ALTINCI SƏCİYYƏ: ŞİRKDƏN UZAQLIQ-1

ALTINCI SƏCİYYƏ: ŞİRKDƏN UZAQLIQ-1

Rəhman Allahın həqiqi bəndələrinin altıncı səciyyəsi şirkdən uzaq olmaları və Allahla birgə başqa məbud çağırmamalarıdır. Allah-Taala “Furqan” surəsinin 68-ci ayəsində bu barədə buyurur:

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ

“(Rəhman Allahın həqiqi bəndələri) Allahla birgə başqa məbud çağırmırlar...”

QURANİ-KƏRİMDƏ ŞİRKLƏ MÜBARİZƏ

Qurani-Kərimdə heç bir günah barəsində şirk və bütpərəstliyə dair ayələrdəki qədər sərtlik nəzərə çarpmır. O cümlədən:

1. “Nisa” surəsinin 116-cı ayəsində buyurulur:

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا

“Şübhəsiz, Allah Ona şərik qoşulmasını bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən, çox böyük azğınlığa düşmüşdür.”

Bu ayəyə əsasən, şirkdən başqa hər hansı günahın bağışlanma ehtimalı vardırsa, Allaha şərik qoşduğu halda dünyadan gedənin isə nicatına ümid yoxdur və heç bir şəfaətçi ona yardım edə bilməyəcək.

2. “Maidə” surəsinin 72-ci ayəsində Allah şərik qoşanları daha şiddətlə hədələyir:

مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

“Şübhəsiz, Allah Ona şərik qoşana cənnəti haram edər və onun qalacağı yer oddur! Zalımlara əsla kömək edən olmaz.”

Behişt təkallahçıların yeridir və müşriklərə haramdır.

3. “Həcc” surəsinin 31-ci ayəsində Allaha şərik qoşanların süqut və bədbəxtliyi belə təsvir olunur:

وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاء فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ

“Allaha şərik qoşan kəs göydən düşərkən quşların qapdığı (ova) və ya (güclü) küləyin sovurub uzaq bir yerə atdığı (quru bitkiyə) bənzəyir.”

Allaha şərik qoşan tövhid və yeganəpərəstlik fitrətindən üz çevirməklə insaniyyət səmasından süqut edir. Bu süqut onun məhvi üçün kifayətdir. Şirkin həqiqi çöhrəsi üçün bundan aydın misal təsəvvür etmək olmaz.

4. “Loğman” surəsinin 13-cü ayəsində şirk “böyük zülm” adlanır:

وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

“(Yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən dedi: “Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük zülmdür.”

Zülmün böyüklüyü ona məruz qalanla ölçülür və bütün nemətlərin əsl sahibini cansız əşyaların timsalında görmək ən böyük vicdansızlıqdır. Şirklə insan özünə və Allaha zülm edir: Allaha şərik qoşmaqla həddini aşır, bütə səcdə və pərəstişlə isə özünü son dərəcədə xar və zəlil edir. Odur ki, şirk, və bütpərəstlikdən uzaqlıq ilahi bəndələrin səciyyəsi kimi tanıtdırılır. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.101, 105 və 106.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru