AİP həbs edilmiş gənclə bağlı bəyanat verib

AİP həbs edilmiş gənclə bağlı bəyanat verib

-- Şamxal Eyvazova qarşı irəli sürülən...

Azərbaycan İslam Partiyası vətəndaşlara, xüsusilə sonuncu dəfə narkotik ittihami ilə həbs edilən, İranda dini təhsil alan Şamxal Eyvazova qarşı irəli sürülən saxta və qərəzli ittihamlarla bağlı bəyanatla çıxış edib.
 
Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, AİP Mətbuat Xidmətinin yaydığı etiraz bəyanatında deyilir:
 
“Azərbaycanın hüquq mühafizə orqanları və rəhbərlərinin fəaliyyət xətti ölkəmizin beynəlxalq aləmdə hüquqi dövlətçilik baxımından və insan haqlarının qorunması kimi vətəndaşların konstitusion hüquqlarının müdafiəsi səviyyəsinin vəziyyətini göstərən mühüm amillərdəndir. İnsanların sosial-mənəvi həyatlarını, talelərini necə gəldi həll etmək, onların azad və asudə yaşam tərzlərini riskə qoymaq cəmiyyətdə bir ümidsizlik sindromu kimi qiymətləndirilir ki, bu da sonda hakimiyyət-sadə vətəndaş etimadsızlığı, inamsızlığı yaratmağa gətirib çıxarır. Baş verənlərdən anlaşılmazlıqlar və ciddi narahatlıqlar yaradan faktorlar göstərir ki, bəzən qeyri-qanuni və ya qeyri-adekvat tədbirlərin, xüsusən saxta ittihamlarla həbslərin və vətəndaşların fərqinə varmadan, necə gəldi ittiham olunmaları ya xüsusi sifarişlərlə həyata keçirilir, ya da həmin orqanların fəaliyyətinə ciddi nəzarət olunmur.
 
Belə həbslərdən biri də bir neçə gün bundan öncə Azərbaycan vətəndaşı Şamxal Eyvazova qarşı həyata keçirilmişdir. Stereotip yanaşma olaraq, xüsusən gənc insanlara qarşı həbs ittihamı kimi narkotik vasitələrlə günahlandırılaraq cəmiyyətdən təcrid olunmaları nəinki cəmiyyət tərəfindən qəbul edilmir, ortada bir qərəzin, bu həbsə məqsədli yanaşmanın işartılarını göstərir. Qərəzli münasibətin digər göstəricisi kimi məhz dini təhsil alan və bu cameədə fəaliyyət göstərən insanlara qarşı aparılan total həbslərdir.
 
Bizə bəlli olan digər məlumatlara görə Ş. Eyvazov heç bir siyasi əqidə daşıyıcısı deyil. Və o, kamil, əxlaqlı insan kimi narkotik vasitələrdən uzaq bir şəxsdir. Hesab edirik ki, belə həbslər qonşu dövlətlərlə münasibətlərə ciddi xələl gətirə və qarşılıqlı etimadsızlıq sindromlarının yaranmasına, gənclərin müqəddəs İslam dinindən məcburi şəkildə uzaqlaşdırılmasına hesablana bilən təhlükəli yanaşmadır. Azərbaycan İslam Partiyası bir daha bəyan edir ki, xalqımızın böyük və zəngin tarixi keçmişə malik İslam dini ənənələrinə qarşı, müqəddəs dinimizin fundamental dəyərlərinin daşıyıcısı olan ruhani alimlərimiz haqqında anlaşılmayan neqativ düşüncə çalarları cəmiyyəti uçuruma aparan ekstremist təkfirçi-terrora meylli qrupların təsiri altına salmağa yönələn addım kimi qiymətləndirilməlidir. Biz bu halın təzahürlərini yaxın keçmiş təcrübədən gördük. Digər mühüm bir amil isə qərb ölkələrinin ayrı-ayrı qurumları Azərbaycanda insan haqlarının total pozulması hallarını tirajlamaqla ölkəmizin imicinə istər ciddi zərər vurmaq üçün, istərsə də Qarabağ kimi problemin həllində ermənilərin maraqlarına cavab verən nüansların qabardılmasında, eyni zamanda ölkəmizi qütbün müxtəlif maraqlarının təmin olunmasına məhkum etməkdə yararlanırlar. Ümid edirik ki, sağlam düşüncə bu cür amillərin aradan qaldırılmasında, həmçinin, əvvəlki qanunsuz həbs olunanlarla yanaşı, son dəfə həbsə məhkum edilmiş Şamxal Eyvazovun da azadlıq hüquqlarının təmin olunmasında sözünü deyəcək.
 
Azərbaycan İslam Partiyasının Mətbuat Xidməti
 
30.04.2018
 

Google+ WhatsApp ok.ru