyi yerdən uzaqlaşırlar. 
 
Bu, iki cığır, yol boyunca bir-biri ilə qonşudurlar. Birindən digərinə keçid olduqca asandır. Yol, yaxın yoldur. Əgər biz, Allah eləməmiş,  ikinci cığırda hərəkət etsək, nəfsani və şəxsi əxlaq baxımından aşağıya doğru yuvarlanırıqsa, birinci cığıra keçmək istəsək, yuxarıya doğru hərəkət etmək, yüksəlmək istəsək, bu iş hər an asandır. Sənə doğru gələnin yolu yaxındır. Allaha doğru hərəkət edənin yolu yaxındır. Əgər Allaha doğru gedən yola keçmək istəsək, yol çox yaxındır. Əgər bir addım atsanız süqut, eniş yolundan əbədi səadətə, nura doğru gedənlərin yoluna keçərsiniz.
 

Google+ WhatsApp ok.ru