AİP-dən şəhid ailələrinə mənəvi dəstək

Maide.az-ın məlumatına görə, bu gün Azərbaycan İslam Partiyası qərargahında icra aparatının geniş toplantısı keçirildi. Partiyanın siyasi məsələlər üzrə şöbəsinin rəhbəri Akif Heydərli toplantı iştirakçılarının diqqətinə gündəlikdə duran bir sıra həlli vacib məsələləri çatdırdı. 
 
Cəbhə xəttində gərginliyin artmasından və ordumuzun verdiyi canlı itkilərdən narahatlıqla söz açan toplantı iştirakçıları şəhid ailələrinə diqqətin artırılmasının vacibliyini qeyd etdilər.   
 
Yığıncaqda Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələsində baş verən son olaylar müzakirə olundu. Xüsusən qoşunların təmas xəttində erməni diversiya təxribat qrupunun Ermənistan-Azərbaycan sərhəddini və əsgərlərimizin müdafiə xəttini keçmə cəhdlərindən narahatlıq ifadə olundu. Həmçinin, təxribatçı qrupun hüçumları zamanı Azərbaycan ordusunun həlak olan əsgər və zabitləri böyük ehtiramla yad edildi.
 
Toplantıda AİP olaraq şəhid ailələrinə mənəvi dayaq durmaq kimi öncədən planlaşdırılmış fəaliyyət proqramının daha da gücləndirilməsi qərara alındı.
 
Qərara görə, qurumun ayrı-ayrı rayonlarda mövcud özək təşkilatlarının fəallarının, həmçinin, partiyanın rəhbər orqanları nümayəndələrinin şəhid ailələri ilə təmas və görüşlərinin sayını artırmaq, insanların düşmənə nifrət, vətənə-torpağa məhəbbət hissini gücləndirmək məqsədilə, habelə şəhidlərin valideyinlərində mənəvi sarsıntıların qarşısını almaq məqsədilə, tədbirlərin keçirilməsindən ötrü bütün vasitələrdən istifadə etmək vacib və zəruri hesab olundu. 

Google+ WhatsApp ok.ru