Allahın evi də sökülərmi heç? - ŞEİR

Allahın evi də sökülərmi heç? - ŞEİR

Nəinki, sökməyi, hətta bir ədəd

Daşını yerindən qaldırmaq olar?

Bir ev ki, Allahın evi sayılır,

Divarın, qapısın sındırmaq olar?

 

Ora ancaq hörmət bəsləmək olar,

Tozun təmizləmək, çirkini silmək,

Xalçasın süpürmək, pərdəsin yumaq,

Orada oturub üzü qibləyə,

Rəbbinin evinin qonağı olmaq,

İxlas, təvazöylə gedib səcdəyə,

İstiğfar eyləmək, şükran eyləmək...

 

Allahın evi də sökülərmi heç...

Göydəki ulduzlar yerin üzünə,

Necə işıq saçır, nur saçırsa bil,

Məscid də göyləri nura qərq edir

Ulduz tək parlayır səmada yəqin!

 

Allahın evi də sökülərmi heç?

Daşın daş üstündən qaldırmaq olar?

Hörmətsiz, sayğısız davranışlarla

Məscidin ürəyin sındırmaq olar?

 

Məscid – insanların hidayət yeri,

Məscid – pakizəlik nümunəsidir

İnsanı Allaha yaxınlaşdıran

Səmada ucalan azan səsidir...

 

Allahın evi də sökülərmi heç?

Azanın səsini kəsmək olarmı?

Bir səs ki, bir ev ki, məqsədi yalnız

İnsanın bəndəlik missiyasıdır...

 

Allahın evi də sökülərmi heç?

Kiminsə namazın kəsmək olarmı?

Günahlar müxtəlif, günahlar fərqli

Kimsə günah edir, özün yandırır

Kimsə də Allahın evini söküb,

Mömünün qəlbinin közün yandırır...

 

İnsanı öldürmək günahı qədər

Allahın evini sökmək günahdır

Məscidi olmayan bir cəmiyyətin

Sabaha çıxması böyük sualdır.

 

Məscidi olmayan bir cəmiyyətin

Qarabağ adında dərdi olarmı?

Məscidin sökülən divarı, sökülən daşı

Bizə Qarabağın qeyrət daşıdır.

Məscid sökülməyi adiləşəndə

Bir gün Xocalı da adiləşəcək...

 

Allahın evi də sökülərmi heç?

Hələ deyilişi dəhşət gətirir,

Məscidsiz cəmiyyət, məscidsiz vətən,

Sabahı qaranlıq, zülmət gətirir...

Allahın evi də sökülərmi heç...

Allahın evi də sökülərmi heç ...

Allahın evi də sökülərmi heç?!

 

Xəyalə Quliyeva

(deyerler.org)

Google+ WhatsApp ok.ru