AİP-in sədr müavini: `Ev sahibinə təzyiq ediblər, ona görə də məhkəməyə vermək fikrimiz yoxdur`

Azərbaycan İslam Partiyası növbəti dəfə qərargahsız qalıb. Partiya bir ay əvvəl icarəyə götürdüyü ofisindən köçürülüb. AİP mətbuat xidmətindən islaminsesi.org-a bildirilib ki, partiyanın Nizami rayonunda yerləşən qərargahına gələn mənzilin sahibi təcili mənzili boşaltmağı tələb edib, əks təqdirdə qərargaha məxsus əşyaları bayıra atacağı ilə hədələyib.
 
AİP sədrinin Təşkilatı məsələlər üzrə müavini Vüqar İbayev “Yeni Müsavat”a açıqlamasında yeni qərargaha 1 ay əvvəl köçdüklərini və mənzil sahibi ilə 1 illik icarə müqaviləsi bağladıqlarını bildirdi. Ancaq onun sözlərinə görə, yeni qərargahda ilk toplantıdan sonra mənzil sahibinə təzyiqlər başlayıb: “Yeni qərargahda dəyirmi masa keçirdik. Əsas mövzular Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməni bombalaması, Şeyx Nimrə Səudiyyə məhkəməsi tərəfindən ölüm hökmünün çıxarılması və Azərbaycanda hicab və vicdan məhbuslarının təzyiqlərə məruz qalması idi. Bildiyiniz kimi, hazırda vicdan məhbuslarına, ilahiyyatçılara həbsxanada təzyiqlər olur, Hacı Mövsüm və Hacı Taleh həbsxanada təzyiqlərə məruz qalır, həbsxana daxilində qandalla saxlayırlar. Dəyirmi masada müzakirələr oldu, etirazlar bildirildi, eyni zamanda Səudiyyə Ərəbistanı hakimiyyətinin qərarına etiraz bildirdik”.
 
V.İbayev deyir ki, bu tədbirin səhəri günü mənzilin sahibi onlara zəng edərək qərargahın yerləşdiyi mənzili boşaltmalarını istəyib: “Biz vaxt istədik, yeni ofis axtaraq. Bir neçə ev alğı-satqı mərkəzlərinə müraciət etdik ki, yeni ofis tapaq. Həmin ərəfədə daha bir tədbirimiz BMM-də oldu. Səhəri gün yenidən ev sahibi zəng edərək köçməyimizi tələb etdi. Sonuncu dəfə şənbə günü Səudiyyə Ərəbistanı səfirliyi qarşısında etiraz aksiyasından sonra ofisin sahibi zəng edərək bildirdi ki, bir gün ərzində çıxmalısınız”.
 
Vüqar İbayev deyir ki, bazar günü ev sahibi onu ofisə dəvət edib və özü ilə gətirdiyi və qohumları adlandırdığı adamlarla birlikdə ofisin əşyalarını boşaltmağı tələb edib, eyni zamanda ofisə yeni kirayəçi köçürülüb. AİP nümayəndəsi deyir ki, əllərində 1 illik müqavilə sənədi olsa da, ev sahibini məhkəməyə verməyəcəklər: “Biz başa düşürük ki, burda ev sahibinə təzyiq ediblər. Ona görə də məhkəməyə vermək fikrimiz yoxdur. Doğrudur, əvvəlcə belə təkliflər oldu, amma sonra vaz keçdik. Aydın məsələdir ki, evin sahibinə təzyiq edilib. Biz də bunu anlayışla qarşıladıq. Hazırda yeni ofis axtarırıq, hələlik ofisimiz yoxdur”.

Google+ WhatsApp ok.ru