ANALAR ANASI

ANALAR ANASI

Ana sözü insan üçün özünəməxsus doğmalığı, müqəddəsliyi xatırladır. Bu sözün doğmalıq şüası, birləşdiyi növbəti sözü də işıqlandıraraq doğmalaşdırır, müqəddəsləşdirir. Misal üçün, ana vətən, ana dili, əslində doğma vətən, doğma dil anlamına gəlir. Demək, dili və vətəni doğmalaşdıran da ana anlayışıdır. Hərfi mənaca, bu söz, canlıların əsası kimi izah edilir və ana sözü “əsas” mənasında da işlənir. Misal üçün, ana xətt, ana yol, ana səhifə “əsas” mənasını ifadə edir.

Təbii ki, yaradılış aləmində bütün varlıqlar öz əsasına, kökünə tabedir. Ağacın budağı öz kökü ilə qidalanır, nəfəs alır, yaşayır. Budağın kökü ilə əlaqəsi kəsildiyi zaman isə, qurumağa, çürüməyə məhkumdur. Ananın rolu təkcə bioloji qanunlarla məhdudlaşmır. Ana, hətta öz balasını dünyaya gətirdikdən sonra da, onun təlim-tərbiyəsini öz öhdəsinə götürür, öz xasiyyətini ona ötürür və balanın şəxsiyyətini formalaşdırır. Odur ki, deyiblər “anasına bax, qızını al”. Lakin bəzi canlılar balasının zəif, ehtiyaclı müddəti bitdikdən sonra onunla yadlaşır, artıq onu təbiətin öhdəsinə buraxır. Bir çox heyvanlar, misal üçün, atlar belədir. Toyuqlar da öz cücələrinə təkcə cücə ikən xüsusi qayğı, təəssübkeşlik göstərir. Heç böyüyərək toyuq olan dünənin cücələri də, artıq analarına ehtiyac hiss etmirlər.

İnsan isə belə deyil! İnsan aləmin misilsiz məxluqu, yaradılış qəzəlinin şah beytidir. İnsanlarda ana ilə övlad arasında sarsılmaz bir bağlılıq mövcuddur. Bəlkə də bu, insanın həmişə anaya ehtiyaclı olması səbəbindəndir. Cismani ehtiyacdan daha artıq, ruhi-mənəvi ehtiyac. Axı səmavi dinlərin təlimlərinə, filosofların arqumentlərinə və şühudi təcrübələrə əsasən, insan təkcə cisimdən ibarət deyil. Əslində insan şəxsiyyəti onun ilahi ruha sahib olmasındadır. Demək, ruhumuzun da ruhani anaya ehtiyacı var. Bu ehtiyac isə belə bir ananın varlığından xəbər verir. Çünki ehtiyacı verib, tələbatı verməmək ilahi hikmətə xas deyil. Bioloji ananı isə həmin müqəddəs ananın şüası hesab etmək olar.

Azərbaycan cəmiyyətində çox xoşladığım bir ifadə var “analar anası”. Bu ifadəni xanımlar xanımı Fatimeyi-Zəhraya (s) aid edirlər. Eyni ibarəni dini qaynaqlarda görməsəm də, lakin ibarənin məzmunu Əhli-beytin (ə) xanım Zəhraya baxışından qaynaqlanır. Məşhur nəqlə əsasən, şəhid olarkən 18 yaşında olub bu xanım. 18 yaşında ikən dünyanın bütün analarına analıq etmək, sözsüz ki, bioloji deyil, ruhani cəhətdən ola bilər. Ana dedikdə doğmalıq, müqəddəslik və canlının onsuz yaşaya bilmədiyi kökü və əsası nəzərdə tutulursa, “analar anası”, artıq, bu dəyərlərin əsil mənbəyi deməkdir. Doğmalığın, mədəniyyətin, mənəviyyatın, ilahi bəndəliyin kökü sayılan bir mənbə! Elə bir mənbə ki, təkcə adi insanların deyil, on bir məsum imama analıq etmək şərəfinə nail olub. Demək, Həsənin səbri, Hüseynin Kərbəlası, Səccadın münacatı, Baqirin elmi və digər məsumların fəzilətləri bu bulaqdan qaynaqlanır, bu məktəbdən keçir (Allahın salamı onlara olsun).

Əslində Fatimə (s) Əhli-beyt (ə) məktəbinin anasıdır. Odur ki, imam Həsən Əskəri (ə) buyurur: “Biz imamlar Allahın insanlar üzərində höccəti olduğumuz kimi, anamız Zəhra (s) da Allahın bizim üzərimizdə olan höccətidir.”

Burada İslam Peyğəmbərinin (s) xanım Fatimə (s) haqda işlətdiyi ifadə yadıma düşür: “atasının anası”. Yuxarıda toxunduğumuz baxış bucağından baxdıqda, Həzrətin bu sözünü izah etmək olar. Bu mənada ki, Peyğəmbərin gəlişinin başlıca məqsədi, Allahın dinini bəşəriyyətə çatdırmaq, izah etmək və beləliklə, bu dini təlimlər vasitəsilə qiyamətə kimi insanların dünya və axirət səadətini təmin etməkdir. Bu din yaşamadığı surətdə, Peyğəmbərin gəlişi də mənasız olur, Allahın Peyğəmbəri göndərməsi də hikmətsiz. Necə deyərlər, “nəqzi-qərəz” yaranır. Peyğəmbərin varlığı dinin ölməzliyindən asılı olduğu halda, təbii ki, dinin əbədiliyinə zəmanət verən amillə də sıx bağlıdır. Bu isə “Qədir-Xum” günü Allah elçisi vasitəsilə elan edilən vilayət amilidir. Demək, vilayət nübüvvəti qoruyur. Xanım Zəhra (s) isə anadır. Həm nübüvvətə, həm də vilayətə analıq edir, onu qoruyur. Öz xütbələri ilə, zülmə etirazı ilə, hətta hələ qucağına almadığı körpəni qurban verərək və sonda öz pak qanı ilə. Odur ki, hədisi-Qudsidə buyurulur: “Ya Əhməd sən olmasaydın yeri-göyü, Əli olmasaydı səni və Fatimə olmasaydı sizin ikinizi yaratmazdım.” Burada söhbət məqam üstünlüyündən getmir. Yəni Fatimə vilayəti və nübüvvəti qorumasaydı, artıq sizin yaradılışınız mənasız olardı. Çünki sizi yaratmaqda məqsəd bəşəriyyəti kamala yetirməkdir. Bu isə sizə verdiyimiz dini təlimlərlə həyata keçir. Bu maarifçiliyin keşiyində isə Fatimə (s) dayanır.

Fatimə (s) atasının anası olduğu halda, bizim də anamızdır. Çünki Peyğəmbər (s) buyurur: “Mən və Əli bu ümmətin atalarıyıq.” Demək, Fatimə (s) də anamız sayılır. Ana isə öz doğmalığı, müqəddəsliyi ilə yanaşı onunla əlaqəli olanları da öz nuru ilə işıqlandıraraq doğmalaşdırır, müqəddəsləşdirir. Beləliklə, ana adına qurulan məclislər də doğmadır, nuranidir və bərəkət mənbəyidir. Dini təlimlərimizdə gəlmiş anaya hörmət, ananın duasının və qarğışının keçərli olması, Allahın sözü ilə təzadda olmadığı halda, anaya tabeçilik və s. kimi ana anlayışı bu hədisə əsasən, ilk növbədə ruhumuzun anası Fatimeyi-Zəhraya (s) məxsusdur. Çünki Quran ayələrinə görə, qiyamət günü insan hətta öz anasından belə qaçacaq, analar da öz balasından. Hərə öz hayında olacaq.

Bu tərzi-təfəkkür insanın öz biloloji anasına laqeydliyini aşılamır, əksinə bulağın qaynağına baxmaqla ona olan məhəbbəti daha da ülviləşdirir, saflaşdırır və məsuliyyəti artırır. Dini hökmlər pərdəsi altında əsassız mövhumatçı dəlillərə istinadən öz müsəlman ata-anasını kafir bilmək və hətta öldürmək qədər vəhşilik isə, yalnız Xanım Zəhranın (s) analıq məktəbindən son dərəcə uzaq düşmüş İŞİD kimi manqurtlaşmış azğın bir dəstənin əlindən gələ bilər.

Artıq bu gün xanım Zəhranın (s) şəhadət günüdür. Xanım Zəhra (s) təkbaşına mübarizənin qəhrəmanıdır. Vilayət, ismət, namaz, elm, mədəniyyət, sağlam islami ailə tərzi, haqq-ədalət və bütövlükdə dinin maraqları uğrunda apardığı mübarizənin qəhrəmanı. Biz xanım Zəhraya (s) yalnız emosional duyğularla olan ana gözü ilə deyil, həm də mədəniyyətimizin kökü, əsası gözü ilə baxmalıyıq.

Sonda, bəndeyi-həqir inanclı qardaş və bacılarımızın, öz anaları adına qurulmuş məclislərdə etdiyi dualarına möhtaclığını bildirir. Bu günlərdə analar anasından ilham alaraq Xanımın yadigarı sayılan hicab atributunu yaşatdıqlarına, dinin digər bir atributu olan “cümə namazı”nı bərpa etdiklərinə görə, məhbəs həyatı yaşayan namaz və hicab məhbuslarını da dua etməyi özümüzə borc bilməliyik!

Təbii ki, ən üstün duamız Mövlamızın zühurunun tezləşməsidir: Əllahummə əccil livəliyyikəl-fərəc.

Adil Əhmədov (Maide.az)

Google+ WhatsApp ok.ru