AŞPA missiyası bütün seçki iştirakçıları üçün bərabər şəraiti təmin etməyə çağırıb

AŞPA-nın seçkiqabağı missiyası sentyabrın 21-22-də Azərbaycana səfərin yekunlarına dair bəyanatla çıxış edib.
 
AŞPA nümayəndə heyəti Azərbaycan hakimiyyətinin açıq olmasını və bir çox beynəlxalq təşkilatları, o cümlədən ATƏT DTİHB-ni seçki prosesinin gedişatını müşahidə etməyə dəvət etməsini alqışlayır, deyə sənəddə bildirilir.
 
Azərbaycan rəhbərliyi və ATƏT DTİHB müşahidəçilərin sayı barədə razılıq əldə edə bilməyib, buna görə DTİHB monitorinqdən imtina edib.
 
“Missiyanın çox sayda müstəqil həmsöhbəti qeyd ediblər ki, əvvəlki parlament seçkiləri ilə müqayisədə irəliləyiş əldə edilib və ölkə təcrid edilməməlidir”.
 
Nümayəndə heyəti həmçinin MSK-nın indiyədək quruma heç bir şikayət daxil olmaması haqqında məlumatlarını qeyd edir.
 
Eyni zamanda parlamentə daxil olmayan müxalifət nümayəndələri, xüsusən imzaların toplanması zamanı, bütün namizədlər üçün bərabər imkanların təmin edilməsinin, inzibati resurslarıdan hakim partiyanın xeyrinə istifadənin qarşısının alınmasının vacibliyini qeyd ediblər.
 
Seçkiqabağı missiya bəzi böyük müxalifət partiyalarının seçkilərdə şansı artırmaq üçün siyasi ittifaq çərçivəsində əməkdaşlıq etməyi qərara alması faktını alqışlayır.
 
Həmçinin, çox sayda QHT nümayəndəsi, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalları ilə dəyirmi masa arxasında görüş zamanı həmsöhbətlər yekdilliklə “prosesdə irəliləyiş olması üçün” AŞPA-nın müşahidə missiyası göndərməsinin tərəfdarı olduqlarını bildiriblər.
 
Seçki Məcəlləsi dövlət televiziyasında və radiosunda bütün siyasi partiyalar üçün pulsuz efir vaxtı və dövlət tərəfindən maliyyələşdirilən çap KİV-də yer nəzərdə tutur. Bu mənada AŞPA nümayəndə heyəti bütün iştirakçılar üçün bərabər şəraitin təmin edilməsi və seçki prosesinin tam şəffaflığı məqsədilə fikri ifadə azadlığının və KİV azadlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır.
 
“Azərbaycan hakimiyyət nümayəndələri nümayəndə heyətini inandırıblar ki, seçki prosesinin şəffaflığına zəmanət vermək üçün, o cümlədən səsvermə proseduru və səslərin hesablanması zamanı bütün zəruri tədbirlər görüləcək”.
 
Nümayəndə heyəti Azərbaycan parlamentinin spikeri, xarici işlər naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament qruplarının və parlamentdə təmsil olunmuş partiyaların rəhbərləri və nümayəndələri, habelə parlamentə daxil olmayan müxalifət, MSK rəhbərliyi, diplomatik korpus nümayəndələri, vətəndaş cəmiyyəti və KİV-lə görüşlər keçirib.
 
İspaniyalı deputat Hordi Huqlun başçılıq etdiyi nümayəndə heyətinə Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (“keçmiş Yuqoslaviya Respublikası Makedoniya”), Egemen Bağış (Türkiyə) və AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Aqustin Konde daxil idi.

Google+ WhatsApp ok.ru