Məhərrəm ayının 8-ci günü Kərbəlada baş vermiş hadisələr

Məhərrəm ayının 8-ci günü Kərbəlada baş vermiş hadisələr

İmam Hüseynin (ə) ecazkarlıqla yerdən su çıxarması
 
Susuzluq İmam Hüseyni (ə) və səhabələrini yormuşdu, o həzrət bir külüng götürüb xeymələrin arxasında on doqquz addımlıq fasilədə qibləyə tərəf yeri qazdı, oradan kifayət qədər təmiz su çıxdı. Hamı içib məşklərini su ilə doldurdu. Sonra o su yoxa çıxdı və bir daha ondan əsər əlamət qalmadı. Bu ecazkar xəbər casuslar vasitəsi ilə Übeydullaha çatdı, o dərhal bir qasid vasitəsilə Ömər Sə`də bu xəbəri göndərdi: mənə xəbər çatıb ki, Hüseyn quyu qazır və su çıxararaq özü və səhabələri o sudan içir. Bu məktub sənə çatan kimi gecikmədən gözün olsun ki, Hüseynin əli suya çatmasın, işi Hüseyn və tərəfdarlarına daha çətinləşdir və Osmanla gördüyü işi sən də, onlarla gör!!
Ömər ibn Sə`d Übeydullahın məktubunu alan kimi dərhal imam Hüseynə (ə) və dostlarına vəziyyəti daha da çətinləşdirdi ki, suya əsla əlləri çatmasın. 
 
Yezid ibn Hissin Həmdaninin, Ömər Sə`d ilə görüşü
 
Artıq susuzluğa dözmək olmurdu məxsusən uşaqlar üçün daha dözülməz idi. İmam Hüseynin (ə) səhabələrindən biri olan Yezid ibn Hissin Həmdani, zöhd və ibadətdə ad qazanmışdı. O, imama ərz etdi ki, ona icazə versin gedib Ömər Sə`dlə su haqda danışsın bəlkə onu bu işdən çəkindirə bildi. İmam (ə) buyurdu: (bu haqda) seçim öz əlindədir.
 
O, Ömər Sə`din xeyməsinə girdi amma salam vermədi. Ömər Sə`d dedi: ey Həmdanlı kişi! Sənə salam verməyə nə mane oldu?! Mən müsəlman deyiləmmi, Allah və onun peyğəmbərini tanımırammı, mənə salam vermədin?!
Həmdani dedi: əgər özünü müsəlman sanırsansa nə üçün Peyğəmbər (s) ailəsini öldürməyi qərara alıb suyu onların üzünə bağlamısan ?! Allah və onun Rəsulunu tanıdığını düşünürsənmi?!
 
Ömər Sə`d başını aşağı saldı və dedi: Ey Həmdani! Mən bilirəm ki, bu ailəni incitmək haramdır! Amma Übeydullah bu işə məni məcbur edibdir! Mən həssas anları yaşayıram və nə edəcəyimi bilmirəm! Bilmirəm Rey hakimiyyətini buraxımmı, hal buki o hakimiyyətin şövqündən yanıram. Yaxud əllərimi Hüseynin qanına bulayım, halbuki bilirəm bunun cavabı Cəhənnəmdir. Lakin Rey hakimiyyəti mənim gözümün nurudur. Ey Həmdani! Mən özüm özümdə Rey hakimiyyətindən keçmək kimi bir fədakarlığı görə bilmirəm.
 
Yezid ibn Hissin Həmdani qayıdıb imam Hüseynə (ə) hadisəni danışaraq dedi: Ömər Sə`d Rey hakimiyyətinə çatmaq üçün sizi qətlə yetirməyə hazırdır.
 
Səhabələr "Fərat" çayından su gətirir
 
Getdikcə susuzluq xeymələrdə artırdı. İmam Hüseyn (ə) qardaşı həzrət Əbülfəzl Abbası (ə) çağıraraq onu otuz nəfər süvari və iyirmi nəfər piyada ilə birlikdə xeymələrə su gətirmək üçün göndərdi. Onlar gecəykən hərəkət etdilər. Nafi ibn Hilal əlində xüsusi bayraq onların önündə gedirdi.
 
Onlar "Şəttun Fəratın" yanına çatanda Ömər ibn Həccac soruşdu: kimsən?
 
Nafi ibn Hilal özünü tanıtdırdı.
 
Ömər ibn Həccac dedi: ay qardaş! Xoş gəldin, bura gəlməyinin səbəbi nədir?
 
Nafi dedi: gəlmişəm bizi ondan məhrum edən bu sudan içəm.
 
Ömər ibn Həccac dedi: iç nuş olsun. 
 
Nafi ibn Hilal dedi: Allaha and olsun ki, Hüseyn və tərəfdarları nə qədər susuzdursa mən tək su içməyəcəm. 
 
Ömər ibn Həccacın ordusu başa düşdü ki, Nafi ibn Hilal tək gəlməyib və yanında köməkçiləri də, var. Ömər ibn Həccac dedi: onlar bu sudan içməməlidir bizi məhz buna görə burada qoyublar. Ömər ibn Həccacın qoşunu yaxınlaşanda həzrət Əbulfəzl Abbas (ə) piyadalara məşkləri doldurmağı əmr etdi. Piyadalar da, göstərişə əməl etdilər. Ömər ibn Həccac və ordusu yolu bağlamaq istədikdə Əbülfəzl Abbas (ə) və Nafi ibn Hilal onlara hücum edərək başlarını qatdı. Süvarilər yolu Ömər ibn Həccacın qoşununa bağladı ki, piyadalar rahat məşkləri su ilə doldura bilib xeymələrə su çatdıra bilsinlər.
 
Ömər ibn Həccacın qoşunu süvarilərə hücum etdi və onlardan bir qədərini arxaya çəkdi. Sonra Ömər ibn Həccacın qoşunundan bir kişi Nafi ibn Hilalın nizəsi ilə dərin yara alıb qan axma nəticəsində canını tapşırdı və səhabələr İmamın (ə) yanına qayıtdı.
 
İmam Hüseynin (ə) Ömər Sə`d ilə görüşü
 
İmam Hüseyn (ə) öz səhabələrindən Ömər ibn Qürzə Ənsari adında bir kişini Ömər Sə`din yanına göndərib ondan istədi ki, gecə vaxtı iki ordunun yaxınlığında onunla görüşsün. Ömər Sə`d qəbul etdi və İmam Hüseyn (ə) köməkçilərindən iyirmi nəfər, Ömər Sə`d də qoşunundan iyirmi nəfərini götürüb deyilən yerdə görüşdülər.
 
İmam Hüseyn (ə) əmr etdi ki, qardaşı Abbas və oğlu Əli Əkbərdən başqa hamı qayıtsın. Ömər Sə`d də oğlu Həfs və qulamından başqa hamıya qayıtmağı göstəriş verdi.
 
Birinci İmam Hüseyn (ə) sözə başladı: [ey] Sə`d oğlu! Mənimlə döyüşür və Ona tərəf qayıdacağın Allahdan qorxmursanmı? Mən o şəxsin övladıyam ki, sən daha yaxşı bilirsən [kimdir o]! Sən bu dəstəni tərk edib bizimlə olmursanmı? Bu səni Allaha yaxın edəcək.
 
Ömər ibn Sə`d dedi: Əgər bu dəstədən ayrılsam qorxuram evimi uçursunlar!
 
İmam Hüseyn (ə) buyurdu: mən evini sənin üçün düzəldəcəm.
 
Ömər: Qorxuram mal-dövlətimi əlimdən alsınlar!
 
İmam (ə) buyurdu: mən Hicazda olan malımdan, ondan [səndə olandan] daha yaxşısını sənə verəcəm!
 
Bəzi mənbələrdə qeyd olunub ki, İmam Hüseyn (ə) Ömər Sə`də özünün böyük bir xurma bağını vəd edir.
 
İmam Hüseyn (ə) nə qədər Ömər Sə`di hidayət etməyə çalışsa da Ömər müxtəlif bəhanələr gətirdi. Bundan sonra İmam Hüseyn (ə) ayağa qalxıb Ömərə buyurdu: sənə nə olur?! Allah tezliklə sənin canını yatağında alsın və səni Qiyamət günü bağışlamasın, Allaha and olsun bilirəm ki, bir azı istisna olmaqla İraqın buğdasından yeməyəcəksən.
 
Ömər istehza ilə - mənə arpası da yetər - dedi!!
 
Bəzi mənbələrdə yazılıb ki, İmam Hüseyn (ə) ömər Sə`də buyurur sənin başını ney üstündə Küfənin küçələrində gəzdirildiyini və uşaqların da ona daş atdığını görürəm.
 
Ömər Sə`din Übeydullaha məktubu
 
Bu görüşdən sonra Ömər Sə`d Übeydullah ibn Ziyada bu məzmunda bir məktub yazdı: Allah fitnə odunu sömdürdü və camaatı bir fikirdə müttəhid etdi! Bu Hüseyndir (ə) ki, deyir ya gəldiyi yerə qayıtsın ya da İslam ölkələrindən birinə gedib orada adi müsəlmanlar kimi yaşasın, ya da ki, özü Yezidin yanına getsin Yezid necə istəsə onunla o cür rəftar etsin. Ümmətin də razılığı elə bundadır.
 
İftira və böhtan
 
Həzrət imam Hüseynin (ə) vəfalı xanımı həzrət Rübabın (s) Əqəbət ibn Səm`an adında bir qulamı var idi. O belə deyir: mən Mədinədən Məkkəyə və Məkkədən də İraqa qədər İmam Hüseynin (ə) yanında idim və ondan ayrılmadım. Bu müddət ərzində İmam Hüseyn (ə) elə bir söz demədi ki, mən onu eşitməmiş olum. Allaha and olsun İmam Hüseynin (ə) - icazə verin mən beyət əlimi Yezidə uzadım, yaxud qoyun gedim İslam ölkələrindən birinə - deməsini camaat güman edirsə, İmam Hüseyn (ə) belə bir söz buyurmayıb!. Əksinə yalnız belə deyərdi: Qoyun mən bu torpaqda gəzim camaatın işinin hara çatdığını görüm.
 
Nəticə alırıq ki, Ömər Sə`d bu məktubu özündən yazıb, ola bilsin məqsədi də bu olsun ki, Übeydullahı İmam Hüseyn (ə) ilə döyüşməkdən çəkindirə.
 
Übeydullahın Ömər Sə`də cavabı
 
Übeydullah Ömər Sə`din məktubunu görəndə dedi: Ömər Sə`d qohumlarına ürəyi yanır deyə onlar üçün çıxış yolu axtarır.
 
Bu an Şimr ibn Zi-Cövşən (Allahın lənəti olsun ona) yerindən qalxıb dedi: Ömər Sə`din bu rəftarını qəbul edirsənmi?! Hüseyn sənin torpağına gəlib yanındadır, Allaha and olsun Sənə beyət etmədən yanından gedərsə günü-gündən qüvvəsi çoxalar və sən onu tutmaqdan aciz olacaqsan, əgər bunu ondan qəbul etsən məğlub olacaqsan. Əgər sənin əmrinə tabe olsa onda sən onları cəzalandırmaqda və ya əfv etməktə ixtiyar sahibi olacaqsan. İbn Ziyad dedi: yaxşı fikirdir və mənim də nəzərim budur. Ey Şimr! Mənim məktubu Ömər Sə`din yanına apar ki, Hüseyn və onun tərəfdarlarına oxusun. Əgər mənim hökmümə itaət etməzlərsə onda onlarla döyüş. Əgər Ömər Sə`d onlarla döyüşməktən imtina edərsə qoşuna başçılığı öz öhdənə götür və Ömərin də başını kəsib yanıma göndər. 
 
Maide.Az 
 

Google+ WhatsApp ok.ru