Ankarada islam ümmətinin birliyi üçün vəhdət mesajları verilib

Ankarada islam ümmətinin birliyi üçün vəhdət mesajları verilib

Ankarada Türkiyə Diyanət İşləri İdarəsinin (Dİİ) rəhbəri Mehmet Görmez və onun dəvəti ilə Ankarada səfərdə olan İranın Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının rəhbəri ayətullah Möhsin Ərakinin iştirakı ilə heyətlərarası görüş keçirilib. 
 
SalamNews xəbər verir ki, alimlər, intellektuallar və QHT rəhbərlərinin daxil olduğu İran nümayəndə heyəti ilə görüşdə M.Görmez bu səfərdən məmnun olduğunu söyləyib, hazırda müsəlmanların bir-birinin üzünə baxmağa xəcalətli olduqlarını qeyd edib. 
 
“Çətin vəziyyətlərdə daha çox görüşmək, daha çox dialoq qurmaq lazımdır. Allah biz müsəlmanları bir-birimizin üzünə baxmaqdan məhrum etməsin. O qədər pis hadisələr baş verir ki, müsəlmanlar bir-birilərinin üzünə baxdıqda xəcalət hissi keçirirlər. Biz hamımız üzümüzü yalnız bir vəchə (üzə) tutsaq, bir-birimizin üzünə baxa bilərik ki, o da vəchullahdır. "Qurani-kərim"də “Vəchullah” Allahın razılığı mənasında keçir. Müsəlmanlar üzlərini vəchullaha tutmadıqları zaman bir-birilərinin də vəchlərinə (üzlərinə) baxa bilməzlər. Amma həmd olsun ki, çox böyük çətinliklərə rəğmən görüşə bilirik, danışa bilirik. Bunu davam etdirmək lazımdır.”, - Mehmet Görmez görüş zamanı bildirib. 
 
Ayətullah Əraki dəvətə görə M.Görmezə təşəkkür edib, islam dünyasında birliyin, vəhdətin təmin edilməsinə işarə edərək deyib: “Sizin izzətiniz, sizin qürurunuz bizim izzətimiz, bizim qürurumuzdur. Türkiyə xalqının qüruru islamın qürurudur. Allah sizin xalqınızın qürurunu artırmaqdadır. Allahdan islam ümmətinin qəlbinin birliyini artırmasını diləyirəm. Vəhdətin təmin olunması üçün ümmətin birliyi çox əhəmiyyətlidir. Biz inanırıq ki, islam ümməti arasında birlik təmin olunarsa, dünyanın ən böyük gücü islam ümməti olar. Çox təəssüf ki, ümmətin gücü islamın əleyhinə istifadə olunur. İslam ümmətinin birliyini təmin etməkdən böyük vacibat ola bilməz. Bu səfərimizdə sizin də müsbət baxışlarınızla bu addımı atacağımızı umuruq. Üləma birlikdə olarsa və birgə hərəkət edərsə, üməra (xalqa rəhbərlik edənlər, - red.) da onların ardınca gələr. Hesab edirəm, üləma arasında vəhdəti təmin etməyi bacaracağıq. Bu imkanı təmin etdiyiniz üçün sizə təşəkkür edirəm. Sizin üçün dua edirik.”
 
Nümayəndə heyətlərinin rəhbərləri arasındakı bu görüşdən sonra toplantılar heyətlərarası görüşlərlə davam edib. 

Google+ WhatsApp ok.ru