Amerikalı senator siyasi məhbusları azad etməyə çağırdı

ABŞ senatoru Patrik Lixi Azərbaycan hökumətini bütün siyasi məhbusları azad etməyə çağırıb. Bu barədə Turan-ın müxbiri məlumat verib.
 
ABŞ Senatı hüquq komitəsinin yüksək vəzifəli üzvü demokrat Patrik Lixi öz bəyanatında Azərbaycan hökumətinin hüquq müdafiəçilərini, jurnalistləri və digər vətəndaş fəallarını təqib etməsilə bağlı əvvəlki narahatlığını xatırladıb.
 
Ötən ildən başlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti daha da pisləşib, baxmayaraq ki, prezident Obama və digər dövlətlərin, həmçinin Avropa İttifaqı ölkələrinin liderləri, BMT insan haqları komissarı bu durumu pisləyiblər.
 
“Mən bu cəsarətli insanlarla amansız davranışla bağlı yenidən həyəcanımı bildirmək istəyirəm. Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və digərləri daxil olmaqla, bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik”, – senator vurğulayıb.
 
“Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq Azərbaycan hökuməti ölkə Konstitusiyasının müddəalarını dəstəkləməli və vətəndaş cəmiyyəti üzvlərinin, jurnalistlərin, siyasi fəalların təqib olunmasına son qoymalıdır. Onların günahı yalnız öz fikirlərini dinc şəkildə ifadə etmələridir”, – senator bildirib.

Google+ WhatsApp ok.ru