AİP-in yeni sədr əvəzi: Həbsdə olanlar barədə əlimizdən gələni qanunlar çərçivəsində edəcəyik - VİDEO (YENİLƏNİB)

Bu gün saat 11:00-da AİP-in Qərargahında Azərbaycan İslam Partiyasının yeni sədr əvəzi Hacı İlham Əliyevin mətbuat konfransı baş tutub. 
 
Maide.az xəbər verir ki,  mətbuat konfransının açılışında AİP-in sədr müavini Akif Heydərli çıxış edib və İslam Partiyasının yaranma tarixi və keçdiyi yoldan danışıb.
 
A.Heydərlinin partiya barədə qısa məlumatından sonra yeni sədr əvəzi Hacı İlham Əliyev jurnalistlərin suallarını cavablandırıb.
 
Azadxeber.az saytı: Bundan sonra partiyanın xəttində hansı yeniliklər olacaq?
İlham Əliyev: Azərbaycan İslam Partiyası bu günkü günə kimi Nizamnamə əsasında öz fəaliyyətini davam etdirib və bundan sonra da islahatlar Nizamnamə əsasında baş tutacaq. Üstünlüyü partiyanın adından bəlli olduğu kimi İslama, İslam maarifinə verəcək. Bu ad təsadüfü seçilməyib. Göstəricisi budur ki, partiya kimi siyasət və onun əhatə edən mövzular da fəaliyyətimizdə özünü əks etdirəcək. İslam maarifi tətbiq olunduqdan sonra onun içindən qaynaqlanan siyasi düşüncələr və addımlar da tənzimlənməlidir. İslam Partiyasının növbəti fəaliyyətləri də elə bu əsasdadır. İslamı Peyğəmbərin, Əhli-Beytin bizə çatdırdığı kimi xalqımıza çatdıracağıq. O cəmiyyət ki, Nəhcül-Bəlağəni düzgün başa düşür, dərk edir, ona siyasətdən dərs keçməyə ehtiyac yoxdur.
 
İslamazeri.az saytı: Sədr əvəzi olduğunu müddətdə Azərbaycandakı digər İslami təşkilatlar, siyasi partiya və QHT-lərlə münasibətlər necə tənzimlənəcək?
İlham Əliyev: İslam Partiyası ölkədə fəaliyyət göstərən təşkilatlarla fəaliyyətlərini inkişaf edən səviyyədə quracaq. Güman edirik ki, bu sahədə çətinliyimiz olmayacaq və bütün tərəflərlə səmimi şəkildə münasibətlər formalaşdırılacaq.
 
"Yeni Müsavat" qəzeti: İslam Partiyası seçkilərdə hansı formada iştirak edəcək?
İlham Əliyev: Seçkilərlə bağlı hazırda partiyadaxili müzakirələr gedir. Hələlik son nəticəyə gəlməmişik. Yaxın vaxtlarda qərarımızı elan edəcəyik.
 
"Turan" İnformasiya Agentliyi: Bundan əvvəl hansı fəaliyyətləriniz olub? Bir də Ayətullah Həmədaninin Azərbaycana səfərini necə dəyərləndirirsiniz?
İlham Əliyev: Orta məktəbi bitirdikdən sonra ali-ruhani təhsili almışam 2004-cü ilə qədər. O zamandan bu günə kimi də dini maarifləndirmə ilə məşğul olmuşuq. partiyaya gəlməzdən əvvəl də İslam Partiyasının təəssübkeşi olmuşuq və tərfdarları sırasında olmuşuq. Daim xalqın ehtiyac duyduğu siyasi, maarif, əqidə sahəsində köməyimizi əsirgəməmişik. Elə götürək, son zamanlar aktual olan hicab məsləsində də yardımlarımız olub. Bunun nəticəsi olaraq da 1 il 6 ay həbs cəzası almışıq. Çalışmışıq cəmiyyətdə azad bəyan, azad düşüncə formalaşsın.
O ki qaldı, Ayətullah Nuri Həmədaninin Azərbaycana səfərinə, bunu son illər baş vermiş böyük hadisələrdən hesab edirəm. Təkcə ona diqqət etmək kifayətdir ki, səfərinin məqsədini Ayətullah Həmədani Azərbaycandakı müsəlmanları arasındakı birliyin məhkəmlənməsini kimi elan elədi. Və bu səfər iki dövlət arasındakı əlaqələrin möhkəmlənməsinin, xoş münasibətlərin göstəricisidir. 
 
Maide.az saytı: Bildiyimiz kimi bu günə kimi siz Azərbaycan Ruhanilər Məclisində də təmsil olunmusunuz. Bilmək istərdik ki, Ruhanilər Məclisindəki fəaliyyətiniz necə olacaq? Digər sualımız isə budur ki, sizin partiyaya gəlişinizdən sonra partiyanın şöbələrində, müavinlərində hansısa dəyişiklik varmı?
İlham Əliyev: Biz son 4-5 il ərzində Azərbaycan ruhaniləri birləşib, bir Məclis təşkil etmişik. Bura gəlməzdən əvvəl rəsmən Azərbaycan Ruhanilər Məclisinə müraciət etdik. Geniş müzakirədən sonra ARM-ın qərarı oldu ki, oradakı fəaliyyətimizi də saxlayaq və eyni halda İslam Partiyasında davam öz fəaliyyətimizi göstərək. Çünki bu iki qurumun hədəfləri vəhdət təşkil edir. Hər iki qurumun Azərbaycanın istiqlaliyyətində, xalqın milli-mənəvi dəyərlərinin  qorunmasında böyük xidmətləri olub və bundan sonra da olacaq.
Digər suala cavab olaraq isə deyə bilərəm ki, bir təşkilatda rəhbərlik dəyişdikdə, cüzi də olsa dəyişikliklər baş verir. Amma bu dəyişikliklər ixtisarlarla deyil, yeni cavan kadrların cəlb edilməsi ilə həyata keçiriləcək. 
 
İslaminsesi.org: Həbsdəki məhbusların azadlığı üçün hansı fəaliyyətləriniz olacaq?
İlham Əliyev: Zindanda olan məhbuslar haqq yolunda, din uğrunda məhkum olunublar. Onların azadlığa çıxması üçün Azərbaycan Respublikasının qanunları çərçivəsində əlimizdən gələni edəcəyik.

Google+ WhatsApp ok.ru