Amnistiya aktının icrasının vaxtı AÇIQLANDI

"Amnistiya aktının icra müddəti 4 ay olacaq".
 
Maide.Az report-a istinadən bildirir ki, bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı parlamentə təqdim olunan "Amnistiya aktı haqqında" qanun layihəsi müzakirəsi zamanı deyib.
O bildirib ki, bu amnistiya əvvəlkindən 1000 nəfərdən çox məhkuma şamil olunacaq: "Qərar 15 iyundan qüvvəyə minəcək".
 
Qeyd edək ki, bu gün Milli Məclisin xüsusi iclasında “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.
 
Qərar layihəsi yekdilliklə qəbul edilib.
 
Qeyd edək ki, amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan  ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər. Həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunacaqlar. 10 minə yaxın şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək.
 

Google+ WhatsApp ok.ru