Amerikadan Azərbaycan üçün sürpriz din hesabatı

Dini azadlıqlarla bağlı illik hesabatda ölkədə məzhəblər arasında münasibətləri gərginləşdirən və ya bu fonu yaratmağa cəhd edən elementlərin bolluğu diqqət çəkir
 
Xəbər verdiyimiz kimi, ABŞ-n Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının (USCIRF) – dini sui-istifadələrin monitorinqi üçün yaradılmış müstəqil federal orqanın məruzəsi hazırlanıb. USCRF-in baş analitiki Ketron Kozman “Turan”a müsahibəsində Azərbaycandakı dini vəziyyətlə bağlı fikirlərini söyləyib. Amerikalı ekspert bildirib ki, Azərbaycan hökumətinin tolerantlıq haqqında bəyanatlarına baxmayaraq, son bir neçə ildə ölkədə dini azadlıqlar pisləşib. Hesabat dövründə (aprel 2013 – aprel 2014) dini təşkilatların bağlanması, vətəndaşlardan dini fəaliyyətə görə saxlanılması və cərimə olunması faktları olub.
 
2009-cu ildən başlayaraq rəsmi Bakının din sahəsində təzyiqləri artırdığını qeyd edən K.Kozman dini fəaliyyətlə bağlı qanunvericilik aktlarının sərtləşdirilməsi faktlarını sadalayıb. Sitat: “2014-cü ilin yazında Azərbaycan parlamenti din, QHT haqqında qanunlara və digər qanunlara guya dini ekstremizmin qarşısının alınması üçün əlavə məhdudlaşdırıcı düzəlişlər edib. 2010-cu ildə pozuntulara görə cərimələr 16 dəfə artırılıb. Ölkənin müsəlman icmaları xüsusi nəzarət altındadır: onların bütün liderləri dövlətin nəzarəti altında olan Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilib”. 
 
Hicab qadağası və həbslərə toxunan ekspert hicab qadağasının tətbiq olunduğu 2010-cu ilin noyabrından bu günə qədər baş verən etirazlar nəticəsində 72 islamçının həbs olunduğunu qeyd edib. Eyni zamanda 2014-cü ilin yazında hicab qadağası universitet tələbələrinə də şamil edildiyini əlavə edib. 
 
Ketrin Kozman bildirib ki, Azərbaycan Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, 2005-2011-ci illərdə 220 Azərbaycan vətəndaşı dini ekstremizm ittihamı ilə mühakimə edilib. Onlar arasında 31 hicab məhbusu, 10 nəfər azadxaber.net dini saytı ilə əlaqədar həbs edilmiş dindar, xeber44.com saytında nəşrlərlə bağlı Masallıdan 6 dindar, ilahiyyatçı Taleh Bağırzadə, ruhani Abgül Süleymanov var.
 
Radikal dindarlar təhlükəsindən danışan ekspert hökumətin bu mövzudan sui-istifadə etdiyini bildirib. “Son illər Azərbaycan hökumətinin məhdudlaşdırıcı qanunları və rəsmi siyasəti yerli icmaların radikalizm riskini xarici təsirdən daha çox artırır” – deyə Kozman bildirib.
 
Eyni zamanda o, bildirib ki, hökumət radikal islamçı probleminə qarşı mübarizənin səmərəli üsullarını tapmayıb: “Qanunlar ideyaları və ya dinc dini təcrübəni deyil, faktiki zorakılığı cəzalandırmalıdır”. 
 
Azərbaycanda məzhəblər arasında münasibətlərin gərginləşməsi ilə bağlı suala cavab olaraq ekspert bildirib ki, şiələr və sünnilər arasında fərqlər qismən nəsillərin dəyişməsi ilə bağlıdır: “Yaşlı nəsil sovet ateizmi dövründə böyüyüb və sünni-şiə fərqlərini pis başa düşürdülər. Gənc nəslin, xüsusən Yaxın Şərqdə oxuyanların dini təhsili var və sünnilər və şiələr arasındakı fərqlərlə bağlı öz fikri var.
 
Bu fikir təkcə Sumqayıtda atışma fonunda deyil, şiələrin Sabirabadda vəhhabinin saqqalını zorla qırxması faktı fonunda yaranır. Belə şeylər cavab reaksiyası doğurub və bir neçə şiəyə hücuma səbəb olub. Dini fərq güc mənbəyidir, amma bu, hökumətin ədalətli və bacarıqlı siyasətini tələb edir ki, bu da, təəssüf ki, Azərbaycanda müşahidə olunmur”.
 
Maraqlıdır ki, bir qədər öncə qapadılan Fətullah Gülən məktəbləri ilə bağlı danışan amerikalı ekspert Gülən məktəbi məzunlarının dövlət dairələrində, elmi dairələrdə və özəl sektorda mühüm mövqelər tutduğunu bildirib. Ancaq bu cərəyanın fəaliyyətinin müəyyən suallar yaratdığını da əlavə edib. Sitat: “Ekspertlər qeyd edirlər ki, Gülən məktəblərinin məzunları, bir qayda olaraq, yaxşı təhsillidirlər və cəmiyyətə yaxşı inteqrasiya ediblər, kosmopolitik dünya baxışları var. Lakin 2013-cü ilin sonlarında Türkiyədə siyasi böhran belə bir sual doğurdu: “Hizmet” hərəkatı əslində nə edir, onun siyasi məqsədləri varmı? 
 
Azərbaycanda Gülən məktəblərinin bağlanması o deməkdir ki, insanlar artıq yaxşı təhsil ala bilmirlər. “Ümid edək ki, bu uğursuz qərarın Azərbaycanda azlıq təşkil edən sünnilər üçün mənfi nəticələri olmayacaq”. 
 
Qeyd edək ki, ənənəvi olaraq hər il hazırlanan hesabatda bir sıra məqamlar nisbətə yenidir. Məsələn, ilk dəfə Azərbaycanda məzhəblər arasında münasibətlər mövzusunun qabardılması, məzhəblər arasında toqquşmanın olması kimi detallar yenidir. Ən maraqlı məqam isə Gülən məktəblərinin bağlanmasının sünnilər üçün mənfi nəticələr doğurması ilə bağlı ehtimallardır. Əlbəttə, hesabatdakı bir sıra məqamlar, o cümlədən dini icmalarla bağlı qanunvericiliyin sərtləşdirilməsi, cərimələrin artırılması, məscidlərin sökülməsi (yeri gəlmişkən, sökülən iki əsas məscidin adı qeyd edilməyib – K.R.) kimi məlumatlar həqiqəti əks etdirir. Ancaq yuxarıda qeyd etdiyimiz məzhəblər arasında çatışmanın olması ilə bağlı bəzi faktlar həqiqəti əks etdirmir. Doğrudur, həqiqətən də Azərbaycanda Suriya, İraq olaylarının təsiri ilə məzhəblər arasında münasibətlər gərginləşib, mediada, sosial şəbəkələrdə, eləcə də məscidlərdə sələfi və şiə icmalarının üzvləri arasında qarşılıqlı ittihamlar, təhqirlər baş verir. Ancaq hələlik bu hallar açıq toqquşmaya səbəb olmayıb. Sumqayıtda ötən ilin dekabrında baş verənlər isə rəsmi məlumata əsas sələfi və xəvaric qrupları arasında qarşıdurma idi. 
 
Nəhayət, Gülən məktəblərinin sünnilər üçün problem yaratması düşüncəsi yeni faktdır. Çünki əvvəla, bu məktəblər Türkiyə baş nazirinin sifarişi ilə qapadılıb. İkincisi isə bu məktəblərdə məzhəb fərqi olmadan bütün ölkə vətəndaşları – təbii ki, maddi imkanları olan – övladlarını oxuda biliblər. Nəhayət, məktəblər dini səbəblə deyil, siyasi səbəblərlə əlaqədar bağlanıb. Əlbəttə, bütün bunları amerikalı ekspertin qərəzli olaraq yazdığını iddia eləmirik. Ancaq Azərbaycana dəfələrlə səfər edən və yerli mütəxəssislərlə görüşlər keçirən xanım Ketrin Kozmanın bu məlumatları dəqiq şəkildə öyrənmək imkanları olub. Belə görünür ki, Azərbaycanda olarkən amerikalı ekspertə məhz yerli mənbələrdən bu cür təhrif olunmuş, dini zəmində gərginliyi daha da artırmağa xidmət edən və ya ən azı bu fonu yaratmağa kifayət edəcək məlumatlar verilib. 
 
Qeyd edək ki, bu hesabatla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, o cümlədən yerli sahə mütəxəssislərindən rəy almaq cəhdlərimiz nəticəsiz qaldı. 
 
Kənan Rövşənoğlu/Yeni Müsavat

Google+ WhatsApp ok.ru